Siyasət

  • 1 031

Böyük Qayıdış: Şuşalılar doğma ocaqlarında ŞƏRH

image

177 ailənin daimi məskunlaşması təmin edilib

Böyük Qayıdış konsepsiyasına uyğun olaraq işğaldan azad olunan ərazilərimizə əzəli sakinlərin köçü davam edir. Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir və burada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, bu ərazilər yenidən dirçəlir, inkişaf edir, geniş abadlıq və quruculuq meydanına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin əzəli torpaqlara qayıdışı davam edir. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə, Füzuliyə, eləcə də Laçına köçlər yola salınıb. İnsanların doğma yerlərdən səsləri eşdilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb. Daha 30 ailə olmaqla, 102 nəfər Şuşa sakini doğma yurduna qovuşdu. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxanada, sanatoriyada, pioner düşərgəsində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Bununla da Şuşa şəhərində 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

"ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ!"

Şuşanın işğalına 28 ildən sonra son qoyuldu. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciəti zamanı səsləndirdiyi bu fikirlər bu günün gerçəkliyində öz ifadəsini bir daha tapıb. Biz Şuşaya qayıtmışıq.

"Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır", - deyə Cənab Prezident çıxışlarının birində vurğulayıb ki, Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi: "Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi". Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Artıq Azərbaycanın işğalda olan torpaqları azaddır və Qarabağ Azərbaycandır!!!

VERİLƏN GÖSTƏRİŞLƏR YERİNƏ YETİRİLİR

Bu gün Şuşa öz əzəli sakinlərini alnı-açıq şəkildə qarşılayır. Şuşa şəhəri yenidən ənənələrini bərpa edərək yeni dövrünü yaşayır.

Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərlərinə olan ehtiramın nümunəsidir. Verilən göstərişlər yerinə yetirilir. Qeyd edək ki, Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksi açılıb. Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir. Bütün bunlarla yanaşı, Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Azad Şuşamız hər gün dəyişir və gözəlləşir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının göstəriciləridir.

ŞUŞAYA EHTİRAMIN İFADƏSİ

Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçildi. Əsrarəngiz, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin irsi bu şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasında əsas faktorlardandır. Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiq olan şəhərdir. Türk dünyasının mədəniyyət paytaxtından estafet islam dünyasına ötürüldü. Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsnadır. Məlumdur ki, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Şuşa bu şərəfli ada layiq görülüb. Təbii ki, üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bura Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, Cabbar Qaryağdıoğlunu, Mirzə Sadıqı, Nəcəf bəy Vəzirovu, Üzeyir Hacıbəylini, Əbdürrəhim bəy Haqverdiyevi və onlarla belə dünyada tanınmış böyük ustadları yetişdirmiş torpaqdır.

ŞUŞANIN BAŞ PLANI

Bütün bu və ya digər tarix, mədəniyyət abidələrinin təmir və bərpası ilə yanaşı, dövlət başçısı tərəfindən Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməli qoyulub. Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Şuşanın Baş planı hazırlanarkən orada həyata keçirilən bütün layihələrin tarixlə müasirliyin vəhdəti üzərində qurulması nəzərə alınıb. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir. Tarixi məhəllələr çoxdur. Əlbəttə, bütün bu işlərə başlamaq üçün, cənab Prezidentin göstərişi ilə əvvəlcə Zəfər yolu, tunellər tikildi.

Yeni Baş plana uyğun olaraq, tarixi ərazidə müasir kiçik evlər olacaq. Şəhər məktəbi artıq tikilib və sentyabrda öz şagirdlərini qəbul etməyə hazırdır, 300-ə yaxın şagird burada təhsil alacaq. Şəhər xəstəxanası isə 90 çarpayılıqdır. Payıza qədər onun tikintisi başa çatacaq.

İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl görülən işlər çərçivəsində yolların yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yol infrastrukturunun təzələnməsi daha da sürətləndirilir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlər də bu sıradadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

Dövlət başçısının bildirdiyi kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər