PDF Oxu

Siyasət

  • 1 006

20 Yanvar – Qaranlıq Gecədə Doğan Milli Şərəf - ŞƏRH

image

Tarixdə elə günlər var ki, o günlər təqvimdə sadəcə bir rəqəm deyil, xalqın yaddaşına qanla, göz yaşı ilə, amma eyni zamanda qürurla həkk olunur. 20 Yanvar da məhz belə günlərdəndir. Bu tarix Azərbaycan xalqının azadlıq yolunda verdiyi ən ağır, ən şərəfli imtahanlardan biridir. 20 Yanvar faciəsi xalqımızın tarixi yaddaşında həm dərin hüzn və faciə, həm də misilsiz qəhrəmanlıq və milli qürur rəmzi kimi həkk olunmuşdur. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir.

36 il bundan əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının şərəf və ləyaqətini qorumaq uğrunda içlərində qadınlar, qocalar və gənclər olan yüzdən artıq dinc sakini amansızcasına qətlə yetirilmişdir. 1990-cı il yanvarın 19-da saat 23:30-da keçmiş Sovet İttifaqının silahlı qüvvələri SSRİ Ali Soveti Rəyasət Heyətinin Bakı şəhərində fövqəladə vəziyyətin elan edilməsi haqqında fərmanına əsasən paytaxta daxil olmuşdur. Rəsmi sənəddə guya siyasi müxalifət qüvvələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısının alınmasının zəruriliyi göstərilsə də, əslində bu addım Azərbaycan xalqının azadlıq iradəsinin zor gücünə boğulmasına xidmət edirdi. Qeyd edilməlidir ki, fövqəladə vəziyyətin tətbiqi barədə əhali vaxtında məlumatlandırılmamışdır. Belə ki, hadisədən öncə televiziya stansiyasının enerji bloku partladılmış, nəticədə televiziya yayımı tamamilə dayandırılmışdır.

O gecə şəhər yuxuya getmədi, Bakı ağrı ilə nəfəs aldı. Səssizlik tankların səsi ilə parçalandı, qaranlıq güllələrin işığında yarıldı. 20 Yanvar faciədir, amma eyni zamanda qəhrəmanlıq salnaməsidir. Çünki o gecə Azərbaycan xalqı qorxunun üzərinə yeridi. Əllərində silah olmayan insanlar tankların qarşısına sinə gərdi. Ölümü gözə alaraq, əsarəti qəbul etmədi. Hər şəhid olan insan azadlıq yolunda yanan bir məşəl oldu. Sovet ordusunun açdığı atəş təkcə insanlara yox, bir imperiyanın saxta “qardaşlıq” ideologiyasına yönəlmişdi. O gecə SSRİ-nin əsl siması bütün çılpaqlığı ilə ortaya çıxdı. Tankların qarşısına sinə gərən bu xalq, əsrlərin susqunluğunu bir gecədə sındırdı. 20 Yanvar - bir xalqın diz çökdürülmədiyi gündür. O gecə güllələr havanı yarıb keçmədi, ümidləri parçaladı, arzuları yetim qoydu. O gecə anaların duaları yarımçıq qaldı, körpə nəfəsi barıt iyinə qarışdı. Torpaq ilk dəfə övladını, bu qədər səssiz, bu qədər ağır qucaqladı. Şəhidlərimizin qanı, hər damlası bir cümlə yazan azadlığın qırmızı mürəkkəbi idi.

Faciədən bir gün sonra - 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada, Azərbaycanın daimi nümayəndəliyində etdiyi çıxışla sovet siyasi sisteminin içindən bu sistemi ittiham edən nadir liderlərdən biri oldu. O zaman Heydər Əliyev heç bir rəsmi vəzifə daşımırdı, lakin daşıdığı mənəvi və siyasi məsuliyyət onu susmağa qoymadı.Bu çıxışın tarixi əhəmiyyəti bir neçə mühüm məqamda cəmlənir.

Birincisi, Heydər Əliyev 20 Yanvar hadisələrini açıq şəkildə cinayət adlandırdı. Bu, sovet rejiminin öz vətəndaşına qarşı törətdiyi zorakılığın imperiyanın mərkəzində ifşa olunması idi. O, hadisəyə “zəruri tədbir” donu geyindirməyə çalışan rəsmi təbliğatı qətiyyətlə rədd etdi.

İkincisi, çıxışda əsas məsuliyyət birbaşa SSRİ rəhbərliyinin üzərinə qoyuldu. Heydər Əliyev M.S. Qorbaçovun və Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin qərarlarını konstitusiyaya zidd, hüquqsuz və qeyri-insani kimi qiymətləndirdi. Bu, təkcə Azərbaycan adına deyil, bütün sovet məkanında nadir cəsarət nümunəsi idi.

Üçüncüsü, bu çıxış psixoloji baxımdan xalq üçün dönüş nöqtəsi oldu. Çünki o günlərdə informasiya blokadası şəraitində yaşayan Azərbaycan cəmiyyəti öz sözünü deyən, haqqını müdafiə edən bir siyasi iradənin mövcudluğunu gördü. Şəhidlərin qanının sahibsiz olmadığı mesajı verildi.

Bu çıxış Heydər Əliyevin gələcək dövlətçilik xəttinin də konturlarını açıq şəkildə göstərirdi: hüquqa söykənən mövqe, milli maraqların qorunması və tarixi ədalətin bərpası.

20 Yanvar hadisələri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı milli azadlıq mübarizəsində fundamental tarixi mərhələ kimi qiymətləndirilir. Bu faciə təkcə kütləvi zorakılıq aktı deyil, eyni zamanda totalitar sovet idarəetmə sisteminin mahiyyətini açıq şəkildə ifşa edən ictimai-siyasi hadisə olmuşdur. 20 Yanvar faciəsinin yaratdığı yeni ictimai-siyasi reallıq, süqutu qaçılmaz olan SSRİ-nin daxili böhranı və soyuq müharibənin başa çatması ərəfəsində beynəlxalq münasibətlər sistemində formalaşan geosiyasi dəyişikliklər fonunda Azərbaycan cəmiyyətində milli şüurun güclənməsinə və müstəqillik ideyasının institusional səviyyədə möhkəmlənməsinə təkan vermişdir. Məhz bu hadisədən sonra əvvəlcə Azərbaycan SSR-də siyasi fəallıq artmış, daha sonra isə müstəqil Azərbaycan Respublikasının formalaşmasını şərtləndirən ardıcıl və zəncirvari tarixi proseslər sürətlənmişdir.

Və unutmayaq ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət yalnız Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra verildi. 1994-cü ildə Milli Məclisin qərarı ilə 20 Yanvar faciəsi dövlət səviyyəsində hərbi təcavüz və cinayət aktı kimi tanındı. Bu, Moskva çıxışında deyilən fikirlərin artıq dövlət mövqeyinə çevrilməsi idi.

Beləliklə, 20 Yanvar yalnız faciə kimi xatırlanmadı, həm də milli mübarizənin ideoloji təməli kimi rəsmiləşdirildi. Şəhidlərin xatirəsi siyasi ritorikadan çıxıb milli yaddaşın hüquqi dayağına çevrildi.

2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümummilli hüzn günü elan edilib. Zaman keçir, illər dəyişir, amma 20 Yanvar xalqın yaddaşında sönməyən bir yanğı kimi qalır. Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır. Şəhidlər xiyabanıda sükut danışır. Hər addımda bir ömür yatır, hər səssizlikdə bir fəryad gizlənir.Şəhidlərimizin ruhu qarşısında baş əyirik.Qanları ilə yazılan bu tarix heç vaxt unudulmayacaq.

Əhməd Həsənov

YAP Culfa rayon təşkilatının fəal üzvü

Digər xəbərlər