Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması ilə qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi və konfrans dünya azərbaycanlılarının həmrəyliyini alqışlayaraq dəstəyini ifadə etdi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Ümumilli lider Heydər Əliyev demişdi ki, Azərbaycan dünyanın istənilən guşəsində yaşayan hər bir azərbaycanlının vətənidir. Prezident İlham Əliyev də 50 milyon azərbaycanlının bir hüquqi dövləti olduğunu xatırladaraq öz çıxışlarında bəyan etmişdi ki, O, dünyadakı 50 milyondan artıq olan azərbaycanlıların hər birinin prezidentidir.
Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, tarixə qovuşmuş "Dağlıq Qarabağda" yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələndi. Moskvanın və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-da Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı.
Meydanlarda azadlıq mücadiləsinə başlayan xalqımız müstəqil olmağa, azad yaşamağa layiq olduğunu bir daha sübut etdi. Belə bir vaxtda azərbaycanlıların vətən naminə həmrəyliyinə, birliyinə ehtiyac yarandı. Beləliklə, bütün bu baş verən hadisələrin fonunda 31 dekabr Azərbaycanın tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi.
2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”- müdrik rəhbərin bu kəlamları hər bir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri