Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Dövlətimizin başçısı forumda ona ünvanlanan müxtəlif mövzularda sualları cavablandıraraq bir sıra məsələlər barədə danışıb.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur.
Azərbaycan Qafqazda sülh gündəliyini təşviq edir. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid olan məsələdir.
Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, Prezident İlham Əliyevin sözlərinə görə, əgər xəritəyə baxsanız, görə bilərsiniz ki, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanın ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin birmənalı şəkildə, bu, uğursuz olacaq.
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən forumda çıxışı, həmin tədbir aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. ADA Universitetində ənənəvi keçirilən beynəlxalq tədbirlər Azərbaycanın, ümumilikdə regionun gələcəyinə yönələn təşəbbüslərinə, birgə addımların atılmasını zərurətə çevirən hədəflərə işıq salır. Forumun əhəmiyyəti, dövlət başçısının tədbirdə çıxışı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir.
Artıq tarixi Zəfərimizdən sonra belə forumların və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm addım ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını təqdim edir. Azərbaycan hər zaman sabitlik məkanı kimi dəyərləndirilir. Ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq konfranslara, forumlara verilən önəm tədbirlərə qatılan iştirakçıların ildən-ilə artan say tərkibindən də aydın görünür. Yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi diqqətdədir. Cənab İlham Əliyevin iştirakı ilə keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir bütün sahələrdə mövcud imkanlarımızın təqdimatında, aktual məsələlər ətrafında ölkəmizin fəal mövqeyinin nümayiş olunmasında, bir sözlə, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə zəngin mənbədir.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri