Siyasət

  • 36 205

COP29-a aparan uğurlu yol

image

YAP-ın simasında hakim partiyaların öz dövlətlərinin ekologiya siyasətinə qazandırdıqları dayanıqlı inkişaf və nailiyyətlər

Bu il noyabrın 21-də yaranmasının 32-ci ildönümünün məhz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) keçirildiyi günlərə təsadüf etməsini, zənnimizcə, YAP-ın hakim siyasi partiya simasında iqlim dəyişikliyi ilə beynəlxalq mübarizəyə, qlobal ekoloji siyasətə və vətəndaş cəmiyyətinə bəxş etdiyi əvəzolunmaz nailiyyətlərə taleyin dəyərli mükafatı kimi qəbul etməliyik.

COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsini Partiyamızın sədri cənab Prezident İlham Əliyevin “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik” – deyə dəyərləndirməsi, bu düşüncələrimizi mötəbər səviyyədə təsdiqləyir.

Hakim siyasi partiyaların çoxsəviyyəli ekoloji idarəetmədə rolu

Sirr deyil ki, müasir qlobal cəmiyyətə xas olan dayanıqlı, innovativ inkişaf fonunda təkcə ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə bütün dünyanın gələcəyi ekoloji siyasətin həyata keçirilməsi mexanizmlərinin səmərəliliyi və effektivliyi ilə sıx bağlıdır. Bu xüsusda, ətraf mühitin idarə edilməsi problemlərinin, müasir dövlətlərin ekoloji siyasətinin məzmunu, müasir siyasi prosesdə onun formalaşması və həyata keçirilməsi mexanizmlərinin öyrənilməsi günbəgünöz aktuallağını daha vacib mövqeyə yüksəldir.

Müasir dünya dövlətlərinin ekoloji siyasəti bütövlükdə ətraf mühitə dair hər bir dövlətin özünəməxsus siyasətini özündə ehtiva edir. Yeri gəlmişkən qeyd edək ki, bu yanaşmanın müəllifi amerikalı politoloq Linton K.Koldueldir. Elmi terminologiyaya “ekoloji siyasət” terminini gətirən Kolduel, eyni zamanda Amerika Birləşmiş Ştatlarının“Milli Ətraf Mühit Siyasəti Aktı”nın müəlliflərindən biri kimi tanınır. Adıçəkilən Aktın bəzi müddəalarında dayanıqlı inkişaf ideyaları da yer alıb.

Dünyanın müxtəlif elmi mərkəzlərini təmsil edən alimlərin əksəriyyəti ekoloji siyasətin təhlilinə ilk növbədə iqtisadi nöqteyi-nəzərindən yanaşırlar. Beləliklə, ölkələrin ekoloji siyasətini sosial-iqtisadi siyasətlə, həmçinin səhiyyə iqtisadiyyatı ilə qarşılıqlı əlaqədə multidissiplinar tədqiqatlara cəlb edirlər.

Yeni Azərbaycan Partiyasının qlobal ekoloji siyasətə verdiyi töhfələr

1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında yaradılan Yeni Azərbaycan Partiyasının ilk sədri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində ölkəmizə rəhbərlik etdiyi dövr ətraf mühitin mühafizəsi sahəsində qəbul olunan 8 qanun, hökumət səviyyəsində təsdiq edilən 30-dan artıq qərarla tarixə yazılıb.

1993-cü ildə siyasi hakimiyyətə qayıdan partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməsi ilə Azərbaycanda hakim iqtidar partiyasına çevrilən YAP fəaliyyətinin ilk illərindən Ümummilli liderimizin simasında ekoloji tarazlığın qorunmasını prioritet məsələlərin ön sıralarına çəkərək ölkənin ekoloji siyasətinin təməlini qoydu.

1998-ci ildə hazırlanan “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” özündə ölkəmizin, hakim partiya olan YAP-ın ekoloji prioritetləri özündə ehtiva edirdi.

2000-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən təsdiqlənən “Birləşmiş Millətlər Təşkilatının “İqlim Dəyişmələri haqqında” Çərçivə Konvensiyasına dair” Kioto Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu” COP-29-a aparan yolun taleyüklü və yaddaqalan mühüm addımı oldu desək, yanılmarıq.
2003-cü ildə Heydər Əliyev tərəfindən təsdiq olunan “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqramları, Kompleks tədbirlər Planı təsdiq edilərək həyata keçirildi.Ölkəmizin dörd bir tərəfində yaşıllıq zonalarının salınması, mövcud su ehtiyatlarınınçirklənməsinin qarşısının alınması, ölkənin su təchizatının dirçəlişi və inkişaf etdirilməsi Ümummilli liderin ekoloji siyasətinin prioritet istiqamətlərindən oldu.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin sədrliyi ilə YAP hakim partiya kimi iqlim dəyişikliyi ilə mübarizədə, ekoloji siyasətdə uğurlar qazanmağa davam edir.Dövlət başçısının təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi,“Azərbaycan yaşıl dünya naminə” devizi altında beynəlxalq ekologiya sərgisinin keçirilməsi,əhalinin sağlamlığı məsələlərinin daim diqqətdə saxlanılması,ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması,yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlərin fasiləsiz davam etdirilməsi bu fikirlərimizi təsdiq edir.

2020-ci ilin yanvarında cənab İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında imzalanan niyyət protokolu ilə Azərbaycanda Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabının (İndustry 4.0) Regional Mərkəzinin yaradılmasıölkəmizdə müasir dünya elminin çağırışlarıvə tendensiyaları ilə səsləşən rəqəmsal, “yaşıl” iqtisadiyyatın və sənayenin, “yaşıl” səhiyyənin və tibbin qurulmasına, inkişaf etdirilməsinə, ekoloji siyasətin innovativləşməsinə mühüm təkan verir.

Ölkəmizi ekoloji siyasətdə COP29-a aparan növbəti uğurlu addım cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan etməsi, burada “ağıllı” şəhər (Smart City) və “ağıllı” kənd (Smart Village) konsepsiyasının tətbiqi barədə Sərəncamı oldu.

Danılmaz faktdır ki, YAPözünün sədr müavini, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın simasında da ekoloji siyasətdə mühüm nailiyyətlər qazanır.

Yaxın keçmişdə, daha dəqiq desək, 2022-ci ilinnoyabrında Türk Dövlətləri Təşkilatının Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşü çərçivəsində Qardaş Türkiyənin təşəbbüsü ilə hazırlanan“Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb. Bəyannaməni Azərbaycanın, Türkiyənin vəÖzbəkistanın birinci xanımları – Mehriban Əliyeva, Əminə Ərdoğan, Ziroatxon Mirziyoyeva, həmçinin Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar. Qeyd edək ki, dünyada sıfır tullantı yanaşmasını təbliğ edən bu Bəyannamə BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən də imzalanıb.

YAP-ın sədr müavini Mehriban Əliyevanın COP-a verdiyi töhfələr, onun tullantıların dayanıqlı idarə olunması, resursların səmərəliliyinin artırılması və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində intensiv diplomatiyası və ekoloji siyasəti hakim partiyanın ilk sədrinin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyəti ilə sıx bağlıdır.
2019-cu ildə – Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Prezidenti İlham Əliyevin Sərəncamı ilə elanolunmuş “Nəsimi ili”ndə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə respublikamızda 650 min ağac əkilib. BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi belə bir təşəbbüsü bütövlükdə dünyanın ekoloji sağlamlığına mühüm töhfə kimi dəyərləndirib.

Bu nailiyyətdən bir neçə il öncə – 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyi (IDEA) qlobal cəmiyyətin diqqətini ekoloji böhranın qarşısını almaq üçün qarşıya çıxan problemlərin həlli istiqamətində səfərbər edir.

2015-ci ilin dekabrında YAP-ın sədr müavini Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında iştirak ediblər. COP21 çərçivəsində keçirilən “Azkarbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda tədbirdə İDEA-nın rəhbəri Leyla Əliyevanın çıxışı böyük maraqla qarşılanıb.

COP21 çərçivəsində Leyla Əliyeva ilə BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi xanım Monik Barbut IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.

Leyla Əliyeva Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin 2014-cü ildə keçirilən Ümumdünya Parklar Konqresi çərçivəsində ekoloji siyasətin inkişaf etdirilməsi naminə mühüm görüşlər keçirib.Konqresin plenar sessiyasında çıxışı zamanı iqlim dəyişikliyi ilə mübarizədə qlobal cəmiyyəti maraqlandıran taleyüklü məsələlərə toxunub.
Leyla xanım Əliyevanın ətraf mühitin qorunması naminə göstərdiyi fəaliyyəti YAP-ın çoxminlik gənc üzvlərinin öz sədrlərinin – cənab Prezident İlham Əliyevin ekoloji siyasətinə sadiq olduqlarını bariz şəkildə göstərir.
Sadaladığımız faktlar COP29-a aparan yolda ölkəmizin qazandığı nailiyyətlərin, YAP-ın simasında qlobal siyasi arenada hakim partiyaların müasir ekoloji siyasətdə əldə etdiyi uğurların çox az hissəsidir.

COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi məqsədilə cənab Prezidentin müvafiq Sərəncamı əsasında yaradılan Təşkilat Komitəsi üzvlərinin əksəriyyətinin YAP-ın üzvləri olması, zənnimizcə, xüsusi qürurverici və fərəh doğuran amildir.

COP29-un “Yaşıl dünya naminə həmrəylik ili”ndəodlar yurdu Azərbaycanda keçirilməsi hakim partiya YAP-ın simasında ölkəmizin ekoloji siyasətinin həm milli, həm regional, həm də qlobal səviyyədə qazandığı uğurların əvəzolunmaz təzahürüdür.

Beləliklə, müasir dünyada dövlət siyasətinin xüsusiyyətləribütün sahələrdə, o cümlədən iqlim dəyişikliyi ilə mübarizədə elmi əsasının gücləndirilməsi zərurətinin şahidi oluruq. Yeni Azərbaycan Partiyasının bu istiqamətdə fəaliyyətini göz önündə canlandırdığımız zaman bir daha əmin oluruq ki effektiv, səmərəli ekoloji siyasətin formalaşdırılması və əsaslandırılması prosesi elmi biliklərə əsaslanmalıdır.Yalnız elmi biliklər səmərəli ekoloji siyasətin əsasına çevrilə bilər və mövcud problemlərin həllinin ən adekvat yollarını tapmağa imkan verəcəkdir.

Rəqəmsal texnologiyalar, biliklər iqtisadiyyatı, əşyaların interneti, süni intellekt əsrində fəaliyyət göstərən hakim partiyalar ekoloji idarəçilikdə və iqlim dəyişikliyi ilə mübarizədə aparıcı mövqe tutan siyasi institutlar kimi şərh edilirlər.

GÜNEL MƏMMƏDOVA
Akademik Mustafa Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzinin Sənədlərlə iş şöbəsinin müdiri,
Yeni Azərbaycan Partiyasının üzvü

Digər xəbərlər