PDF Oxu

Siyasət

  • 1 310

"Fransanın xarici siyasəti yeni münaqişələr yaratmaqda davam edir"

image

Son illər Fransa Ermənistana təkcə diplomatik səviyyədə deyil, həm də silah-sursatla fəal dəstək verir ki, bu da Ermənistan ordusunu gücləndirir və revanşist əhvali-ruhiyyəni qızışdırır, regionda sabitliyi pozur. Artıq heç kimə sirr deyil ki, bu strategiya Fransanın regionda Türkiyə və Azərbaycana qarşı yönəlmiş geosiyasi oyununun bir hissəsidir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə azərbaycanlı politoloq, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi işçisi Anastasiya Lavrinanın "EU Today" nəşrində dərc olunan məqaləsində deyilir.

Müəllif avropalı oxucuların diqqətini rəsmi Parisin açıq-aşkar faktları bilməməzdən gəlməsinə və Ermənistanın siyasətinə haqq qazandırmasına, habelə keçmiş müstəmləkələrə neokolonial təsirinin saxlanmasına yönəldir ki, bu da A.Lavrinanın sözlərinə görə, Fransanın dünya dövləti rolu ilə bağlı öz köhnəlmiş təsəvvürlərindən yapışdığını göstərir.

"Bu yaxınlarda şəbəkədə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Qarabağda və Ermənistanda etnik təmizləmə siyasətini açıq şəkildə etiraf etdiyi bəyanatı ilə video çəkiliş yayılıb. Bununla belə, Makron bu cür etirafları şərh etməməyə üstünlük verir, çünki bu, Fransadakı güclü erməni diasporu arasında onun dəstəyini sarsıda bilər. Fransa prezidenti 2020-ci ildə döyüşlərin və 2023-cü ildə Azərbaycanın antiterror tədbirlərinin dövlətin suveren ərazisində aparılması faktına da məhəl qoymur. 2023-cü ilin oktyabrında isə Ermənistanın baş naziri Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan bəyanat imzaladı", - deyə ekspert yazır.

O, daha sonra xatırladır ki, 2024-cü ildə Fransa əsl siyasi fırtına yaşayıb: baş nazir postunda üç nəfər dəyişdi, bu da siyasi qeyri-sabitliyin və ölkəni bürümüş daxili böhranın bariz əksi oldu. "Kənardan gələn saxta təhdidlərin arxasında real problemləri gizlətmək istəyi yalnız əhalinin yadlaşmasını və narazılığı artırır. Dünya səhnəsində demokratik dəyərlərə sadiqliyini bəyan edən Paris onları ölkə daxilində həyata keçirməkdən getdikcə uzaq olur. Buna misal olaraq Yeni Kaledoniyanın tələblərinə məhəl qoyulmaması və Bakının ünvanına Fransanın daxili işlərinə qarışmaqda ittihamları göstərmək olar. Aydındır ki, bu cür bəyanatlar diqqəti daha dərin məsələlərdən yayındırmaq cəhdidir. Baxmayaraq ki, məhz Bakının Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində gördüyü işlər sayəsində dünya "yardım" və "əməkdaşlıq" fasadının arxasında gizlənən fransız neokolonializmi haqqında həqiqətləri görməyə başladı", - deyə müəllif qeyd edir.

Nəşrdə vurğulanır ki, Fransa müstəmləkəçilik dövrünün başa çatdığını elan edəndə onun keçmiş müstəmləkələrin xalqlarını "azad etməsi" alqışlarla qarşılanıb, lakin onilliklər sonra məlum olub ki, Paris bu ölkələrə nəzarəti davam etdirir, lakin yeni üsullarla.

"Neomüstəmləkəçilik sadəcə bir termin deyil, Fransanın iqtisadi, hərbi və mədəni mexanizmlər vasitəsilə təsirini saxladığı keçmiş müstəmləkələr üçün reallıqdır. Diqqətəlayiq nümunə, hələ də 14 Afrika ölkəsində istifadə edilən və Parisin nəzarəti altında qalan Fransız frankı – CFA-dır. Bu, həmin dövlətlərin iqtisadi müstəqilliyini məhdudlaşdırır, onların ərazisində çıxarılan təbii sərvətlərdən əldə olunan gəlirlər isə çox vaxt birbaşa Parisə göndərilir. "Total" və "Orange" kimi fransız şirkətləri Afrika iqtisadiyyatında hökmranlıq etməkdə davam edir, ölkənin hərbi bazaları isə "sülhməramlı" missiyalar adı altında əsas regionlar üzərində strateji nəzarəti təmin edir", - deyə məqalədə deyilir.

A.Lavrinanın sözlərinə görə, Fransanın təsiri təkcə iqtisadiyyat və ordu ilə məhdudlaşmır: fransız dili, təhsil sistemi və "Alyans Fransez" kimi mədəniyyət qurumları vasitəsilə mədəni dominantlıq psixi asılılığın qorunub saxlanmasına töhfə verir. Bu, xüsusilə gənclər arasında narazılıq yaradır, onlar həqiqi müstəqilliyin və Fransanın nəzarətindən azad olmağın zəruriliyini getdikcə daha çox dərk edirlər.

"Beləliklə, Makronun Azərbaycanın ünvanına tənqid yağdırması, aşkar faktlara məhəl qoymaması və Ermənistan siyasətinə haqq qazandırması, eləcə də keçmiş müstəmləkələrə neokolonial təsiri davam etdirməsi – bütün bunlar Fransanın dünya dövləti rolu ilə bağlı köhnəlmiş ideyalarından yapışdığını göstərir. Ölkə daxili böhranlarla və artan narazılıqla üzləşdiyi bir vaxtda onun xarici siyasəti özgəninkiləşdirməni dərinləşdirməkdə və yeni münaqişələr yaratmaqda davam edir, dünyanı sual verməyə məcbur edir: Fransa, həqiqətən də, öz demokratik prinsiplərinə uyğun yaşamağa hazırdırmı?" – deyə politoloq yekunlaşdırır.

Digər xəbərlər