PDF Oxu

Siyasət

  • 540

Azərbaycan və Rusiya: iki etibarlı tərəfdaş

image

Prezident İlham Əliyev: "Biz münasibətlərimizin inkişafından məmnunuq, onları yüksək qiymətləndiririk"

"Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. "Ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq, - deyən dövlətimizin başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib.

Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Azərbaycan və Rusiya münasibətlərinin tarixi dövrü ölkələr arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə" Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

"BİZ İQTİSADİ-TİCARİ ƏMƏKDAŞLIQ ÜÇÜN FƏAL ŞƏKİLDƏ YENİ SAHƏLƏR TAPMAĞA DAVAM EDİRİK"

Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir.

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Dövlət başçımız müsahibəsində bildirib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.

Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

Onu da qeyd edək ki, sənaye kooperasiyası layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

"BELƏ BİR BƏYANNAMƏNİN İMZALANMASI FAKTININ ÖZÜ HƏM RUSİYA, HƏM DƏ AZƏRBAYCAN TƏRƏFİNDƏN ƏN MÜHÜM SİYASİ ADDIMDIR"

Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.

Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. İctimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.

Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Bildiyimiz kimi, Moskvada "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir. Bəyannamə Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalandı. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. "Belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir", - deyə Prezident müsahibəsində bildirib.

İki ölkə arasında tarixi əlaqələrin genişlənməsi siyasi, iqtisadi, sosial, humanitar, mədəni sahələrdə münasibətlərin dərinşməsində özünü göstərir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya və Azərbaycan xalqlarının maraqlarına uyğundur, regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verir. Heç şübhəsiz ki, Moskva Bəyannaməsi əlaqələrin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa imkanlar açıb. Sənəd tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkandır. Azərbaycan və Rusiya arasında imzalanan Moskva bəyannaməsi Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə töhfədir.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Görülən işlər ölkələr arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.

"BİZDƏ TƏDRİS RUS DİLİNDƏ OLAN 320-DƏN ARTIQ MƏKTƏB VAR"

Azərbaycan – Rusiya əlaqələrində söz açarkən humanitar sahədə əldə olunan nailiyyətləri də qeyd etməliyik. Azərbaycanda rus ədəbiyyatına və mədəniyyətinə böyük maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb və 300-dən çox məktəb fəaliyyət göstərir. Müxbirin "Azərbaycan Qafqazın ən rusdilli ölkəsi sayılır. Puşkin adına Rus Dili İnstitutunun tədqiqatları da bunu təsdiq edir. Rus dili sizin üçün xüsusi qayğı predmetidir. Siz buna necə nail olursunuz və bu, Azərbaycana nə verir?" sualına Azərbaycan Prezident belə cavab verib: "Çox asan. Çünki ona ictimaiyyət tərəfindən tələbat var və heç vaxt hər hansı məhdudiyyət olmayıb. Hər halda mənim atamın dövründə və mənim dövrümdə olmayıb və olmayacaq. Əksinə, biz hər vəchlə çalışırıq ki, insanların rus dilini daha yaxşı bilmələri, ona mükəmməl yiyələnmələri üçün əlavə şərait yaradaq. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir".

Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılıb. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Azərbaycanda ali məktəblərin rus bölməsində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraq artır. Rus dilinə tələbatın olduğunu bildirən Cənab Prezident onun yaşadığını bildirib: "Dili yaxşı bilmək sənə həm ədəbiyyata, həm də hər hansı elmi əsərlərə tam nüfuz etmək imkanı verir. Axı, bizim alimlərimiz, məsələn, bir çox informasiyanı Rusiya mənbələrindən alırlar. Bu, insanlarımıza təkcə rusiyalı dostları və həmkarları ilə deyil, həm də digər MDB ölkələrində olanlarla ünsiyyət qurmağa imkan verir. Yəni, bu ünsiyyət rus dili vasitəsilə aparılır. Bizdə bütün MDB ölkələri ilə, mən prezidentlərlə rus dilində danışırıq. Komandalarımız rus dilində ünsiyyət qurur. Biz görüşlər zamanı rusca danışırıq. Yəni, rus dili bunları verir. Əlbəttə ki, bu, Azərbaycanda rus icması üçün daha bir rahatlıq amilidir. Bu, ölkələrimiz arasında müsbət dövlətlərarası münasibətlərin amillərindən biridir. Bu onu göstərir ki, yenə danışdığımıza qayıdaraq demək istəyirəm: rus dilinə bu cür münasibət Azərbaycan dilinə, bizim kimliyimizə, mədəniyyətimizə heç bir zərər vermir".

"ERMƏNİSTAN RƏHBƏRLİYİNDƏN AZƏRBAYCANLILARIN ÖZ TARİXİ TORPAQLARINA REİNTEQRASİYASI PROSESİNİ NECƏ GÖRMƏLƏRİ BARƏDƏ CAVAB ALMAMIŞIQ"

Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan danışıb.

Dövlətimizin başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. "Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq", - deyə dövlətimizin başçısı əlavə edib.

XX əsrdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız erməni vəhşilikləri nəticəsində etnik mənsubiyyətlərinə görə dörd dəfə öz dədə-baba yurdlarından didərgin salınmışlar. Əzəli torpağın sakinlərinin arzusu tarixi Qərbi Azərbaycan torpaqları olan Göyçəyə, İrəvana qayıtmaqdır. Qazandığımız möhtəşəm tarixi Qələbə Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıtmaq hüququ yaratdı, onlarda qayıtmağa ümid yaratdı.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər