Siyasət

  • 1 274

Şuşa şəhəri ilə bağlı növbəti mühüm SƏRƏNCAM - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı Sərəncamı dünya gənclərini bir araya gətirəcək

Prezident İlham Əliyev aprelin 17-də "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırıldı.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının ötən il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Gənclər paytaxtı 2024" Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Həmin iclasda İƏT Gənclər Forumunun həyata keçirdiyi "Gənclər paytaxtı 2024" beynəlxalq proqramının seçim komissiyasının üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

Bu layihənin əsas məqsədi dünya gənclərini bir araya gətirməkdir. İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtında - Şuşada bu il təşkil ediləcək tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdən gənclər gələcək. Onlar bu tarixi şəhərin dastanlara sığmayan azad olunması, həmyaşıdları olan qəhrəman Azərbaycan oğullarının yenilməzliyi, cəsurluğu barədə geniş məlumat alacaqlar. Öyrənəcəklər ki, Qarabağın incisi Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin otuz ilə yaxın davam edən işğalından azad edilməsi Azərbaycan tarixinin heç zaman yaddan çıxmayacaq qəhrəmanlıq səhifələrindəndir. Bu böyük Zəfərin qazanılmasında şəhərin azadlığı uğrunda şücaət göstərmiş gənclərimizin rolu misilsizdir.

Qeyd edək ki, bu il Şuşa islam dünyasının həm gənclər, həm də mədəniyyət paytaxtıdır. Belə ki, islam dünyasının mədəniyyət paytaxtı adına namizədliyinin irəli sürülməsi məqsədilə Şuşada olmuş ICESCO-nun müvafiq missiyası tərəfindən şəhərdə həyata keçirilən quruculuq işləri yüksək dəyərləndirildi. Ötən il sentyabrın 25-də Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Qarabağın incisi Şuşa şəhərinin - 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan olunmasına yekdil qərar verildi.

Prezident İlham Əliyev keçən il noyabrın 21-də imzaladığı Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamında bildirilir ki, bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub, islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və islam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

Düz 32 il əvvəl, 1992-ci ilin may ayında müstəqilliyimizin ağır günlər, hakimiyyət uğrunda çəkişmələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək planlarını həyata keçirə bilməsi üçün əlverişli zəmin yaratdı və Şuşa, Laçın işğal olundu. AXC-Müsavat cütlüyü siyasi hakimiyyətə gəlmək üçün milli xəyanətə qol qoydu. Ancaq bu gün - 32 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub.

ŞUŞANIN İŞĞALDAN AZAD EDİLMƏSİ ZƏFƏR GÜNÜ KİMİ TARİXƏ YAZILDI VƏ AZƏRBAYCANIN MƏDƏNİYYƏT PAYTAXTI ELAN EDİLDİ

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar. Və Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.

“Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu”. Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib.“Şuşa İli” ilə imzalanan Sərənsamda deyildiyi kimi, Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. 1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən işğal olunan Şuşa 29 ildən sonra – noyabrın 8 -də Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə Şuşanı doğmalarına, doğmalarını da Şuşaya qovuşdurdu. Bununla da Azərbaycan siyasi, hərbi və mənəvi qələbəsini qazandı, həm də müharibənin və münaqişənin taleyinə ciddi təsir göstərdi, Şuşa azad edilən anda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.Bu gün Şuşa şəhərinin də sürətli bərpasına başlanılıb. Bərpa işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Prezident İlham Əliyev bu məsələni şəxsi nəzarətində saxlayır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Artıq işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi istiqamətində möhtəşəm işlər görülür. Onu da qeyd edim ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı xalqına, torpağına, Vətəninə olan sonsuz sevgisinin təcəssümü, Azərbaycanın hərb meydanı ilə yanaşı, diplomatiya müstəvisində də qələbəsinin təsdiqi və dünyaya təqdimatı, Zəfərimizin tarixi təntənəsidir. Ən əsası isə, Şuşanın tarixi kimliyini bir daha özünə qaytarılması, “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunun u gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırılmasıdır. Bu “Dəmir yumruq” gücündən – Qarabağımızın, Şuşamızın dirçəlişinin reallaşdırılmasıdır. Bu, Qarabağın əsl sahibinin kim olduğunu dünyaya daha geniş şəkildə təqdim edilməsidir. Bu...

QALİB LİDERİN QƏTİYYƏTİNİN VƏ UZAQGÖRƏNLİYİNİN, "ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!" SÖZÜ İLƏ ƏMƏLİNİ ÜST-ÜSTƏ DÜŞMƏSİNİN REALLIĞIDIR

Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 20 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır.

Bir sözlə, 2022-ci ilin Şuşa ili, Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Prezident İlham Əliyevin “Şuşa ili” çağrışı qədim Şuşa şəhərinin işğaldan azad edildikdən sonra milli memarlıq ənənələri əsasında yenidən bərpa edilməsinə geniş meydan açacaqdır. Çünki Şuşa Azərbaycan üçün, sadəcə, bir şəhər deyil, xalqımızın maddi-mənəvi dəyərlərini özündə əks etdirən rəmz, əziz məkanıdır. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abadlaşdırılması diqqət mərkəzində saxlanıldı. Yolların, tarixi abidələrin bərpasına, şəhərin su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi. Bu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə dəfələrlə etdikləri səfərlər zamanı bir daha öz təsdiqini tapdı. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Qısa müddətdə Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, Şuşa şəhərinin regionun diplomatiya mərkəzinə çevrilməsi bir daha göstərdi ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Beləliklə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Şuşada beynəlxalq əhəmiyyətli toplantıların, xüsusi iclasların keçirilməsi böyük siyasi və rəmzi məna daşıyır. Ən əsası ona görə ki, Şuşaya səfər edən xarici diplomatlar, beyin mərkəzləri, dövlət xadimləri Füzuli Hava Limanına endikdən sonra "Zəfər yolu" ilə irəliləyib erməni vandalizminə və Azərbaycanın öz qüdrətinə bu torpaqlarda apardığı yenidənqurma işlərinə şahidlik edirlər. Bu da Prezident İlham Əliyevin yaratdığı yeni reallıqların dünyaya yayılması üçün mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.

Bir sözlə, bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, qarşıdan gələn dövr ərzində beynəlxalq münasibətlərin, mühüm məsələlərin müzakirə olunduğu siyasi-diplomatik mərkəz rolunda çıxış edir. Həmçinin, belə bir qısa vaxtda dünyada analoqu olmayan layihəlşərin gerçəkləşdirilməsi Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Beləliklə, hər gün yeniləşən, gözəlləşən, möhtəşəm beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə evsahibliyi edən Şuşa şəhərini bu il - “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçirməsi ilində də unudulmaz günlər gözləyir...

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər