Tarix insanlığın yaddaşında həm qələbələrlə, həm də faciələrlə iz qoyur. XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımı Azərbaycan tarixi üçün ən ağır faciələrdən biridir. Bu qətliam Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. Ulu öndər Heydər Əliyev Xocalı soyqırmının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək, dinc sakinlərə qarşı misilsiz qəddarlıq nümayiş etdirdilər. Qeyd edək ki, bu hadisə təkcə azərbaycanlıların deyil, bütün bəşəriyyətin vicdanına yazılmış qara bir səhifədir.
Qarabağın mühüm strateji nöqtələrindən biri Xocalı şəhəri idi və burada yaşayanlar əsasən azərbaycanlılar idi. Bu dəhşətli gecədə Erməni silahlı birləşmələri Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi ilə şəhəri tamamilə mühasirəyə alaraq, mülki əhaliyə qarşı soyqırım törətdilər. Rəsmi məlumatlara görə, 613 nəfər öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaq idi. Minlərlə insan yaralandı, yüzlərlə dinc sakin isə əsir götürülərək işgəncələrə məruz qaldı. İnsanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhər yerlə-yeksan edildi.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğal nəticəsində xarabalığa çevrilib. Bu dəhşətli hadisə beynəlxalq hüquq çərçivəsində soyqırımı kimi qiymətləndirilməlidir. Məhz ona görə ki, Xocalıda baş verənlər sadəcə müharibənin bir hissəsi deyildi, bu, xalqımıza qarşı yönəlmiş məqsədli bir etnik təmizləmə siyasəti idi. BMT-nin və digər beynəlxalq təşkilatların insan haqları ilə bağlı qəbul etdiyi konvensiyalar Xocalı hadisələrini soyqırımı aktı kimi tanımağa əsas verir.
Xocalı soyqırımı təkcə keçmişin ağrılı xatirəsi deyil, həm də gələcək nəsillərə ədalətin bərqərar olması üçün çağırışdır. Azərbaycan xalqı hər il fevralın 26-da bu faciəni anır, dünyaya haqq səsini çatdırmaq üçün müxtəlif tədbirlər təşkil edir. Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. “Xocalıya ədalət” kampaniyası beynəlxalq arenada soyqırımın tanınması istiqamətində mühüm addımlardan biridir. Bu faciəni unutmaq mümkün deyil!
2023-cü il sentyabrın 19-20-də Xocalı şəhəri Rəşadətli Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini