PDF Oxu

MİA

  • 1 333

Rusiyalı ekspert: Qərb Ermənistanı özünün Qafqazdakı “Troya atı”na çevirmək istəyir - MÜSAHİBƏ

image

"Bundan yalnız Ermənistan özü zərər çəkəcək"

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan və Ermənistan liderləri arasında sülh müqaviləsi və sənədin bağlanması istiqamətində irəliləyişin və bununla bağlı görüşlərin olmamasından danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə ötən ilin oktyabrında Kazanda keçirilən BRİCS sammitində sülh sazişi üzrə danışıqlar aparıblar. Həmin ay İstanbulda iki ölkənin xarici işlər nazirlərinin görüşü baş tutdu. Bir neçə gün əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda liderlərin görüşü üçün fürsət var idi, lakin bu baş vermədi. Görüşlərin olmaması və sülh sazişi üzrə danışıqlarda irəliləyişin əldə olunmamasının səbəbi nədir?

- Ermənistan hazırda Qərblə fəal şəkildə strateji tərəfdaşlıq münasibətləri qurur və belə bir şəraitdə Paşinyan açıq şəkildə gözləyir ki, sülh müqaviləsinin imzalanmasını hələlik gecikdirsin, eyni zamanda ordusunu yenidən silahlandırır, müxtəlif hərbi və hərbi-texniki müqavilələr bağlayır. Bundan başqa, İrəvanın yaxın vaxtlarda Ermənistanda ölkənin Aİ-yə qəbulu məsələsi ilə bağlı referendum keçirmək niyyətində olduğu da göz qabağındadır. Ermənistanın baş naziri də ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqazla bağlı mövqeyini necə və hansı formada bildirəcəyini gözləyir. Bu şərtlər daxilində erməni diplomatiyası sənədi imzalamağa tələsmir.

Bundan başqa, İrəvan onu da nəzərə alır ki, hazırda Bakıda erməni separatçı Qarabağ rejiminin keçmiş rəhbərlərinin məhkəməsi gedir. Görünən odur ki, Ermənistan sülh müqaviləsi bağlamaq üçün bütün imkanlara malik olsa da, buna baxmayaraq, prosesi dayandırmağa çalışır.

Qərbdə Ermənistan ordusuna yeni keyfiyyət vermək istəyirlər. Bu niyə edilir? Azərbaycanı şantaj etmək üçün, çünki Azərbaycan ərazisindən mühüm nəqliyyat-logistika kommunikasiyaları keçir və neft-qaz layihələri fəaliyyət göstərir.

ABŞ və digər Qərb ölkələri Ermənistan ordusunda islahatlar aparmaqla, onu NATO standartlarına uyğunlaşdırmaqla məşğuldurlar. Baydenin dövründə İrəvanın Vaşinqtonla hərbi və hərbi-texniki əlaqələri fəal şəkildə inkişaf edib. Paralel olaraq bu proses Avropa İttifaqı, xüsusən də Fransa tərəfindən dəstəklənib. Ermənistan Xarici Kəşfiyyat Xidməti ilə MI6, DGSE və CIA arasında kəşfiyyat məlumatlarının mübadiləsinə dair müqavilə imzalanıb.

Ermənistan artıq yol ayrıcında deyil, öz proqramı üzrə məqsəd və vəzifələrinin, deməli, öhdəliklərinin strateji yenidənqurulması mərhələsindədir.

Azərbaycan da sülh sazişinin imzalanması üçün Ermənistanın Bakının iki əsas şərtini yerinə yetirməsini gözləyir: Azərbaycana qarşı ərazi iddialarını istisna etmək üçün Konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun hüquqi ləğvinə razılıq.

Azərbaycan və Ermənistan eyni vaxtda sərhədin delimitasiyası və demarkasiyası prosesinin ikinci mərhələsi barədə razılığa gəlsələr də, görüşlərin olmaması bu səbəbdəndir. Bu, təbii ki, müsbət razılaşmadır.

Maraqlı fakt, təbii ki, Paşinyanın rəsmi şəkildə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə razılaşdığını deməsidir. Amma bu, hələ də İrəvanın Bakının sülh müqaviləsinin imzalanması şərtləri ilə bağlı ləngitmə taktikasına haqq qazandırmır.

Eyni zamanda, İrəvan informasiya və siyasi sahədə Azərbaycanı ittiham etmək nöqteyi-nəzərindən çalışır ki, guya Bakı sülh müqaviləsi imzalamaqda ayaqlarını süründürür. Bu yaxınlarda Ermənistan rəhbərliyi bəyan edib ki, Bakıya sülh müqaviləsinin iki bəndi, üçüncü dövlətlərin sərhəddə olması və məhkəmələrdə qarşılıqlı iddialardan imtina ilə bağlı təklif göndərib. Ermənistan Azərbaycana qarşı informasiya və hibrid müharibəsini davam etdirir. Yerevan bunun üçün müxtəlif beynəlxalq platformalardan istifadə edir.

Ermənistanın baş nazirinin Bakı ilə İrəvan arasında silahlar üzərində qarşılıqlı nəzarət təklifini Azərbaycana çoxdan irəli sürüb. İndi belə bir təklif gülünc, siyasi əhəmiyyətsiz və qeyri-qanuni görünür. Çünki Qarabağ münaqişəsində Ermənistan Azərbaycana qarşı təcavüzkar və işğalçı kimi çıxış edib. Və hətta 2020-ci ildə Azərbaycan öz ərazilərinin bir hissəsini qaytardıqdan sonra da Ermənistan hələ də çoxlu sayda hərbi təxribatlar həyata keçirib.

- İndi fevralda Paşinyan Vaşinqtona səhər yeməyinə gedəcək və orada Donald da iştirak edəcək. Belə çıxır ki, onun həm Azərbaycan, həm də Rusiya ilə bağlı bundan sonrakı addımları Trampı hansısa yolla öz tərəfinə çəkə bilib-bilməməsindən asılı olacaq?

- Tramp bəlkə də Paşinyanın kim olduğunu eşitməyib və o, Ermənistanı vecinə almır. Ola bilsin ki, Ermənistan kimi bir ölkənin olduğunu bilir. Amma Tramp üçün prioritetlər baxımından Ermənistan və Cənubi Qafqaz çox uzaq bir şeydir. Burada sual budur ki, Paşinyan ABŞ-dakı erməni lobbisi ilə razılığa gələ biləcəkmi? Ermənistan hökuməti lobbiçiləri işə götürməyə hazırdır- aşkar, yoxsa gizli? Dünən ABŞ-ın keçmiş senatoru, Ermənistanın maraqlarının tanınmış müdafiəçisi Robert Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib. Paşinyan özü üçün belə menendesləri axtarmağa gedəcək.

ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Paşinyanın Baydenin Ermənistana qarşı siyasətinin davam etdirilməsi üçün müəyyən təminatlara ehtiyacı var.

- Avropa İttifaqı Ermənistandakı monitorinq missiyasının müddətinin iki il müddətinə uzadılmasını təsdiqləyib. Aİ Cənubi Qafqaz üzərində nəzarəti saxlamağa çalışır?

- Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyası siyasi və kəşfiyyat vasitəsidir. Bir tərəfdən siyasi təxribatlarla məşğuldur, digər tərəfdən isə tam şəkildə kəşfiyyat işləri aparır. Bunlar diplomat deyil, diplomatik pərdə altında olan kəşfiyyat agentləridir.

Qərbin məqsədi Ermənistanı Cənubi Qafqazda özünün troya atına çevirmək və ondan İran, Azərbaycan və Rusiyanı təxribata çəkmək üçün istifadə etməkdir. Ermənistanın hakim elitası Qərbə nə üçün lazım olduğunu anlayır.

- Son vaxtlar Paşinyan belə bir fikir irəli sürməyə çalışır ki, Ermənistan əslində balanslaşdırılmış xarici siyasət aparır və guya o, Rusiya ilə, ABŞ-la, Aİ ilə, ümumiyyətlə, hamı ilə dost olmaq istəyir.

- Paşinyan çoxşaxəli kimi çıxış edib hər tərəfdən bonuslar almaq istəyir. Bu, eyni zamanda hiyləgərlik və həyasızlıqdır.

Ermənistanın baş naziri Rusiya ilə bağlı hansısa ölümcül siyasi səhvə yol verərsə, nə əldə edəcəyini heablamalıdır. Əgər dostsansa, dəstək alacaqsan. Əgər kiminsə arxasınca pəncələrinizi itiləyirsinizsə, o zaman sizə qarşı münasibət fərqli olacaq. O cümlədən, ola bilsin, iqtisadi cavab tədbirlərinin qəbulu. Rusiyanın kifayət qədər geniş təsir arsenalı var. Eyni zamanda, Moskva Ermənistanı özündən uzaqlaşdırmamaq üçün hər şeyi edir.

- Göründüyü kimi, Ermənistanın baş naziri ölkənin Aİ-yə daxil olması ilə bağlı referendumun mümkün qədər tez keçirilməsini istəyir. Ötən həftə Ermənistan parlamentinin ekspert qrupu sənəddə çoxlu sayda qeyri-dəqiqlik və uyğunsuzluqlar tanımasına baxmayaraq, müvafiq qanun layihəsi parlament komissiyası tərəfindən təsdiqlənib.

- Ermənistan Avropa İttifaqına daxil olmaq üçün ən azı Türkiyə qədər gözləyəcək. O qədər illərdən sonra bir dövlət olaraq qalarsa.

- Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu həftə bir daha bəyan etdi ki, İrəvanın Aİ ilə yaxınlaşması Ermənistanın Aİ-dən çıxması demək olacaq, çünki bu, Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə də ziyan vuracaq...

- Hazırda bu xəbərdarlıqlara cavab olaraq Paşinyanın davranışını məşhur misra ilə xarakterizə etmək olar: “Pişik Vaska qulaq asır və yeyir”. Ermənistanın baş naziri Aİ və Amerikanın “xama”sını yemək istəyir. Amma o, bilərəkdən bütün nəsihət və xəbərdarlıqlara məhəl qoymur.

İndiki beynəlxalq siyasi vəziyyətdə Rusiya getdikcə sağlam praqmatizmə doğru irəliləyəcək. “Qardaş” xalqlar haqqında mantralar artıq heç kəsi istiləşdirmir. Əgər hansısa ölkənin siyasi elitası Rusiyanın mənafeyinə xələl gətirən hərəkətlər edirsə, Rusiya Federasiyasına qarşı bu cür hərəkət etməyin yersiz olduğunu başa düşmək üçün cəzalandırılmalı və zərər onun özünə dəyməlidir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər