Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərin izi ilə” adlı ekskursiya təşkil olunub.Ekskursiya işğaldan azad edilmiş və Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunduğu əraziləri – Ağdam, Əsgəran, Xankəndi və Şuşa şəhərlərini əhatə edib. Tədbirin əsas məqsədi gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, azad olunmuş torpaqlarda aparılan yenidənqurma proseslərini yerində izləmək və Zəfər yolunun tarixi əhəmiyyətini onlara çatdırmaq olub.
Ekskursiya çərçivəsində iştirakçılar əvvəlcə Ağdam şəhərinə səfər ediblər. Burada erməni işğalı dövründə törədilmiş vandalizmin izləri və hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olublar. Daha sonra Əsgərana yollanan iştirakçılar Əsgəran qalasının tarixi ilə yaxından tanış olublar.
Ekskursiyanın növbəti dayanacağı Xankəndi şəhəri olub. Burada iştirakçılar Qarabağ Universitetinin binasının qarşısında xatirə şəkli çəkdirib, şəhərdəki mövcud vəziyyət, aparılan bərpa-quruculuq işləri və tətbiq olunan yeni idarəetmə mexanizmləri barədə ətraflı şəkildə məlumatlandırılıblar. Daha sonra iştirakçılar Qarabağ Universitetinə baş çəkiblər. Universitetin prorektoru Rüstəm İskəndərov ali təhsil ocağının yaranma məqsədi, hazırkı fəaliyyəti, tədris prosesi, tələbə qəbulu və gələcək planlarla bağlı geniş təqdimatla çıxış edib. O, həmçinin universitetin region üçün əhəmiyyətindən, burada yaradılan müasir infrastrukturdan və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Səfər çərçivəsində son dayanacaq Qarabağın incisi, mədəniyyət paytaxtımız Şuşa şəhəri olub. Burada iştirakçılar Cıdır düzünü ziyarət edib, Şuşa qalası, Yuxarı Gövhərağa məscidi və digər tarixi abidələrlə tanış olublar. Tədbir zamanı vətənpərvərlik mövzusunda çıxışlar səsləndirilib, gənclərlə müzakirələr aparılıb.