Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 20 noyabr Ağdam Şəhəri Günü, 25 noyabr isə Kəlbəcər Şəhəri Günüdür.
Ağdamın əvvəlki şöhrəti bərpa olunur. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdamda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdam şəhərinə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir azad edilmiş torpağa ilk səfəri burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazılıb. Bu ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır. Artıq Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.
Prezident İlham Əliyev 2022-ci ildə Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirdi ki, bu gün biz yeni çağırışlarla üzləşirik: “Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”.
Qeyd etdiyimiz kimi, 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. 25 noyabr 2020-ci il tarixində xalqa müraciətində “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqamlara da diqqəti yönəltdi ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğalı Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərildi. Ermənistanın sonrakı işğalçılıq siyasətini də bu, böyük üstünlüklər təmin etdi.
Bu fakt da xüsusi vurğulandı ki, Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi: “Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır”.
Kəlbəcər 27 ildən sonra tarixi sahibinə qovuşdu. Kəlbəcər kimi strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. İşğaldan azad edilmiş ərazilərimiz sürətli bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin bu ərazilərimizə mütəmadi səfərləri yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə diqqətdədir. Kəlbəcərin azad olunmasından cəmi 4 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçəkləşdirilib və sürətli iş gedir. Bugünədək görülən və gələcəkdə də görüləcək işlərin miqyasına diqqət yetirdikdə tam əminliklə söyləmək olar ki, tezliklə Kəlbəcər də tam inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək.
Torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edərkən bu sevinci bizlərə yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizi, qəhrəman əsgər və zabitlərimizi yad etməyə bilmərik. Məhz onların fədakarlığı və şücaəti nəticəsində tarix yazıldı, torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Dövlətimiz onların fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri