PDF Oxu

Siyasət

  • 1 762

İqor Korotçenko: Fransa Ermənistan vasitəsilə Rusiya və Azərbaycana zərər vurmağa və Cənubi Qafqaza “nəzarət” etməyə çalışır - MÜSAHİBƏ

image

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko "Moskva-Baku" portalına müsahibəsində Fransa ilə Ermənistan arasında getdikcə güclənən tərəfdaşlığı şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, iyunun 2-də Ermənistanın Azərbaycanla həmsərhəd Sünik rayonunun Gorus şəhərində Fransanın fəxri konsulunun ofisi açılıb. Həmin gün Gorusda Ermənistan və Fransa arasında mərkəzləşdirilməmiş əməkdaşlıq üzrə konfrans keçirilib. Orada həm erməni, həm də Fransa tərəfi Sünik rayonunun “Ermənistanın geosiyasətinin ürəyi” olduğunu, oradakı Fransa konsulunun ofisinin müəyyən “çağırışlara” cavab vermək baxımından açıldığını bildirib. Məlum olduğu kimi, Zəngəzur dəhlizi deyilən yer Sünik rayonundan keçməli idi... Amma Ermənistan buna qarşıdır. İrəvan da, Paris də bu ərazini bir növ “təhlükə” xətti kimi göstərməyə çalışır...

- Fransa hazırda Ermənistanın strateji tərəfdaşıdır. Konsulluğun açılması isə siyasi baxımdan bu faktın təsdiqidir. Məlumdur ki, İrəvan və Paris bu yaxınlarda ölkələr arasında strateji tərəfdaşlığın yaradılması haqqında sənəd imzalamaq barədə razılığa gəliblər.

Bu, həm də Ermənistan ərazisində Qərbin mövcudluğu şəbəkəsinin genişlənməsinin sübutudur. İstənilən diplomatik missiyanın da müvafiq məxfi kəşfiyyatçıları var, ona görə də biz ofisin açılmasını Fransa xarici kəşfiyyatı DGSE-nin Ermənistan ərazisində əməliyyatlar aparmaq və faktiki olaraq əməliyyat mövqelərinə malik olmaq imkanlarının genişləndirilməsi kimi deyə bilərik.

Fransa Ermənistanla təkcə diplomatik, hərbi, hərbi-texniki səviyyədə həyata keçirilən tərəfdaşlıq əlaqələri yaratmayıb. Paris uzun illərdir ki, Cənubi Qafqazda hadisələrin fəal moderatoru olmağa çalışır, burada Rusiyaya qarşı, eləcə də Azərbaycan və Türkiyəyə qarşı planlarını həyata keçirir.

Görünən odur ki, Azərbaycanla həmsərhəd olan bu rayon regionun strateji nöqtələrindən biridir. Bu, təkcə Ermənistan-Azərbaycan sərhədi deyil, həm də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən, Azərbaycanın əsas hissəsini onun Naxçıvan anklavı ilə birləşdirən nəqliyyat dəhlizinin keçməli olduğu ərazidir. Bəyanatda qeyd olunur ki, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyatın gediş-gəlişini təmin etməli və nəqliyyat Rusiya FTX-nin yerləşdirilən zabitlərinin nəzarəti altında olmalıdır. Ermənistan da sənədi imzalayıb, lakin bu bəndi yerinə yetirməkdən imtina edir. Görünən odur ki, dövlətlərin bu regionda mövqelərinin möhkəmlənməsi həm də Zəngəzur nəqliyyat dəhlizi məsələsi ilə bağlıdır.

Xatırladığımız kimi, Ermənistan Zəngəzur dəhlizi əvəzinə “Dünyanın kəsişməsi” ideyasını reallaşdırmağa çalışır. Üstəlik, Ermənistan “3+3” layihəsindən imtina etmək istəyir. Buna görə də, Brüssel və Parisdən olan kuratorlarının dəstəyi ilə Paşinyan öz sxemini fəal şəkildə təbliğ edir. Amma “Dünyanın kəsişməsi”nin həyata keçirilməsi olmayacaq. Logistika və geosiyasi baxımdan Ermənistan Cənubi Qafqazın çıxılmaz nöqtəsidir. Ona görə də Paşinyan nəqliyyat logistikası sahəsində eyni məqsəd və vəzifələrə sadiq qalarsa, bunun sonu sıfıra bərabər olacaq. “Dünyanın kəsişməsi” olmayacaq, bu, Ermənistan rəhbərliyinin istəklərindən və geosiyasi şoularından başqa bir şey deyil. Və əgər Ermənistan artıq təklif olunan layihələrə inteqrasiya etməsə, o zaman bu respublika özünü ən mühüm layihələrin kənarında qoyacaq.

- Fransa bazasının Ermənistanda açıq şəkildə peyda olması ehtimalı nə dərəcədədir?

- Paşinyan hələ də manevr edir. O, Ermənistan iqtisadiyyatının həm Avrasiya İqtisadi İttifaqı ölkələri ilə qarşılıqlı əlaqədən, həm də Rusiya-Ermənistan iqtisadi əlaqələrindən əldə etdiyi faydaları başa düşür. İrəvan indiki siyasi vəziyyətdə heç bir kəskin demarş etmir, eyni zamanda hər şeyin necə bitəcəyini hesablayır. Və burada analitiklər xoşagəlməz proqnoz verir, yəni müəyyən mərhələdə Rusiyadan Ermənistan ərazisini tərk etmək tələb olunacaq.

Vətəndaşların əksəriyyəti Paşinyanın qərbyönlü kursunu bölüşür. Ermənistan daxilində müxalifət effektsizdir. “Qarabağ klanı” korrupsioner və cinayətkardır. Ermənistan daxilində daxili siyasi vəziyyəti dəyişmək şansı çox azdır. Bu baxımdan Rusiya-Ermənistan münasibətləri ilə bağlı proqnoz kifayət qədər mənfidir. Dediyim kimi, böyük ehtimalla Rusiyadan respublikanı tərk etmək tələb olunacaq. Və Rusiyanın yerinə Fransa hərbi bazası yaranacaq.

Fransa hazırda Ermənistanla hərbi-texniki əməkdaşlıq edir. Fransızlar respublikanın hava hücumundan müdafiəsinin əsas inteqratorları, ideoloqları və icraçılarıdır. Amma hələlik Paşinyan üçün Rusiyanın iqtisadi məhdudiyyətləri və sanksiyaları altına düşməməsi vacibdir. Ona görə də o, hələlik manevr edir. Ermənistan hələ də qərbyönümlü xəttinin davamı olaraq Sünik bölgəsində Rusiyanın baş konsulluğunun açılması üçün ayaqlarını sürüyür.

Erməni və Fransanın Sünik bölgəsinin “Ermənistanın geosiyasi ürəyi” olması ilə bağlı təbliğatına gəlincə, bu, informasiya təbliğatı, “Böyük Ermənistan” təbliğatı, geosiyasi “istəklər”, yanaqları şişirtmək, təbil çalmaq, məşəl yürüşlərindən başqa bir şey deyil. Yeri gəlmişkən, məşəl yürüşlərini yalnız totalitar rejimli ölkələr təşkil edir. Bu günlərdə Almaniyada kansleri yola salmaq üçün məşəl yürüşü keçirilib. İrəvanın mərkəzində Hitlerin, nasist əməkdaşı Qaregin Njdenin abidəsi var. Heyf, “qəhvəyi” Ermənistan təəssüf ki, yaxşı heç yerə gedə bilməyəcək. Bu da ən mühüm daxili siyasi proseslərin gedişinə müəyyən təsir göstərir.

- Ermənistan-Azərbaycan nizamlanmasında heç bir irəliləyişin olmadığını görürük. Bunun səbəbi nədir?

- Paşinyan manevr edir. Amma göz qabağındadır ki, Ermənistan Konstitusiyasını dəyişdirmədən, Azərbaycana ərazi iddiasından əl çəkmədən və ATƏT-in Minsk Qrupunu buraxmadan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq. Ermənistan bütün bu ənənəvi cəhdləri ilə demək istəyir ki, biz çox böyükük və Azərbaycan özü imzalamaq istəmir, amma bu heç nə demək deyil. Bu, davam edən ənənəvi informasiya müharibəsidir. İndi qarşıdurmanın istənilən forması həm hərbi, həm də geosiyasi xarakterli hibrid xarakter daşıyır. Müasir dünyanın təbiəti budur. Hər bir ölkə öz problemlərini həll etməyə çalışır, çox vaxt müxalifət və digər ölkələrin və ya tərəfdaşların mövqelərinə qarşı çıxır. Nə qədər ki, müasir dünyada dövlətlər var, onların arasında barışmaz ziddiyyətlər olacaq. Bu cür ziddiyyətlərin həllinin ifrat formatı müharibədir. Ona görə də Rusiya, Azərbaycan və digər region dövlətləri Rusiya-Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar. Ermənistan isə müxtəlif güc mərkəzlərinə arxalanaraq, buna məhəl qoymur və sülh prosesini ləngidir, eyni zamanda yenidən silahlanır və hərbi güc toplayır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər