Siyasət

  • 1 067

Azərbaycan üçün Yaşıl Baxış TƏHLİL

image

Prezident İlham Əliyev: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin"

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. "Bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür". Bu fikri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.

"AZƏRBAYCANIN COP29-A SƏDRLİYİNƏ HƏM DƏ ƏN TƏXİRƏSALINMAZ MƏSƏLƏLƏRİN HƏLLİNƏ QLOBAL ALƏMDƏ TÖHFƏ VERMƏK FÜRSƏTİ KİMİ BAXIRIQ"

Cənab Prezident qeyd edib ki, COP29-a biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın COP29-a sədrliyinə həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxır.Təbii ki, beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan və böyük təcrübəyə sahib Azərbaycan dövləti toplantıların yüksək səviyyədə keçirilməklə göstərilən etimad və inamı yüksək səviyyədə dorğuldur. Heç şübhəsiz ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-a da Azərbaycan uğurla ev sahibliyi edəcəkdir. Vurğulayaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

"İQLİM DƏYİŞİKLİKLƏRİ MƏSƏLƏLƏRİNİN HƏLLİ BAXIMINDAN BİZ HƏQİQƏTƏN İSTƏRDİK Kİ, COP29 UĞURLA KEÇSİN"

Bildiymiz kimi, COP-28-in gündəliyinə böyük maraq var idi. Buna görə də belə bir tədbirin keçirilməsində ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Əlbəttə ki, bu tədbirin keçirilməsi çox məsuliyyətli proses olacaq. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır.
"İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin", – deyən Prezident eyni zamanda, bunun bizim fikirlərimizi söyləmək üçün fürsət olacağını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev forumda beynəlxalq ekspert, ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayzanın sualına cavabında bildirib: "Siz tam haqlısınız ki, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcəklər".
Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir inam və ehtiramın göstəricisidir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir.

"DÜNYA BUNDAN SONRA UZUN İLLƏR ƏRZİNDƏ HASİL EDİLƏN ENERJİ MƏNBƏLƏRİNƏ EHTİYAC DUYACAQ"

"Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı" – deyən Prezident bildirib. Dünyanın bunun üçün hazır olmadığını vurğulayan dövlətimizin başçısı bildirib: "Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Fikrimcə, əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir".
Bildiyimiz kimi, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır.

COP29-DAN ƏVVƏL AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA SAZİŞƏ NAİL OLMAQ, ƏN AZI BAZA PRİNSİPLƏRİ ÜZRƏ RAZILIĞA GƏLMƏK TAM REAL GÖRÜNÜR

Azərbaycan Prezidenti çıxışında COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmağın, ən azı baza prinsipləri üzrə razılığa gəlməyin tam real göründyüyünü diqqətə çatdırıb. Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. "Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə "ürəkdən çalışmalıdır", - deyə Prezident diqqətə çatdırıb.
Biz məsələnin sülh sazişinin imzalanmasına, həllinə heç vaxt olmadığı qədər yaxınıq, - deyən dövlətimizin başçısı bildirib ki, biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik.
Həmin vaxt hətta "Madrid Prinsipləri" üzrə razılığa gəlinmədiyini xatırladan dövlətimizin başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır", - deyə dövlətimizin başçısı əlavə edib.

"ÜÇ İLDƏN ÇOXDUR Kİ, ERMƏNİSTAN BU MÜDDƏANI, ƏSLİNDƏ, POZUR"

Zəngəzur dəhlizinə gəldikdə, isə Prezident qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur: "Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur".
İndi isə Ermənistanın həmin müddəanı aradan çıxarmaq istəyində olduqlarını vurğulayan Prezident bildirib ki, bu, mümkün deyil. "Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edicidir", - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, bu hadisənin önəmi, ondan ibarətdir ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur.
COP29 Azərbaycanda bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Belə ki, Avropa Oyunlarınında 5 min idmançı və onları müşayiət edən 3 minə yaxın qonaq ölkəmizə gəlmişdir. COP29-da isə gözləntilər daha çoxdur. On minlərlə xarici qonağın ölkəmizə gəlməsi gözlənilir.
Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərə olan sadiqliyinin daha bir ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər