AZAL şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın faciəli şəkildə həlak olması xəbəri bizi çox sarsıtdı. Biz xoş günlərdə olduğu kimi, bu ağır gündə də Azərbaycan xalqının yanındayıq. Dost və qardaş Azərbaycan xalqına başın sağ olsun deyirik. SİA-nın məlumatına görə, bu sözləri Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycan səfirliyində olarkən söyləyib.
Nazir AZAL-a məxsus təyyarənin qəzası zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tez sağalmasını diləyib.
Qeyd edək ki, dekabrın 27-də Gürcüstan Baş nazirinin müavini Levan Davitaşvili, ədliyyə naziri Anri Oxanişvili, ətraf mühit və kənd təsərrüfatı naziri David Sonqulaşvili, müdafiə naziri İrakli Çikovani, dövlət naziri Teya Axvlediani, "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri İrakli Qaribaşvili, parlamentin deputatları, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri, Kvemo Kartli bölgəsinin qubernatoru, Marneuli, Qardabani, Bolnisi və Dmnaisi rayonlarının rəhbər şəxsləri, diplomatlar, müxtəlif siyasi partiyaların rəhbərləri, Azərbaycan icmasının üzvləri, tələbə və gənclər Azərbaycanın Gürcüstandakı səfirliyinə gələrək AZAL şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı veriblər. Onlar başsağlığı kitabına ürək sözlərini yazıb, Azərbaycan xalqının dərdinə şərik olduqlarını bildiriblər.