Hər oktyabrın 31-də Dünya Şəhərlər Günü qeyd olunur. Statistik məlumatlara istinadən deyə bilərik ki, müasir dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. BMT hər il oktyabrın 31-də qeyd olunan Ümumdünya Şəhərlər Günündə bu il - 2024-cü ildə "Gənclər iqlim dəyişikliyinin katalizatorları" mövzusu altında keçirilən tədbirlərin builki mövzusu "Şəhər davamlılığı üçün yerli fəaliyyət"dir. Təşkilat bu əlamətdar günlə bağlı yeni hesabatını dərc edib.
Hesabatda iqlim dəyişikliyi kontekstində görünməmiş problemlərlə üzləşən şəhərlərdə 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin yaşayacağını proqnozlaşdırılır. 2030-cu ilə qədər insanların təxminən 60 faizi şəhərlərdə yaşayacaq, eyni zamanda, şəhər sakinlərinin 60 faizə qədərinin yaş həddi 18-dən aşağı olacaq. Dayanıqlı İnkişaf Məqsədləri (SDG) istiqamətində irəliləyişlərə baxmayaraq, şəhərlər, xüsusən Qlobal Cənubda yerləşən iri yaşayış məntəqələri yoxsulluq, bərabərsizlik və ətraf mühitin pisləşməsi fonunda təcili tədbirlər görülməsini tələb edir. 2024-cü il Ümumdünya Şəhərlər Günündə keçirilən tədbirin məqsədi şəhərlərdə iqlim problemlərinin həllində yerli hökumətlərin və gənclərin mühüm rolunu nümayiş etdirməkdir. Tədbirdə gənclərin təklif etdiyi innovativ ideyaları işıqlandırmaqla yanaşı, onların konkret fəaliyyətə çevrilməsi yollarına diqqət yetirilir.
DAVAMLI ŞƏHƏRLƏRƏ DOĞRU KEÇİD
Beynəlxalq ictimaiyyətin qeyd etdiyi Ümumdünya Şəhərlər Günündə davamlı şəhər icmalarının, ağıllı və yaşıl şəhərlərin qurulması, ekoloji problemlərə və urbanizasiyaya qarşı innovativ həllər vasitəsilə mübarizə apararaq layiqli həyat şəraitinin təmin edilməsində gənclərin rolunu vurğulamaq üçün bir fürsətdir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Ümumdünya Şəhərlər Günü fürsətdən istifadə edərək beynəlxalq ictimaiyyəti, o cümlədən üzv ölkələri, beynəlxalq və regional təşkilatları, qurumları və özəl sektoru gənclərin ətraf mühitin mühafizəsinə töhfələrini təşviq etməyə çağırır. ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə beynəlxalq ictimaiyyətə və üzv ölkələrə müraciətində bildirib ki, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün onların rolunun artırılmasına sərmayə qoymaq, gənclərin və qadınların təşəbbüslərini inkişaf etdirmək, ağıllı, dayanıqlı və davamlı şəhərlərə doğru keçidi təşviq edən layihələri dəstəkləmək davamlı inkişafın sütunlarıdır. Beynəlxalq ictimaiyyətin və üzv dövlətlərin səylərini dəstəkləyən ICESCO, eyni zamanda, özünün yeni baxışı və strateji istiqamətləri çərçivəsində təşkilatın Elm və ətraf mühit sektoru vasitəsilə gənclərə innovasiyalar üçün müasir texnologiyalardan istifadə etməyi öyrətmək məqsədi daşıyan bir sıra təşəbbüslər və proqramlar həyata keçirib. Ağıllı, davamlı və dayanıqlı şəhərlərə əlavə olaraq, həmçinin iqlim fəaliyyəti sahəsində innovativ layihələrin hazırlanması və həyata keçirilməsində gənclərin bacarıqlarını artırmaq məqsədi daşıyan Gənc İqlim Liderliyi Təlim Düşərgəsi kimi iqlim dəyişikliyinin nəticələrini azalda biləcək layihə də bu qəbildəndir. Texnologiya və innovasiya üzrə kiçik biznesin inkişafı sahəsində keçirilən gənclərin təlim proqramına əlavə olaraq, üzv dövlətlərdə bu konsepsiyaları və təbii ehtiyatlardan səmərəli istifadəni təşviq etməyə çalışan İslam Dünyası Proqramı uğurla həyata keçirilir. Müraciətin sonunda bildirilir: "Gənclərin daha yaxşı gələcək qurulmasına verdiyi töhfələrdən xəbərdar olan ICESCO, eyni zamanda, iqlim dəyişikliyi ilə bağlı problemlərlə mübarizə apara biləcək yeni nəsillər yetişdirmək üçün onların yaradıcı istedadını, həvəsini və liderlik bacarıqlarını inkişaf etdirməyin vacibliyini vurğulayır".
QLOBAL SAĞLAMLIQ ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏ
Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional, həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı isə 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərmişdir. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsi əsrlər boyu davam edəcəkdir.
Azərbaycan Respublikası Milli Məclisi BMT - nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə ratifikasiya etmişdir. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Sənədlərə əsasən, Azərbaycan Respublikası Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiq edilmişdir. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş. Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır.
2015-ci ilin sentyabr ayında keçirilmiş BMT-nin tarixi Sammitində isə dünya liderləri tərəfindən qəbul edilmiş "2030-cu ilədək Dayanıqlı İinkişaf sahəsində Gündəlik"də qarşıdakı on beş il ərzində ölkələr "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutaraq, sosial-iqtisadi məsələlər ilə yanaşı, məhz iqlim dəyişmələrinə qarşı mübarizənin vacibliyi və dünya ictimaiyyətinin səfərbər olmasının önəmi vurğulanmışdır. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. Məhz, Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası 2015-ci ilin oktyabrında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün "Milli səviyyədə Müəyyən edilmiş Töhfələr" (NDC) sənədini təqdim etmiş və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35% həcmində azaldılmasını hədəfləmişdir. Respublikamız 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı rəsmi olaraq qlobal iqlim dəyişmələrinə təsirini azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq isə 2050-ci ilə qədər isə 40% azaldılmanı hədəf kimi götürmüşdür.
ÖLKƏNİN İQLİM DƏYİŞMƏLƏRİNİN TƏSİRLƏRİNİN AZALDILMASI: LAYİHƏLƏR VƏ İSLAHATLAR
Bütün bu və ya digər amillərlə yanaşı, ölkədə həyata keçirilən uğurlu ekoloji siyasət ətraf mühitə dost texnologiyalardan istifadə, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi, müasir avtomobil yollarının çəkilməsi, müasir aqroparkların yaradılması, yeni meşə massivlərinin salınması və s. bu sahədə mühüm addımlardır.
Bununla yanaşı, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində "Prioritet olan İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" adlı 4-cü Prioritetin və "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlı 5-ci Prioritetlərin reallaşdırılması çərçivəsində hazırda 30 illik işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşması istiqamətində mühüm işlər həyata keçirilir. Belə ki, 30 illik işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri işlənib hazırlanmış və artıq icra olunmaqdadır.
Hazırda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Bundan əlavə, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında "Az karbonlu inkişaf üzrə Milli Strategiya", "Milli Adaptasiya Planı" və digər önəmli sənədlərin hazırlanmasına başlanılmışdır.
Ölkənin iqlim dəyişmələrinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma strategiyaları uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapıb.
Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək bir ölkə kimi seçilməsi dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir. Əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyaslı - BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etməsi ona göstərilən etimadın, inamın təzahürüdür. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. "Bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzaşürüdür". Bu fikri Prezident İlham Əliyev çıxışlarının birində bildirib. Cənab Prezident qeyd edib ki, COP29-a biz öz sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Azərbaycan platformasından COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə baxılacaq.
COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcəkdir. Bildiyimiz kimi, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır.
Nəzakət ƏLƏDDİNQIZI