“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işini başa çatdırdı. Forumun istər açılış mərasimində, istərsə də panel iclaslarda aparılan müzakirələrlə, səsləndirilən çağırışlarla hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verdi. Müsahibədə əsas diqqət yeni dünya nizamının formalaşmasına, regionda vəziyyətə, Azərbaycanın bununla bağlı mövqeyinə, həmçinin baş verən hadisələrdən kollektiv yanaşma olaraq nəyi öyrənərək irəliyə doğru atılacaq addımlara yönəldildi. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olundu. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaratdı. Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolu daha da artdı. Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi XII Qlobal Bakı Forumunun öz işinə başladığı vaxta təsadüf etdiyi üçün tədbirdən gözəntilər diqqətdə oldu. İştirakçıların beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklərinə əminliyini ifadə edən dövlət başçısı İlham Əliyev vurğuladı ki, Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər. Artıq açılış sessiyasından da bəlli oldu ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.Millət vəkilinin sözlərinə görə, Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilir, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılır. Bu gün Azərbaycan həm də multikultural mühiti ilə tanınır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycanın enerji və tranzit imkanları yeni layihələrin gündəmə gətirilməsini şərtləndirir ki, bu da öz növbəsində ölkələr, xalqlar arasında qurulan əlaqələri daha da möhkəmləndirir. XII Qlobal Bakı Forum bu hədəfə doğru mühüm addımların atılmasına stimul oldu. Ümumilikdə Forum sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırış oldu. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət də diqqət göstərilən məsələlər sırasında oldu.Vüqar Rəhimzadə qeyd edib ki, Forumun mövzusu özündə hazırkı dövrün çağırışını ehtiva etdi. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində hər bir ölkənin qlobal səviyyədə üzləşdiyi əsas çağırışlardan bəhs edərək bildirdi ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, qlobal transformasiyanın ilkin mərhələsindəyik, bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.Milli Məclisin deputatı regionda baş verən dəyişikliklərlə bağlı Azərbaycanın mövqeyinə də diqqəti yönəldib. Prezident İlham Əliyev bu çağırışı səsləndirdi ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər olsun ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Regionda baş verən dəyişiklərdən kollektiv olaraq nəyi öyrənərək irəliyə getməyin mümkünlüyünə gəldikdə isə dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, qlobal nizamı olduqca düzgün qiymətləndirdik. Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq.Azərbaycan hazırda müstəqil siyasətinin uğurlarını yaşayır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siysi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividendlər gətirdi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bunun nəticəsi olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Həmçinin çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi qəbul edilən Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan rolu göz qabağındadır. Azərbaycan reallaşdırdığı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinin göstəricisi Bakı nailiyyəti oldu. Belə ki, iqlim diplomatiyasında dönüş nöqtəsi olan COP29 çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirildi. Ümumilikdə Azərbaycan əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlıdır və bunu real addımları ilə təsdiqləyir. Dövlət başçısı İham Əliyev sözügedən müsahibəsində onu da qeyd etdi ki, hər bir ölkə bilməlidir ki, o, öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, bu, sizi zəiflədəcək. Belə yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur. Əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək.Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Öz gücünə güvənərək, gələcəyini özü quran Azərbaycan siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev regionun gələcəyi ilə bağlı baxışlarını diqqətə çatdırdı. Realist olmağa üstünlük verdiyini önə çəkən dövlət başçısı İlham Əliyev vurğuladı ki, növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmür. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. 30 illik işğal dövrünün reallıqlarının təhlili əsasında belə ümumiləşdirilmə aparıldı ki, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu, müharibənin sona çatması demək deyildi. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Həllini tapmış münaqişə axtarılırsa, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.Millət vəkili yeni dünya nizamının yenidən düşünüldüyünü önə çəkərək onu da əlavə edib ki, geosiyasi dəyişikliklər Vaşinqtonda baş verən hadisələrdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq. Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Azərbaycan müstəqil, çoxşaxəli xarici siyasəti ilə ənənəvi tərəfdaşları ilə əlaqələrini daha da möhkəmləndirir, yeni körpüər salmaqla dostlarının sayını artırır.