Siyasət

  • 2 251

Səs salma...

image

Aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün məqsədi ictimaiyyətə səsin insan həyatındakı rolu və əhəmiyyəti, səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.

İnsanın səsini eşidərək yaşı, cinsi, emosional vəziyyəti, xarakteri haqqında ilkin məlumat yaranır. Bu baxımdan səsi insanın vizit kartı da adlandırırlar. Elə bu kəlmələrdən yola çıxaraq yersiz, bir-birimizin istirahətini pozan, bəzən əsəbləri ilə oynayan, bəzən də dəli olmaq həddinə gətirən səslərdən söhbət açmaq istədim. Hələ öz səsimiz bir yana, bizə məxsus əşya, telefon və avtomobilləri çıxarmağa məcbur etdiyimiz səslərdən, bütün bunların isə kənardakılara təsirindən danışmaq istədim.

Deyirlər, bir insanın səsi digərini valeh edə, qıcıqlandıra və yaxud da sakitləşdirə bilər. Bizi kimin səsi valeh edə bilir. Əlbəttə ki, sevdiyimiz insanların. Məsələn, ana səsi məlhəm kimi gəlir bizə, ata səsi doğmadan doğma. Bacı-qardaşımızın səsi hər an eşitmək istədiyimiz səsdir. Sevdiyimiz insanın səsi isə ən sevdiyimiz səsdir. Qohumların səsi də bizim üçün əzizdir. Qonşuların, sinif, tələbə, iş yoldaşlarımızın, dost və rəfiqələrimizin səsi hər zaman eşitməyə ehtiyac duyduğumuz səslərdir.

Lakin bütün bu səslər o zaman daha sevimli olur ki, o, mehribancasına, sakitcə səslənir. Hətta ən sevdiyimiz səs olan ana səsi bizi oxşayanda, əzizləyəndə daha sevimli olur, nəinki səhvimizi üzümüzə çırpanda, hirslə nə isə söyləyəndə. Atamızın səsi nə qədər doğma olsa da, bizə hirslənəndə sanki bir az başqalaşır. Eləcə də bacı-qardaşımızın, biz o səsləri mehriban olanda sevirik, dalaşanda deyil.

Dost və rəfiqələrimiz bizə qarşı etibarlı olanda səslərindəki məlahət bir gün etibarsızlıq, nankorluq edərkən eşitdiyimiz səslərdən çox fərqlidir. Ən yaxın qonşumuzun səsi nə qədər doğmadırsa, evində uşağına çığırması, boş yerə səs-küy salması ilə divarı aşıb gələn səsdən dəfələrlə fərqlidir... Elə bunlara görə də zamanla eşitmək istəmədiyimiz səslər yaranır.

Küçədə, yolda, metroda, istənilən ictimai yerdə isə kimin səsinin yanındakı üçün nə dərəcə xoş olmasından asılı olmayaraq, ətrafdakı hər kəsə xoş gələn tərzdə səslənməsi vacib şərtlərdən biridir. Çünki ucadan danışan heç kim kənardakı insanlara yaxşı təsir bağışlaya bilməz. Küçədə özünü apara bilməyən bəzi gənclərin çıxardığı səs özündən dəfələrlə böyük, qayğısı olan yaşlı adamlara xoş gəlməyə bilər. İctimai nəqliyyatda bir-biri ilə dalaşan ər-arvadın səsi heç kim tərəfindən xoş qarşılana bilməz. Və yaxud da küçə boyu bir dəstə qızın ucadan söhbəti və gülüşü ətrafdan müsbət reaksiyaya səbəb ola bilməz.

Odur ki, bizə Allah-təalanın özümüzü ifadə etmək üçün verdiyi səsin həm qədrini, həm də dəyərini bilək. Unutmayaq ki, səsimiz bizim vizit kartımızdır. Kimliyimizi, mədəniyyətimizi ətrafa nümayiş etdirən vasitədir.

Ən əsaslardan biri də odur ki, tək öz səsimizi deyil, eyni zamanda bizə məxsus əşyaların da səsinə biz cavabdehik. Məsələn, küçədə əlini maşının siqnalına qoyub çəkməyən, bu səsi insanların beyninə işlədən, əsəblərini tar-mar edən insan necə mədəni ola bilər? Bağlı pəncərələrdən keçib, iş otaqlarında əsəblərimizə sitəm çəkən bu səs sahibinin elə öz səsi deyilmi?

Küçədə telefonunun səsini qaldırıb musiqi dinləyən bir insan necə, mədəni hesab oluna bilərmi? Axı əşyasından çıxan səsi o idarə edir. Bu, necə, onun öz səsi deyilmi?

Sakit bir məkanda-telefonda oyun oynayaraq ətrafa gurultulu səs yayan adam necə, bu səs onun özünə məxsus deyilmi?

Beləliklə, bu qənaətə gəlmək olur ki, biz öz səsimizin sahibi olduğumuz kimi, əşyalarımızdan çıxan səslərin də sahibiyik. Bizə məxsus olduğu üçün əşyalarımıza nəzarət də bizə məxsusdur. Odur ki, həm öz, həm də əşyalarımızın səsinə nəzarət edək. Yerli-yersiz səslərin hər biri insana fərqli təsir edir. Biz yerində olan səsləri seçək. Seçək ki, kimsə bizə “səs salma” deməsin. Bunu eşitmək insan övladına layiq hal deyil...

Mətanət Məmmədova

Digər xəbərlər