Siyasət

  • 1 159

Su ehtiyatlarından səmərəli istifadəyə önəmli töhfə - ŞƏRH

image

Regionun ən dinamik inkişaf edən dövləti olan Azərbaycanda son illər əzində nəhəng sənaye, əsas infrastruktur layihələri icra edilir. Respublikamızın regionlarında infrastrukturun inkişafı xüsusilə diqqətdə saxlanılır. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.

Son zamanlar müşahidə olunan qlobal iqlim dəyişilmələri, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, suya tələbatın artması ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün ardıcıl tədbirlərin görülməsini zəruri etmişdir. Ölkədə müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması istiqamətində ardıcıl işlər aparılmışdır.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük torpaq məcralı kanalı olan Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Uzun illər boyu fəaliyyətdən sonra kanalın böyük hissəsi sıradan çıxmışdır. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, mövcud təsərrüfatların su təminatı məsələlərinin səmərəli şəkildə həllinin təmin edilməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün öncə aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı bildirib ki, kanal faktiki olaraq yenidən inşa ediləcək, minlərlə insan bu layihədən faydalanacaq, 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq, əkin sahələri isə iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, Hacıqabul gölü olacaq. Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.

Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək. Artıq gələn ildən 115 min hektarı və 9 rayonu əhatə edəcək Qarabağ kanalının inşasına başlanacaq.

Ölkə başçımız öz çıxışında qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması, su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, ölkənin qazlaşdırılma səviyyəsi, elektrik enerjisi ilə təminat, yeni elektrik stansiyalarının yaradılması, müasir yolların salınması istiqamətində görülən işlərlə bağlı fikirlərini bölüşərək əlavə edib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaqdır.

Cənab Prezident bildirib ki, vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı deyil, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz artıq öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Yaxın gələcəkdə isə Füzuli rayonundakı Köndələnçay su anbarının açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Yenidən qurulmuş Suqovuşan su anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikincisi də təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur.

Ölkə başçısı çıxışında vurğulayıb ki, Azərbaycan dövləti öz gücünə, öz imkanlarına arxalanan güclü dövlətdir. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda dünyada misli-bərabəri olmayan genişmiqyaslı işlər görülür. Ən müasir texnologiyaların tətbiqi nəticəsində orada taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsindən bəhs edən Prezident İlham Əliyev bildirib ki, bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək. Dövlət başçımız Azərbaycanda suvarılan əkin sahələrinin həcminin o qədər də böyük olmadığını və bu layihələrin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC

üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər