PDF Oxu

Siyasət

  • 981

Nəqliyyat infrastrukturunun inkişafında yol xəritəsi

image

Günümüzün əsas çağırışlarından biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafıdır. Bu baxımdan nəqliyyat infrastrukturunun yenilənməsinə, təkmilləşdirilməsinə xüsusi diqqət göstərilir. Dövlət başçısı İlham Əliyev bu günlərdə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizin bu sahədə qazandığı uğurlardan, tranzit imkanlarının genişləndirilməsindən bəhs etdi. Əsas diqqət Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafına yönəldildi. Bildirdi ki, son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icrasına baxmayaraq yenə də Bakı şəhərində tıxac müşahidə olunur və tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb. Əlbəttə, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.

O da qeyd edildi ki, illər keçdikcə əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimiz müasir avtomagistrallarla birləşir. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır.
Coğrafi vəziyyətimizə gəldikdə isə cənab İlham Əliyev bildirdi ki, bu amildən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir: “Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq, səylər göstərmişik və praktiki işlər görmüşük”.
Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb. Müştərək müəssisələr qurulub.
“Son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərin bəzilərini ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm” söyləyən cənab İlham Əliyev bu statistik rəqəmləri diqqətə çatdırdı. Son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işlər görülməsəydi, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil. Dəmir yolu infrastrukturu ilə bağlı da mühüm işlər görülüb. Belə ki, 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib.
Bu reallıq hər zaman xüsusi qeyd edilir ki, açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Cənab İlham Əliyev müşavirədə qeyd etdi ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edildi. Bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik: “O cümlədən mən şəxsən Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar maneə törətməməlidirlər. Bu, strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər”.
Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Azərbaycan nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdi, hətta o vaxt Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdi və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü.
Ölkəmizin nəqliyyat imkanlarından bəhs edərkən onu da qeyd etməliyik ki, son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib.
Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.
Qısa təhlil Azərbaycanın nəqliyyat infrastrukturunda qazandığı uğurların, görülən və görüləcək işlərin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurlu icrası ölkəmizin qarşısında yeni imkanlar açacaq. Bu sənəd nəqliyyat infrastrukturunun inkişafında yol xəritəsi kimi dəyərləndirilir.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər