15 aprel 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Akademik Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar “İnsanlara nur bəxş edən Böyük alim” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı Səbinə Səlimova açaraq Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qaldığını qeyd etdi. “Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.”
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon şöbəsinin oftalmoloq-həkimi Gülnarə Məmmədova geniş məruzə ilə çıxış edərək 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyevanın professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olduğunu qeyd etdi.“Dahi oftalmoloq, akademik Zərifə xanım Əliyeva özünün xeyirxahlığı və humanistliyi, insanlara nur paylayan, onları işığa çıxaran , yol göstərən ziyalı olmuşdur. Əsil Azərbaycan ziyalısının canlı rəmzi olan Zərifə xanım Əliyevanın işıqlı xatirəsi insanların qəlbində əbədi yaşayır. Onun bütün varlığı ilə cəmiyyətimizin yüksəlişinə daima can atması , bütün insanlara böyük qayğı və diqqətlə yanaşması bir tərəfdən hər bir qadına xas olan analıq yanğısından irəli gəlir, digər tərəfdən isə onun mənəvi ucalığından xəbər verirdi. Dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın taleyinə yazılmış ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir”.
Tədbirdə iştirak edən Aynur Məmmədova, Könül Səlimova və başqaları çıxış edərək Akademik Zərifə xanım Əliyevanın adı həm alim, pedaqoq, həkim, ictimai xadim, həm də bənzərsiz ürək saflığının təcəssümü olan bir insan kimi hər bir adamın qəlbində əbədi yaşacaqdır deyə qeyd etdilər.