PDF Oxu

Siyasət

  • 429

Turan alqoritmi ŞƏRH

image

Son illər Türk dünyasında baş verən hadisələr göstərir ki, artıq təkcə iqtisadi və siyasi güc deyil, mədəniyyət və kimlik kodları da önplana keçir. Bu tendensiya özünü həm uluslararası platformalarda, həm də ictimai yaddaşda ifadə etməkdədir. Mədəni özünüdərk, milli döyüş sənətlərinin fəlsəfi əsaslarla yenidən incələnməsi və onların gələcək nəsillərə ötürülməsi bu baxımdan üstün məsələyə çevrilib.

Belə bir tarixi məqamda Dünya Alpaqut Federasiyası ilə “Okuklu Holdinq” şirkəti arasında imzalanan strateji işbirliyi anlaşması, adi bir təşkilati razılaşmadan çox, Türk dünyasının mədəni-siyasi strategiyasına önəmli töhfə kimi qiymətləndirilməlidir.

Alpaqut sənəti:

Döyüşdən düşüncəyə, hərəkətdən fəlsəfəyə…

Alpaqut – özündə qədim türk savaş texnikalarını, mənəvi hazırlıq aşamalarını və etik davranış qaydalarını birləşdirən, həm bədən, həm də ruhun təlimi kimi formalaşmış döyüş sənətidir. Bu sənətin əsasını təşkil edən “Turan ruhu” təkcə coğrafi mənsubiyyət yox, bütün türk xalqlarının ortaq mədəni yaddaşıdır. Alpaqut bu yaddaşı çağdaş gəncliyə - gələcəyin alpərənlərinə təqdim etməyin unikal formasıdır.

Federasiya prezidenti, VI çağırış Milli Məclisin üzvü olmuş Jalə xanım Əhmədovanın vurğuladığı kimi, bu işbirliyi Alpaqut döyüş sənətinin uluslararası səviyyədə tanıdılması, Türk dünyasının ortaq mədəni kodlarının fəallaşdırılması, təlimçi və uzmanların yetişdirilməsi yönündə uzunmüddətli strateji məqsədlər daşıyır.

Türk geosiyasətində mədəni qat:

Alpaqut bu fonda hansı missiyanı daşıyır?

Hal-hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində baş verən proseslər – Səmərqənd və Şuşa Zirvələri, Orta Asiyanın Avropa Birliyi ilə artan təması, Kıbrıs məsələsində yeni düzən bir gerçəyi önə çıxarır: kimliksiz güc – dayanıqsız gücdür.

Bu ortamda Alpaqut sənəti bir “yumşaq güc”, mədəni dirəniş platforması kimi çıxış edir. Onun fəlsəfəsi gənc türk nəsillərinin qlobal identifikasiya mühitində öz köklərinə qayıtmasını təşviq edir. Eyni zamanda bu döyüş sənəti psixoloji dirəniş, milli özünüdərk və fərdi məsuliyyətin aşılanması baxımından çağdaş dünyanın tələb etdiyi funksional sistemi ortaya qoyur.

“Okuklu Holdinq”:

iqtisadiyyatın mədəniyyətlə vəhdəti

İşbirliyi sənədinin digər tərəfi olan “Okuklu Holdinq” sənaye və yatırım sektorunda tanınan qurumlardandır. Ayrıca, məhz bu holdinq “Türk Ticarət Mərkəzi”nin, bu səbəblə qurulmuş “Türk obası”nın da evyiyəsidir. - Sözün həqiqi anlamında - bu ünvana gəlmək “həm ziyarət, həm ticarət” dəyərindədir… Holdinqin qurucu başqanı Yılmaz Okuklu bu işbirliyinin yalnız himəyadarlıq və ya PR aləti deyil, mədəni borc və tarixi sorumluluq kimi qəbul olunduğunu bildirib. Bu yanaşma sahibkarlığın mədəni strategiyaya inteqrasiyası baxımından önəmli örnəkdir. Onun öz sözləri ilə desək:

“Milli idman növləri və onların fəlsəfəsi, yeni nəsillərə öz tarixini və dəyərlərini öyrətmək üçün bir vasitədir. Alpaqut bu baxımdan çağdaş Türk ruhunun daşıyıcısıdır.”

Mədəniyyət – gələcəyin əsas dili

Alpaqut sənətinə verilən bu dəstək təkcə idman tədbirləri, yarışlar və seminarlarla sınırlanmır. Anlaşma çərçivəsində filmlər, broşürlər, dərsliklər, araşdırma layihələri və uluslararası tanıtımlar nəzərdə tutulur. Bütün bunlar Türk dünyasının ruh gücünen sözlə, bədənlə, hərəkətlə ifadəsi deməkdir.

Əslində, bu hadisə bir daha sübut edir ki, Türk dünyasının gələcəyi yalnız dövlətlərarası müqavilələrlə deyil, mədəniyyətlərarası dialoqla, ortaq dəyərlərlə və mənəvi bağlarla formalaşa bilər. Alpaqut bu prosesdə zamanla yarışan gələnək, keçmişlə danışan gələcəkdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Digər xəbərlər