PDF Oxu

Siyasət

  • 2 990

Rusiyalı ekspert: Ermənilər Azərbaycana qayıtmaq istəyirsə, onda azərbaycanlılar da Ermənistana qayıtmalıdır – MÜSAHİBƏ

image

Hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Azərbaycanın Xankəndində parad keçirməyə mənəvi haqqının olması barədə danışıb. Korotçenko regionda gedən prosesləri və baş verən hadisələri də şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Müxtəlif ölkələrin mətbuatında, sosial şəbəkələrdə Azərbaycanın İkinci Qarabağ Müharibəsində Qələbənin 3-cü ildönümü günündə Xankəndində keçirdiyi hərbi parad diqqət mərkəzindədir. Amma Azərbaycanın buna mənəvi haqqı olmadığını deyən tənqidçilər də var...

- Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində ona lazım olan istənilən fəaliyyəti həyata keçirmək üçün tam möhkəmlənmiş konkret hüquqi və mənəvi əsası var. Xankəndində paradın keçirilməsi Azərbaycan hakimiyyətinin suveren qərarıdır və bununla bağlı hər hansı mənfi qiymətləndirmə və ya bəyanatlar siyasi əhəmiyyət kəsb etmir.

Və kimsə Bakıya qarşı mənəviyyat dərsi verməyə çalışırsa və ya hər hansı iddia irəli sürürsə, qoy ilk olaraq Azərbaycan ərazilərini işğal edən, azərbaycanlıları zorla, sözün əsl mənasında vəhşicəsinə öz ərazilərindən çıxaran, saxta deyil, real etnik cinayətlər həyata keçirmiş işğalçı Ermənistana iddialar irəli sürsünlər. Azərbaycan torpaqlarının işğalı zamanı azərbaycanlıların təmizlənməsi onları yandırılmış səhraya çevirmiş, mədəni, tarixi və dini abidələri yerlə-yeksan etmişdir.

Mən öz gözlərimlə gördüm ki, Füzuli, Şuşa və Azərbaycanın digər şəhər və qəsəbələri nələrə çevrilib. Bunlar, əslində atom bombasının nəticələrinə bənzəyən mənzərələr idi. Deməli, mənəviyyat dərsi Bakı üçün yox, erməni separatçılarına və Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistana bütün bu onilliklər ərzində dəstək verənlər üçün vacibdir.

Biz Azərbaycan xalqına qarşı 1980-ci illərin sonlarında həyata keçirilməyə başlanan soyqırım aktlarını, azərbaycanlıların kütləvi surətdə qovulmasını, qırğınları xatırlamalıyıq. Bu, həm Qarabağda, həm də onların Ermənistanda yaşadıqları yerlərdə baş verib. Biz Xocalı soyqırımını çox yaxşı xatırlayırıq, bu, erməni hərbi cinayətkarları, eləcə də Yaxın Şərq ölkələrindən, Avropadan, Birləşmiş Ştatlardan regiona gələn etnik erməni yaraqlıları tərəfindən törədilmiş kütləvi vəhşilik, insanlığa qarşı cinayət idi. Bunu heç kim unutmamalıdır. Bu cinayətlər də qanuni hökm tələb edir. Aydındır ki, erməni işğalçılarının həyata keçirdikləri əməllərin qiymətləndirilməsi, işğalın nəticələrinin qiymətləndirilməsi Azərbaycan tərəfindən həbs edilən konkret şəxslərin- erməni separatçılarının rəhbərlərinin və yüksək rütbəli terrorçuların mühakiməsindən daha geniş olacaq. Milyonlarla insanın- təkcə azərbaycanlıların deyil, ermənilərin də böyük əzablarına səbəb olan millətçi erməni “Miatsum” layihəsinə tarixi qiymət veriləcək.

Erməni millətçilərinin Azərbaycan xalqına etdikləri hər şeydən sonra Azərbaycan hakimiyyəti indi nə edib? Onlar Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini təmin etməyə, onlara digər Azərbaycan vətəndaşları ilə bərabər hüquqlar verməyə hazır olduqlarını bəyan ediblər. Nəticədə, vurğulamaq istəyirəm ki, Qarabağın erməni əhalisi Azərbaycan tərəfinin heç bir məcburiyyəti olmadan öz gələcəklərini Azərbaycan dövləti çərçivəsindən kənarda axtarmaq üçün bölgəni tərk etdilər. Bu, onların öz seçimi idi, baxmayaraq ki, biz bilirik ki, müəyyən erməni maraqları onları “qorxulu Azərbaycan” və bəzi uydurma hekayələrlə qorxutmağa çalışırdı.

Qeyd edim ki, Qarabağın erməni əhalisi ərazini tərk etdikdən sonra da rəsmi Bakı geri qayıtmaq istəyənlərə zəng vurur və çağırır.

“Dəhşətli Azərbaycan tərəfindən Qarabağdan qovulmuş yazıq ermənilər”lə bağlı müxtəlif ölkələrdə hansısa qüvvələrin irəli sürdüyü tezis heç bir nəticə verməyəcək. Bu, tamamilə qanunsuzdur. Və bunu təbliğ edən o ölkələrin və ya şəxslərin, qüvvələrin bunda öz siyasi, milli və ya digər maraqları var. Azərbaycana təzyiq heç bir nəticə verməyəcək.

Aydındır ki, ABŞ, Fransa və Avropa İttifaqı prinsipcə Azərbaycanın güclü olmasını istəməzdi. Amma bu onların problemidir.

Azərbaycan Prezidenti İlham Əliyevin MDB üzvü olan ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin oktyabrda Bakıda keçirilən müşavirəsində vurğuladığı kimi, Azərbaycan üçün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı daxili təhlükəsizlik problemləri tamamilə həll edilib və bağlanıb. Ona görə də kimlərinsə təzyiq göstərməsi və guya “qovulan ermənilər” mövzusunu gündəmə gətirmək cəhdləri siyasi baxımdan əhəmiyyətsizdir.

Eyni zamanda, bu, mənim ekspert nöqteyi-nəzərimdir, erməni əhalisinin müvafiq yoxlama tədbirləri görüldükdən sonra Qarabağa qayıtması məsələsini əlaqələndirmək məntiqlidir və praktikdir (bunlar hörmətli mülki şəxslər ola bilər, nəinki yeni təxribatlar üçün qayıtmağa çalışan maskalanmış silahlılar). Bu, Azərbaycan əhalisinin Ermənistana qaytarılması prosesi ilə paralel gedə bilər. Fikrimcə, ermənilərin Qarabağa qayıtması məsələsi İrəvan və ya Ermənistanın maraqlarını xüsusilə önə çəkən dövlətlərdən biri - Fransa, ABŞ, Avropa İttifaqı tərəfindən qaldırılarsa, onda bu iki məsələ bir paketdə olmalıdır.

44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan ordusu üçün müstəsna hərbi uğur idi. Bildiyimiz kimi, 9-10 noyabr 2020-ci il tarixlərində Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən Ermənistan ordusunun hissələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutan üçtərəfli bəyanat imzalanmasına baxmayaraq, Ermənistan tərəfi bu bəndi kobud şəkildə pozub. Beləliklə, bütün bu 3 il ərzində Qarabağda olmuş bu birləşmələri bir növ terror nüvəsi adlandırmaq, üstəlik, demilitarizasiya əvəzinə, ardıcıl olaraq silahlarla doldurulmuş bir terror nüvəsi adlandırmaq mübaliğə olmaz. Bu birləşmələr vaxtaşırı Azərbaycan ərazisində təxribatlar həyata keçirib, bu da digərləri ilə yanaşı, mülki əhalinin və hərbçilərin ölümünə səbəb olub. Bundan başqa, erməni tərəfi talançı mədən hasilatı və Qarabağdan qiymətli metalların ixracı ilə məşğul olub. Bütün bunlar birlikdə Azərbaycanın titanik səbrinə və danışıqlar masası arxasında qalan məsələləri diplomatiya yolu ilə həll etmək cəhdlərinə baxmayaraq, ardıcıl olaraq regionda vəziyyəti gərginləşdirib.

Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin və mülki şəxslərinin ölümünə səbəb olan növbəti təxribatından sonra Azərbaycan bu ilin sentyabr ayında Qarabağda bir sutkalıq antiterror tədbirləri həyata keçirib.

Yaxın tarixdə müəyyən münaqişələrə nəzər salsaq, Azərbaycandan başqa heç bir ölkə belə uğurlu və səmərəli hərbi əməliyyatlar nümayiş etdirməyib. Bu, hamının etiraf etdiyi reallıqdır. Bunlar müasir hərbi sənətin görkəmli nailiyyətləridir. Azərbaycanın istər İkinci Qarabağ müharibəsində, istərsə də antiterror tədbirləri zamanı həyata keçirdiyi əməliyyatlar bu gün başqa ölkələrin hərbi inkişaf təcrübəsində öyrənilməsi, dərk edilməsi və həyata keçirilməsi məsələsidir. Azərbaycanın bu əməliyyatları müasir tarixdə görünməmiş əməliyyatlardır.

Odur ki, bütün yuxarıda deyilənləri ümumiləşdirsək, Xankəndində keçirilən hərbi parad uzun sürən qanlı münaqişəyə son qoyan Azərbaycanın təbii qələbəsinin təntənəsidir. Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa edib. Və bu əbədidir. Qarabağ Azərbaycandır.

Bundan başqa, Xankəndində keçirilən hərbi parad Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş və ya erməni işğalçılarına dəstək verən hər kəsə növbəti təsdiq və mesajdır ki, bu məsələ artıq geridə qalıb və dönməz şəkildə başa çatıb.

- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini nə gözləyir?

- Qərb çoxdan özünü vasitəçi kimi nüfuzdan salıb. Və mənim fikrimcə, Azərbaycan Qarabağı qəti şəkildə qaytardıqdan sonra artıq vasitəçi olmayacaq. İndi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tənzimlənməsi və imzalanması mövzusu sırf və yalnız ikitərəfli münasibətlərə aiddir. Qarabağ mövzusu həmişəlik bağlıdır. Bölgəyə yeni reallıq gəlib. Sülh müqaviləsi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 prinsip əsasında imzalanmalıdır. Ermənistan istəyirsə, kimsə onu qucağında gəzdirsin və ya danışıqlar zamanı kiminsə qucağında oturmaq istəyirsə, qoy olsun. Amma bu, yalnız Ermənistan rəhbərliyini nüfuzdan salacaq.

- Son aylar Rusiya mütəmadi olaraq Qərbin Rusiyanı MDB ölkələrinə qarşı sıxışdırmaq cəhdləri mövzusunu gündəmə gətirir. Rusiya prezidenti Vladimir Putin MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən görüşü ilə bağlı videomüraciətində Birlik dövlətlərində legitim hakimiyyəti sarsıtmaq cəhdlərinə diqqət çəkib. Təhlükəsizlik Şurasının katibi Patruşev isə Qərbin Cənubi Qafqazdakı vəziyyətə təsir etmək cəhdlərini bir daha xatırladıb...

- Vəziyyəti gərginləşdirmək və silkələmək cəhdləri davam edir. Bu barədə FSB-nin direktoru Aleksandr Bortnikov Bakıda MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərlərinin iclasında çıxış edərkən danışıb. Vladimir Putin bunu bir daha daha konsentrasiyalı, daha geniş miqyasda səsləndirdi. Qərbin MDB-yə zərbə vurmaq, Mərkəzi Asiyanı, Qafqazı, Xəzər regionunu “partlatmaq” cəhdi var- bu, dünyaya hakim olmaq istəyən qüvvələrin məqsədlərindən biridir. Bizim ümumi vəzifəmiz belə cəhdlərə qarşı durmaq və onların uğursuz olması üçün hər şeyi etməkdir. Bu, bizim milli təhlükəsizliyimizlə bağlı məsələdir. Prezident İlham Əliyev oktyabrda Bakıda MDB ölkələrinin təhlükəsizlik orqanlarının rəhbərlərini qəbul edərkən deyib ki, ilk növbədə, operativ məlumat mübadiləsi zəruridir, çünki bu, müəyyən təhlükələrin müəyyən edilməsinin əsasını təşkil edir və onlara qarşı əlavə tədbirlər görülməlidir.

Rusiya prezidenti də eyni mesajı verib. Biz ümumi təhdidlərə və təhlükəsizlik çağırışlarına qarşı səmərəli şəkildə birlikdə çalışacağıq. Bu mövzu aktual idi, aktualdır və olacaq.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi bu görüş üçün Moskvaya getmədi. Təhlükəsizlik şuralarının katibləri Qərbin Birlik məkanına təsir cəhdlərini müzakirə edərkən o, İrəvanda ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsi üzrə nümayəndəsi ilə görüşüb.

- O, ona görə getmədi ki, onun Azərbaycanın Qələbə Günündə Moskvaya gəlişi erməni ictimai rəyi tərəfindən birmənalı qarşılanmayacaqdı.

Bundan başqa, Moskvaya MDB iclasına getməkdən imtina Ermənistanın getdikcə daha çox Rusiyadan uzaqlaşaraq, Qərbə doğru getdiyinə işarədir. Bu, onların seçimidir, hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Hər halda, Ermənistan öz ayağına atəş açmaq istəsə, biz onu bu intihar cəhdlərindən saxlaya bilmərik. Bu onun seçimidir, nəticələrinə görə müstəqil şəkildə cavabdeh olacaq. Və Allah xatirinə, Ermənistan hakimiyyətinin MDB formatında görüşlər əvəzinə amerikalıları qəbul edib onlarla məsələləri müzakirə etməyi seçməsi faktını qəbul etdim. Hər kəsi qəbul edə bilərlər. Bu artıq heç nəyə təsir etmir. Rusiya kimin müttəfiq, tərəfdaş, kimin düşmən və ya pis niyyətli olduğunu aydın şəkildə dərk edir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər