PDF Oxu

MİA

  • 1 974

Svyatoslav Andrianov: Qərbin Qafqaza təsiri azalacaq, qlobal siyasətdə ciddi dəyişiklik olacaq – MÜSAHİBƏ

image

Rusiyalı politoloq, Siyasi Təhlil və İnformasiya Təhlükəsizliyi Mərkəzi beynəlxalq ictimai təşkilatının direktoru, Almaniya Xarici Siyasət Şurasının üzvü, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri Svyatoslav Andrianov caliber.az-a müsahibəsində Qafqazda gedən proseslər haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

— Almaniyanın xarici işlər naziri Annalena Barbokun COP29-da Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilən çıxışından sonra Bakı ilə Berlin arasında münasibətlər pisləşib. Həm də Barbokun Almaniya hökumətində təmsil etdiyi Yaşıllar Partiyasının mövqeyinin sürətlə populyarlığını itirdiyi bir vaxtda. Almaniyada seçkilərdən sonra nə dəyişə bilər? Almaniya ilə Azərbaycan arasında münasibətlər necə inkişaf edəcək? Almaniya siyasətində Azərbaycan əleyhinə cərəyanlar ümumiyyətlə nədən formalaşır?

— Başlamaq üçün, mən yenə də hörmətli oxucunu düşünməyə dəvət edərdim ki, “Birlik 90/Yaşıllar” partiyası həqiqətən də onların iddia etdiyi kimi sol-liberaldırmı? Son illərdə bu partiyanın ritorikası bəzi yerlərdə açıq-aşkar sağçı liberal xarakter aldı, çünki bu haqda Almaniya mediası- Die Zeit-dən Spiegel-ə qədər- dəfələrlə yazmışdı. Və bu ziddiyyət partiyanın həm daxili, həm də beynəlxalq yollardakı siyasətini getdikcə daha çox səciyyələndirir: real azadlıq üçün daha çox qadağalar və nəzarət, sülh üçün isə daha çox silah lazımdır. Bütün bunlar bir qədər Corc Oruellin məşhur “1984” romanını xatırladır.

Berlin və Bakı arasında münasibətlər bu il fevralın 23-dən sonra Almaniya parlamentində siyasi konfiqurasiyaya uyğun inkişaf edəcək. Xarici siyasət prioritetləri və mövqeləri bir çox ilkin amillərdən asılı olaraq Berlin tərəfindən tənzimlənəcək, mən ilk növbədə gələcək hökumət koalisiyasının xüsusiyyətlərini, o cümlədən nazir kürsüsünü tutacaq şəxsləri, eləcə də bu məsələni və müddəaları qeyd edərdim.

Təhlükəsiz güman edə biləcəyim bir şey odur ki, hər halda Yaşıllar yenidən hökumət koalisiyasına daxil ola bilsələr belə, Xristian Demokratlar çətin ki, onlara xarici işlər naziri portfelini verəcəklər. Ancaq Almaniyanın yenidən xarici siyasət idarəsinin "yaşıl" rəhbəri olacağını düşünsək belə, çoxlu bağışlanmaz səhvlərə yol verən Barbok 100% olmayacaq- yeri gəlmişkən, bunu öz partiyadaşları da deyib. Daha real ssenariləri nəzərə alsaq, o zaman ASDP-dən olan cənab Klinqbeylin gələcək vitse-kansler və xarici işlər naziri olmaq şansı çox yüksəkdir.

Almaniyada qarşıdan gələn seçkiləri proqnozlaşdırmaq üçün Şərqi və Qərbi Almaniya federal əyalətləri arasında artan parçalanma tendensiyasını da nəzərə almaq lazımdır. Bu məsələdə Kerber Fondunun keçirdiyi sorğunun göstəriciləri belədir: Qərbi Almaniya sakinlərinin 50%-i hesab edir ki, Ukrayna Rusiya ilə mübarizəni davam etdirməlidir, 40%-i isə ərazilərin atəşkəs üçün dəyişdirilməsinin tərəfdarıdır. Şərqi Almaniyada 52% erkən atəşkəsin, yalnız 38% isə müharibənin davam etdirilməsinin tərəfdarıdır. Bu, mühüm göstəricidir, çünki Ukrayna münaqişəsi istisnasız olaraq faktiki olaraq bütün tərəflərin seçkiqabağı diskursunda üstünlük təşkil edəcək.

Böyük ehtimalla Almaniyanın növbəti hökuməti sağ mərkəzçi siyasi partiyalar bloku nümayəndələrindən ibarət olacaq. Bu, Azərbaycana münasibətə necə təsir edəcək? Qlobal olaraq, heç bir şəkildə. Almaniyanın Azərbaycanla bağlı siyasətini başa düşməyin açarını “biz ticarət edirik, amma siyasəti tənqid edirik” düsturu kimi müəyyən edərdim. Almaniya ilə Rusiya arasındakı münasibətlərdə də hər şey eynidir. Və vəziyyətin dəyişməsi mümkün deyil. Bizneslə məşğul olmaq, hakimiyyəti tənqid etmək Almaniyanın yaxın 5 ildə Azərbaycana qarşı xarici siyasətinin kredosudur. Yeganə sual bu tənqidin dərəcəsidir.

— 2024-cü il dekabrın əvvəlində Konrad Adenauer Fondunda Almaniya prezidenti Ştanmayerlə görüşdə iştirak etdiniz. Ölkənin yüksək səviyyəli rəsmisi ilə ünsiyyətdən hansı təəssüratlar aldınız, hansı mövzular müzakirə olundu?

— Mənim iştirak etdiyim prezident Ştaynmayerlə görüşdə onlar mürəkkəb daxili siyasi məsələni müzakirə etdilər: məcburi hərbi xidmətin bərpası. Ukraynadakı münaqişə və Avropanın müdafiəsinin ilk növbədə Avropanın özü üçün başağrısı olması lazım olduğunu açıq şəkildə bəyan edən Donald Trampın Ağ Evə qayıdışı, fikrimcə, Almaniyada bu qərarın qəbulunu qaçılmaz edir. Hazırda ölkədə bu mövzu ilə bağlı qızğın müzakirələrin getməsinə baxmayaraq, mən icbari hərbi xidmətin bərpa olunacağını ehtimal etməyə cəsarət edirəm. Nə vaxta kimi, kim, harada və hansı şərtlərlə çağırılacaq- bütün bunlar mahiyyəti dəyişməyəcək mübahisəli suallardır.

Əgər Almaniyanın Cənubi Qafqaza münasibətinə daha geniş nəzər salsaq, mən Ukrayna münaqişəsinin region üçün böyük əhəmiyyətini qeyd edərdim. 2022-ci ildən Moskvanın regionda əvvəlki təsir imkanlarını itirməsi, Aİ-nin isə əksinə, öz təsirini gücləndirmək üçün bir sıra addımlar atması səbəbindən regionun gələcəyi bu faktlardan asılı olmaya bilməz. Hazırkı konfiqurasiyada isə yeni regional nizamın formalaşması sahəsində əsas oyunçu Azərbaycandır.

Qısamüddətli regional proqnozlaşdırma prosesində biz iki əsas faktora diqqət yetiririk: Rusiya-Ukrayna münaqişəsinin sonunun konfiqurasiyası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması. Üçüncü amil, yəni Brüsselin hərbi-siyasi faktoru hazırda heç bir mühüm rol oynamır, o cümlədən yuxarıda dediyimlə - Avropa özünün müdafiəsi ilə bağlı bütün məsuliyyəti ABŞ-dan götürməyə hazırlaşır, onu çətin günlər gözləyir, müdafiə xərcləri artmağa davam edəcək və bununla da siyasi və iqtisadi risklər artacaq.

Rusiyanın mövqeyinin regionda zəifləməsi səbəbindən ənənəvi olaraq Türkiyə ilə rəqabət aparan İran özünü daha fəal göstərməyə başladı, lakin buna baxmayaraq, Avropanın regionda təsirinin artmasının qarşısını almaq məsələsində hazırda İran, Türkiyə və Rusiya arasında sabit konsensus var. Əgər 3+3 formatının yaradılması istiqamətində başlanan iş uğurlu olarsa, bu, təkcə Brüsselin deyil, həm də Vaşinqtonun regionda təsir imkanlarını daha da azaldacaq.

Azərbaycan, Gürcüstan və Ermənistan aydın başa düşür ki, özlərindən başqa nə Avropa, nə də ABŞ region ölkələri üçün regional təhlükəsizliyə təminat verə bilməz. Eyni zamanda, potensial 3+3 formatında iştirakçılar arasında fikir ayrılıqları və inamsızlıq xarici təsirlərin qarşısının alınması bölgəni tez bir zamanda sabitləşdirmək istəyi ilə kompensasiya olunur. Əgər bu beynəlxalq siyasi layihə uğurlu olarsa, onun 6 iştirakçısının hər biri qalib mövqedə olacaq, çünki, məsələn, iştirakçı ölkələrin hər birinin öz maraqlarının olduğu Şimal-Cənub dəhlizinin inkişafı üçün, həmçinin regional sabitlik və təhlükəsizlik təməl daşıdır.

— Beynəlxalq analitiklər müasir ümumavropa siyasətində parlaq siyasi liderlərin olmadığını dəfələrlə qeyd ediblər. Bu “beyin çatışmazlığı” nəticəsində Fransa prezidenti Makron kimi şəxslər öz zəhərli və iddialı gündəmi ilə Avropa lideri statusuna iddia etməyə başlayırlar ki, bu da quduz populizmdən başqa həm Fransaya, həm də bütün Avropaya faydalı heç nə gətirmir. Berlinlə Paris arasında çox çətin münasibətlər yaranıb. Siz Avropada Makron amilini necə qiymətləndirirsiniz, Almaniyada ötən illərin liderləri kimi, məsələn, Helmut Kol kimi yeni güclü liderin meydana çıxması şansı varmı?

-Makron vahid Avropanın lideri kimi ambisiyalarını gizlətmir və fakt budur ki, Fransanın siyasi sisteminin xüsusiyyətləri elədir ki, onun mümkün daxili siyasi təlatümlərə baxmayaraq, prezidentlik müddətinin sonuna qədər sağ qalmaq şansı var. Makron Ukraynadakı münaqişədən Aİ daxilində nüfuzunu gücləndirmək üçün fürsət kimi istifadə etdi, Almaniya ilə bu ilin mayında Berlinə səfəri zamanı aradan qaldırılmış kimi görünən fikir ayrılıqları ona ciddi şəkildə mane oldu. Bununla belə, Almaniya və Fransa arasındakı münasibətlər Aİ-nin digər ölkələri arasındakı münasibətlərlə eyni problemlərə məruz qalır.

Bir tərəfdən fransız dilini öyrənən alman məktəblilərinin sayı ildən-ilə azalır və 2023-cü ildə Almaniyanın Höte İnstitutunun Fransadakı nümayəndəlikləri qalmaqalla bağlanıb. Alman turoperatorlarının məlumatına görə, tətil üçün Fransaya üstünlük verən Almaniya vətəndaşlarının sayı ildən-ilə azalır və hazırda populyarlıq baxımından 7-ci yerdədir. Nəsillərin dəyişməsi və ötən əsrin 60-cı illərində sıx və romantika dolu Fransa-Almaniya münasibətlərinin kökündə dayananların ölümü ilə iki xalq arasında tədricən yadlaşma baş verir, Almaniya-Fransa münasibətləri öz gücünü itirir. Digər tərəfdən, iki ölkə arasında ticarət əlaqələrini təhlil etsək, onun son illərdə xeyli yaxşılaşdığını görərik. Yenə deyirəm: oxşar vəziyyət Aİ-nin digər üzv dövlətləri üçün də keçərlidir. Eyni zamanda, Aİ vətəndaşları getdikcə nəinki vahid Avropa ideyalarından, ümumiyyətlə, bir-birindən uzaqlaşırlar.

Təbii ki, yuxarıda təsvir olunan problem Aİ daxilində mərkəzdənqaçma qüvvələrinə təsir edir və Prezident Makronun çoxdan tanıdığı və 2017-ci ildən müqavimət göstərməyə çalışdığı Avropadaxili parçalanmanın ciddi amilidir. Makron sitat gətirməyi xoşladığı görkəmli alman filosofu, “Collece de France” professoru Peter Sloterdayk ilə mütəmadi olaraq fikir mübadiləsi aparır. Məsələn, cənab Sloterdayk mühazirələrində və əsərlərində daima Avropadakı ideya böhranından danışır, onun “Avropa xüsusiyyətləri olmayan bir qitədir” adlı silsilə mühazirələri var. Bu ilin aprelində Sorbonnadakı çıxışında o, həm də ideya böhranını, Avropanın öz vətəndaşlarına təklif edəcəyi heç bir şeyin olmadığını, həmçinin Avropanın daha çox istehlak edib, daha az istehsal etməsi fikrini açıqladı.

Bütün bunlar bizə Makron faktorunun yaxın iki ildə Avropa səhnəsindən itməyəcəyini və bəlkə də güclənəcəyini fərz etməyə imkan verir, çünki sonuncu Avropanın bir çox məsələlərində prezident Trampla yaxşı münasibətlər qurub. Tramp ona güvənir, Almaniyanın gələcək kanslerinə yox. Həm Ukrayna münaqişəsində, həm də Cənubi Qafqaz regionunda Makron amilini qiymətləndirmək lazımdır- o, bir çox Avropa liderlərindən fərqli olaraq, ideyalar, ambisiyalar və enerji ilə doludur. Bu təhlükəli düşməndir, lakin onun imkanları məhduddur. Xüsusilə Qafqazda.

— Heç kimə sirr deyil ki, uzun illər Avropa siyasətçiləri üçün müəyyənedici amil ABŞ-ın kursu və onun geosiyasi prioritetləri olub. İndi, qloballaşmanın tənəzzül çağında, getdikcə daha çox Qərbin mərkəzsizləşdirilməsindən danışırlar ki, Donald Tramp bu barədə bir neçə dəfə danışıb. Avropa Trampdan nə gözləyir? Onun öz kursu nə olacaq? Berlin 2025-ci ildə hansı meyarlara əsaslanır?

— Prezident Bayden administrasiyası Ukraynadakı müharibəyə Amerikanın qlobal problemləri kontekstində baxırdı və Ukraynaya dəstək Amerikanın mühafizə siyasətinin bir hissəsi idi. Tramp açıq şəkildə bildirib ki, Avropanın problemləri Avropanın problemləridir və Ukrayna münaqişəsinin Amerika ilə heç bir əlaqəsi yoxdur- bu, regional xarakter daşıyır. Avropa bir daha müdafiə xərclərini artırmalı olacaq ki, bu da Rusiya sanksiyaları səbəbindən enerji resurslarının qiymətlərinin əhəmiyyətli dərəcədə artması və sənayesizləşdirmənin sürətlənməsi ilə birlikdə iqtisadi çətinlikləri artıracaq.

ABŞ-ın yeni prezident administrasiyasının formalaşdırılması prosesinin özü, demək olar ki, qeyd-şərtsiz başa düşməyə imkan verir ki, Çin yaxın 4 ildə Vaşinqtonun diqqət mərkəzində 1-ci yerdə olacaq və bu, Amerikanın avropalı tərəfdaşlarına təsir etməyə bilməz və onlar münasibətlərin bu konteksti “uyğunlaşmaq” məcburiyyətində qalacaqlar.

Qeyd etmək istədiyim ən mühüm şey hələ az adamın danışdığı bir şeydir, yəni qloballaşma xərclərinin və qlobal sərmayələrin effektivliyinin qiymətləndirilməsi baxımından amerikalıların xarici siyasət strategiyasına münasibətinin qlobal dəyişməsidir. Fikrimcə, bu proses Trampın ilk dəfə prezident seçilməsindən bir neçə il əvvəl başlayıb və yalnız 2020-ci il pandemiyasından sonra sürətləndi.

Trampın yeni prezidentlik müddəti bu siyasi prosesi yalnız sürətləndirəcək. ABŞ beynəlxalq alyanslara sərmayə qoyuluşuna qarşı getdikcə daha çox tənqidi mövqe tutacaq və bu tendensiya Trampın prezidentliyinin sona çatması ilə də aradan qalxmayacaq. Biz ABŞ-ın xarici siyasətinin effektivliyini qiymətləndirməkdə, investisiyalarına yenidən baxmaqda və dünyada öz rolu haqqında anlayışlarında qlobal dəyişikliklərin şahidi oluruq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər