Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda 2023-cü ilin sentyabr ayında ölkəmizin suverenliyinin bərpası məqsədilə keçirilmiş lokal antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş Sərxan Ömərovun ailəsini ziyarət edib.Görüş zamanı millət vəkili şəhidin ailə üzvləri ilə səmimi söhbətlər aparıb, onların qayğıları ilə maraqlanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulanıb.
Ziyarətdən sonra Asif Əsgərov Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Daha sonra millət vəkili Asif Əsgərov, Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuş və dərin ehtiram ifadə edilmişdir. Onlar həmin gün UNEC-in Zaqatala filialının açılış mərasimində iştirak ediblər.
Daha sonra UNEC-in Zaqatala filialında yeni istifadəyə verilmiş “Tələbə evi” və “İdman zalı”nın açılış mərasimi keçirilmişdir. İştirakçılar tələbələr üçün yaradılmış müasir yaşayış və idman şəraiti ilə tanış olmuş, infrastrukturun imkanları barədə ətraflı məlumatlandırılmışlar. Tədbirdə UNEC-in Zaqatala filialının rəhbərliyi, müəllim və tələbə kollektivi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.