Siyasət

  • 1 546

Sənət dünyasının böyük rejissoru TƏHLİL

image

Rasim Ocaqov... Bu ad Azərbaycan kino sənəti tarixində böyük izlər salmış, milli kinomuzun formalaşmasında, özünəməxsus dəsti-xəttinin müəyyənləşdirilməsində rol oynamışdır. Azərbaycan kino sənətinə daxil olan ən gözəl filmlərin yaradıcısı, məhz Rasim Ocaqovdur. Belə ki, "İstintaq", "Ad günü", "Təhminə", "Bağlı qapı", "Otel otağı" və digər filmlərin rejissoru olan Rasim Ocaqov çəkdiyi hər bir nümunədə milli dəyərləri ön planda verərək, haqqın, ədalətin müdafiəçisi olan qəhrəmanlarının simasında vətənpərvərlik hisslərini - vətənə, xalqa xidməti ifadə edib, hər bir obrazın dolğun və təbii alınmasında aktyorun bacarıqlarının üzə çıxarılması istiqamətində tələbkarlığı irəli sürmüşdür. Bu, onun sənətkarlıq xüsusiyyətlərindən irəli gələn amillərdən biridir ki, Rasim Ocaqov, məhz bitkin xarakterləri çəkdiyi film üçün bunu əsas götürüb, onu tamaşaçısına bir insan kimi təqdim edirdi. Təbii ki, bu ifadənin arxasında çox məfhumlar dayanır. İnsana məxsus olan ali hisslərə Rasim Ocaqovun filmlərində rast gəlinir və bu nümunələrdə insan özünü axtarıb tapmağa çalışır. Daxilində yatan hissləri saf-çürük etməyə, məqsəd və məramının kimə və nəyə xidmət etdiyini üzə çıxarmağa cəhd göstərir. Bu hal rejissorun qəhrəmanlarının vasitəsi ilə insanları düşündürməyə vadar etməsindən irəli gəlir. Rasim Ocaqov həqiqətən elə böyük sənətkarlar sırasındadır ki, onun çəkdiyi filmlərdəki ideal qəhrəmanlar cəmiyyətdə insanların ölçü vahidinə çevrilib. Bu baxımdan ki, həm rejissorun sənətkarlıq xüsusiyyətləri, həm filmlərin ideya məzmunu, həm də filmlərdə rol almış aktyorların istedadı tamaşaçını aliliyə səsləyir. Hər şeydə yüksəklik axtaran bu insan ömrünün sonuna qədər rejissor olaraq çəkdiyi filmlərlə yaşamış, onların Azərbaycan kinosu tarixinə həkk olunmasına nail olmuşdur. Bu gün adını böyük ehtiramla çəkdiyimiz respublikanın xalq artisti Rasim Ocaqovun anım günüdür. Tarixin bu gün 11 iyul tarixində böyük sənətkar cismani olaraq dünyadan köç etmiş, yaratdığı sənət nümunələri ilə xalqın yaddaşında, kino sənəti tarixində özünəməxsus bir salnamə yaratmışdır. Bu salnamə onun yaradıcılıq dünyası ilə zəngindir. Rasim Ocaqov Azərbaycanın bir çox sənətkarları ilə çəkiliş meydançasında olmuş və maraqlı obrazların yaradıcısına çevrilmişdir.

XOŞBƏXTLİYİN SƏMİMİ ETİRAFI

Azərbaycan Dövlət Mükafatları laureatı, xalq artisti, professor Şəfiqə Məmmədova onunla bağlı xatirələərindən danışarkən bildirib ki, Rasim Ocaqovun çəkdiyi "Ad günü", "İstintaq" filmlərində, çəkiliş meydançalarında olmuş, onun sənətkarlıq və insani xüsusiyyətlərini daha dərindən dərk etmişdir. "Qeyd etdiyim filmlərə qədər Azərbaycan kinosunda "Qaraca qız", "Bizim Cəbiş müəllim", "Dədə Qorqud" kimi filmlərdə çəkilmiş, kifayət qədər şöhrət qazanmışdım. Onu da deyim ki, teatr sahəsində fəaliyyətim də xüsusilə geniş idi. Teatr aktyoru kimi geniş bir repertuara malik idim. Rasim Ocaqov ilk dəfə məni rejissoru olduğu "Tütək səsi" filminə dəvət etsə də, nədənsə orada çəkilmək mənə nəsib olmadı. Onunla ilk işim çəkdiyi "Ad günü" filmində olmuşdu. Həmin filmdə yaratdığım obraza görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Onun rejissoru olduğu ikinci çəkildiyim film - "İstintaq"da yaratdığım obraza görə isə SSRİ Dövlət mükafatı laureatı adını qazanmışam. Rasim Ocaqovla mənim fəaliyyətim çox uğurlu alınmışdır. Mən sənət aləmində bir aktyor kimi azadlığı, onun çəkdiyi filmlərdə tapa bilmişdim. Sanki çəkiliş meydançalarında kamera mənim üçün yoxa çevrilirdi. Bu azadlığı, sərbəstliyi sənət aləmində tapmağımı Rasim Ocaqovun böyük peşəkarlığa malik olması ilə əlaqələndirirəm. Onu mən özümə həm dost, həm də ustad kimi qəbul edirəm. Rasim Ocaqov Azərbaycan kino sənətinə daha da böyük nümunələr bəxş edə bilərdi. O, ömrünün son gününə, son nəfəsinədək bu sahədə çalışmaq, yaratmaq arzusunda idi. Çox böyük rejissor olan Rasim Ocaqov sənət dünyasında özünü tapdığına görə, hər zaman xoşbəxt olduğunu səmimi etiraf edərdi. Mən çox fəxr edirəm ki, belə bir sənətkarın yaratdığı filmlərdə əsas rolların yaradıcısına çevrilmişəm. Aktyor seçiminə gəlincə deyim ki, olduqca zövqlü olan rejissor rol həvalə edəcəyi şəxsdə istədiklərini görə bilməsəydi qəhrəmanın həyatını həmin sənətkara tapşırmazdı".

Rasim Ocaqov nəinki Azərbaycanda tanınmış rejissor idi, eləcə də, SSRİ miqyasında böyük sənətkar kimi özünü təsdiqləmişdi. Azərbaycan kino sənətinin rejissorları sırasında birincilərindəndir. Rasim Ocaqov istedadlı sənətkar olmaqla yanaşı, olduqca gözəl insan, maraqlı həmsöhbət olub. Həyatını kinosuz təsəvvür etməyən sənətkar daim axtarışda idi. Daim yaratmaq, yeni filmlərə quruluş vermək Rasim Ocaqovun amalı idi. Kinosuz yaşaya bilməsə də, ona son illərdə təqdim olunan ssenariləri qəbul etmir, kinonun gələcəyini düşünürdü.

REJİSSOR KİMİ İLK İŞİ

Qeyd edək ki, Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. Ötən əsrin 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı. Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

Müasirlərinin sözlərinə görə, çəkiliş meydançalarında Rasim Ocaqov hər bir səhnəyə diqqət yetirir, aktyorun hərəkətlərinə həssaslıqla yanaşır, onda olan gücü bütövlükdə yaratdığı obraza verməyi tələb edirdi. Böyük sənətkar R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Dünyasını dəyişməsindən illər ötsə də, yaratdığı filmləri yaşayır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər