Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri və partiya fəalları ilə birlikdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində işğaldan azad edilən rayonlara Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər.
Onlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Gövhər ağa məscidini, Şuşa şəhidlər məzarlığını, Natəvan bulağını, Xankəndidə mərkəzi parkı, Qarabağ Universitetini, Xocalı parkını və digər əraziləri ziyarət ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bu günü bizə yaşadan şəhid övladlarımıza, Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandana borclu olduğumuzu söyləyib.
Tədbirdə çıxış edən şəhid valideynləri Arzu Hüseynzadə, Mehparə Qəribova, Niyazi Həsənov, Radə Qurbanova, İsbət Hətəmova, partiya fəalı Tofiqə Məmmədova və başqaları şəhidlərimizin qanı bahasına azadlığına qovuşmuş torpaqlarda olmaqdan qürur duyduqlarını bildiriblər.
Səfər çərçivəsində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin üzvləri Reyhan Rəcəbova və Məhəmməd Mustafalı “Xudayar” təsnifi, “Qarabağ şikəstəsi”, “Şuşanın dağları” və digər vətənpərvərlik mahnılarını ifa ediblər.