Prezident İlham Əliyev: "Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır"
"Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikində bildirib.
Müstəqil dövlət kimi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Avropa ölkələri, Türk dünyası ilə yanaşı, ərəb dövlətləri ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Ölkələr arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələri müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürüdür. Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir. Mövcud əlaqələr mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir.
ƏMƏKDAŞLIĞIN İNKİŞAFINDA YENİ İSTİQAMƏTLƏR
Dövlət başçılarının rəsmi səfərləri əlaqələrin inkişafında xüsusi mərhələni təşkil edir. "Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir", - deyə təbrikində bildirən Azərbaycan Prezidenti diqqətə çəkib ki, son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir: "Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin "Masdar" şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim. Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm. Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".
Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də "yaşıl enerji"nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bununla bağlı mövcud potensialın reallaşdırılması, investisiya qoyuluşu “yaşıl enerji” sektorunun sürətli inkişafına yol açır. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulub.
TƏRƏFDAŞLIĞIMIZIN VƏ DOSTLUĞUMUZUN NÜMUNƏSİ
Vurğulayaq ki, 2021-ci il aprelin 6-da Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bunu əlamətdar nailiyyət kimi dəyərləndirib. "Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə "Masdar"ı, onun rəhbərliyini təbrik etmək istərdim. Bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır", - deyə Prezident bildirmişdir.
"MASDAR" İLƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCANI YAŞIL ENERJİNİN ÇOX MÜHÜM İXRAC MƏNBƏYİNƏ ÇEVİRƏCƏK
Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, eləcə də xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Bu layihə Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub ki, həmin boru kəmərinin uzunluğu isə 3500 kilometrə malikdir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. "Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq... Mən Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan "Masdar"a xüsusi minnətdarlığımı bildirmək istərdim. Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir" – deyən Prezident bildirmişdir ki, biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir.
İki ölkə arasında münasibətlər bir çox sahədə stratrji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Bu əlaqələr münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına öz töhfəsini verir.
Nəzakət ƏLƏDDİNQIZI