"Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.O bildirib ki, dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar: "Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Müsəlman Şərqinin qüdrətli dövlətləri sırasında yer ala bildilər. Səfəvilər bir az da irəli gedərək imperiya yaratmağa nail oldular. Azərbaycan xalqı bu dövlətin yaradıcısı Şah İsmayıl Xətaini min illərdir ki, tariximizin qəhrəmanı kimi anır və müstəqilliyimiz dövründə onun şərəfinə abidələr ucaldır.Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan milli-demokratik ziyalılarımız Müsəlman Şərqində ilk parlamentli Respublikanın bünövrəsini qoyaraq tarixə düşdülər. 23 ay yaşayan bu dövlət 350 ilkə imza atmağa müvəffəq oldu.1920-ci ilin aprelindən sonra Azərbaycan müstəqil dövlət kimi yox, müttəfiq dövlət kimi fəaliyyət göstərdi. Hər bir müttəfiq respublika nəhəng Sovet dövlətindən yararlanmaq istəyirdi. Bu daha çox müttəfiq respublikaya rəhbərlik edən şəxsin bacarığından asılı idi.Heydər Əlirza oğlu Əliyev 1969-cu il iyulun 14-dən Azərbaycana rəhbərlik etməyə başladı. Həmin ilin martında Mərkəzin tapşırığı ilə Azərbaycan Ali Soveti Rəyasət Heyəti dörd min kvadrat kilometr Azərbaycan torpağının Ermənistana verilməsi haqqında qərar çıxardı. Heydər Əliyev hakimiyyəti dövründə bu qərarın icra olunmasına imkan vermədi.1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin 50 illik yubileyi 1969-cu ildə keçirildi. Yubiley toplantısına rəhbərlik edən Heydər Əliyev öz nitqinə Azərbaycan dilində başladı. Bu o dövr üçün çox böyük siyasi hadisə idi.Heç kimin ağlına gəlmirdi ki, rus dilinin hökm sürdüyü bir dövrdə müttəfiq respublikanın Birincisi öz doğma dilində məruzə edə bilər. Amma Heydər Əliyev bu çıxışı etdi və xalqının ürəyində özünə rəğbət qazandırdı.Azərbaycanı aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevirən Respublikanın Birincisi ölkədə hərbi məktəb yaratmaq üçün uzun illər mübarizə apardı və nəhayət 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasına nail oldu.Azərbaycanda mükəmməl ziyalı ordusu yaratmaq üçün hər il minlərlə Azərbaycan gəncini ölkənin ən nufuzlu ali məktəblərinə göndərməyə nail oldu.1977-ci ildə SSRİ-nin növbəti Konstitusiyası qəbul edildi. Məqsəd ondan ibarət idi ki, müttəfiq dövlətlər milli dil məsələsində israr etməsinlər. Heydər Əliyev Mərkəzin bütün təzyiqlərinə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlər dili kimi təsbit olunmasına nail oldu.Heydər Əliyevə qədər Azərbaycan xalqının milli sərvəri olan neft və qaz qonşu respublikalara onların sərvəti kimi verilirdi. Heydər Əliyev Mərkəzin bu siyasətini müəyyən qədər respublikanın xeyrinə dəyişməyə nail oldu.Heydər Əliyevə qədər hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin demək olar ki, əksəriyyəti tikinti batalyonlarına göndərilirdi. Heydər Əliyev bu sahədə də dönüş yarada bildi. Azərbaycanlı gənclər də müasir silahlarla təzhiz edilən hərbi hissələrdə xidmət etməyə başladılar.Azərbaycan neftinin gələcək taleyini uzaqgörən siyasəti ilə müəyyən edən Heydər Əliyev Dərin Özüllər zavodunun tikilməsinə nail oldu. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin bu sahədə uzaqgörən siyasətinə heyran olmamaq olmur.Azərbaycanı uğurlu və bacarıqlı siyasəti ilə müttəfiq respublikalar arasında birincilərdən edən Heydər Əliyev Sovet dövlətinin idarəçiliyində də böyük xidmətləri olmuşdur. Heydər Əliyev yeganə türk-müsəlmandır ki, 70 ildən çox fəaliyyət göstərən bu dövləti idarə edənlərdən biri oldu. Əgər imkan versəydilər, bu dövləti idarə edən birinci şəxs də ola bilərdi.Sovet dövlətinin süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi. 1990-cı il 20 yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düşmürdü. Düşmən tərəf öz havadarlarının gücündən istifadə edərək Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi. Hakimiyyət bunları fikirləşə bilmir, Heydər Əliyevin Azərbaycana dönüşünü əngəlləmək üçün planlar hazırlayırdı.Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə sinə gərərək, bölgəni işğal təhlükəsindən qurtara bildi. Muxtar respublikanın əhalisini inandıra bildi ki, Naxçıvanın bir qarış torpağını düşmənə güzəştə getməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi, sovet sosialist ifadəsindən imtina etdi.1991-ci ilin oktyabında dövlət müstəqilliyinin bərpası haqqında qəbul edilən Konstitusiya Aktı 1993-cü ilin yayında çətin günlərini yaşayırdı. Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayonlar üçün böyük təhlükə yarandı. 20 yanvar qırğınının mahiyyətini dünyaya çatdırmamış, Xocalı soyqırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işartıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalamaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Hamı, hətta siyasi hakimiyyət də ümidini Naxçıvana bağlayır və nicatını Heydər Əliyevin Bakıya dönüşündə görürdü.Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanı parçalanmaq və yox olmaq təhlükəsindən qurtarmaq üçün Bakıya gəldi. Düşmən yeni torpaqlar işğal edə bilməsin deyə, Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyini yaşamamaq üçün güclü dövlət başçısına, cəsarətli Ali Baş Komandana ehtiyac var idi. 1990-cı ildə Naxçıvanda yenidən qaldırılan və bütün Azərbaycana şərəf gətirən üç rəngli bayrağı əbədi etmək üçün Heydər Əliyevə hava və su qədər ehtiyac var idi. Heydər Əliyev xalqın köməyinə gəlməli idi və gəldi. İllərlə rəhbərlik etdiyi xalqının ən çətin günlərində onun yanında oldu. Heç bir təhlükə və heç bir təhdid onu yolundan döndərə bilmədi. Heydər Əliyev parçalanmaq təhlükəsi ilə üz-üzə dayanan dövlətimizin başına keçdi və bu yolda əngəl olan bütün qüvvələri öz zəngin təcrübəsi və bacarığı ilə aradan qaldırdı. Heydər Əliyev həyatına təhlükə altına ataraq Gəncədə dövlətə asilik edən qüvvələrlə görüşdü. Dövlət müstəqilliyinə xələl gəlməmək üçün bütün qüvvələri əmin-amanlığa dəvət etdi və çətinliklə də olsa buna nail oldu.Heydər Əliyev 15 iyuna gələn yolu xilas etdiyi kimi, 15 iyundan sonra da şərəfli bir tarixin əsasını qoydu. Ölkədə daxili sabitliyə nail oldu, dövlət çevrilişlərə cəhdləri zərərsizləşdirdi, təcavüzkar Ermənistanla atəşkəsə nail oldu. Türk-müsəlman dünyasının heç bir uğuruna sevinməyən Qərb Ermənistanın Azərbaycana təcavüzünə haqq qazandırır və Qarabağın işğalına hər cür yardım göstərirdi. Heydər Əliyev Ermənistanın təcəvüzkar dövlət olmasını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün bütün qapıları döydü və dünyanın diqqətini Qarabağ probleminə cəlb etdi. Ürmənistanın təcavüzünə haqq qazandıran xeyli dövləti neytrallaşdıra bildi, Qarabağın tarixi Azərbaycan torpağı olması haqqında mövcud mənbələrin dövriyyəyə cəlb olunmasına və dünya dillərinə çevrilməsinə nail oldu.Heydər Əliyev Bakı neftini dünya bazarına çıxarmaq üçün yollar axtarırdı. Bu məsələdə Azərbaycana yardım Qərb şirkətləri tərəfindən göstərilə bilərdi. Çünki Rusiya iqtisadi cəhətdən zəif, neftin dənizdən müasir üsullarla çıxarılmasına hazır deyildi. Qərb dövlətləri də müharibə girdabına salınan Azərbaycana investisiya qoymaq fikrində deyildi.Amma Heydər Əliyev qərb şirkətləri ilə aparılan danışıqlarda böyük qələbəyə imza atdı.Birincisi, Xəzər dənizindən neftin çıxarılmasına, ikincisi çıxarılan neftin Gürcüstanın üstündən Türkiyəyə çatdırılmasına dair razılığa nail oldu. Beləliklə, “ Əsrin müqaviləsi”ni imzalamaqla Heydər Əliyev Qərbin himayəsini qazandı, Xəzər dənizində neftin çıxarılmasına küllü miqdarda sərmayə qoyan qərb şirkətləri Heydər Əliyevin timsalında Azərbaycandan möhkəm yapışdılar. Bu, Heydər Əliyev siyasətinin uzaqgörənliyi idi.Heydər Əliyev Azərbaycanı təhdidlərdən qorumaq üçün Müstəqil Dövlətlər Birliyinə üzv qəbul olunmasına razılıq verdi. Çünki Azərbaycanın müstəqilliyinə qarşı təhlükə hələ sovuşmamışdı. Azərbaycanın daxilində bəzi siyasi qüvvələr xaricdən müdaxilə üçün yollar axtarır və dövlət çevrilişlərinə cəhd etdilər. Lakin Heydər Əliyevin dövlətçilik təcrübəsi, qətiyyəti və Azərbaycan xalqının onun ətrafında birləşməsi düşmən qüvvələrini məğlub etdi.1990-cı il 20 yanvar və Xocalı soyqırımına siyasi qiymət verməyə, 31 Martın azərbaycanlıların soyqırımı günü kimi təsbit olunmasına, azərbaycanlıların Ermənistan SSR-dən deportasiya olunması haqqında fərmanların verilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev düşmənə qarşı mübarizə üçün tarixi sənədlərə müraciət etməyə üstünlük verdi. İxtisasca tarixçi olan Heydər Əliyev ermənilərin tarix boyu azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımları arxiv sənədləri əsasında dövriyyəyə cəlb etdi. Bu istiqamətdə çoxsaylı əsərlərin yazılmasına və xarici dillərə tərcümə olunmasına nail oldu. Erməni məkrini və qəddarlığını dünyaya bəyan etmək üçün 1948-1953-cü illərdə Qərbi Azərbaycanda azərbaycanlı əhalinin başına dövlət səviyyəsində gətirilən müsibətlər işıq üzü görməyə başladı. Heydər Əliyev Azərbaycanda ölüm hökmünün və senzuranın ləğv edilməsinə, ATƏT-in Lissabon Sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-nün (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsiplərin açıq şəkildə müdafiə olunmasına, Azərbaycanın Avropa Parlament Şurasına üzv qəbul olunmasına, müstəqil dövlətin ilk Konstitusiyasının yaradılmasına və ilk parlament seçkilərinin keçirilməsinə, Aqrar islahat həyata keçirməklə torpağların təmənnasız olaraq kəndlilərə verilməsinə, qonşu dövlətlər, o cümlədən dünyanın nüfuzlu dövlətləri ilə balanslaşdırılmış siyasətin həyata keçirilməsinə, dünyanın, o cümlədən BMT-nin ali tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyatətinin ifşa olunmasına, Ordu quruculuğu sahəsində uğurlar qazanmaq və düşməni torpaqlarımızdan çıxarmaq üçün ali hərbi məktəblərin yaradılmasına nail oldu.Heydər Əliyev Azərbaycançılıq ideologiyasının və “Bir millət, iki dövlət” konsepsiyasının həyata vəsiqə almasına, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün bütün gücünü və bacarığını bu işə yönəltməyə nail oldu. Heydər Əliyev dönə-dönə qeyd edirdi ki, tarix boyu Azərbaycan çoxmillətli olub.Bu xalqların xoşbəxtliyi ordadır ki, onlar hər zaman Azərbaycan uğrunda mübarizədə bir olublar.Dil və din fərqi onları bir-birindən ayırmayıb, ən çətin günlərdə bir-birinə hayan olublar.Azərbaycançılıq düşüncəsi əsrlər boyu bu torpaqda yaşayan xalqları bir ideya ətrafında birləşməyə müvəffəq olub.Heydər Əliyev bu ideyanı hakim ideologiya səviyyəsinə qaldırmağa müvəffəq oldu.44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşərək düşməni darmadağın etdi, torpaqlarımızı işğaldan azad etdi.Heydər Əliyev türk dünyasının birləşməsi üçün əlindən gələni etdi.Əslində “bir millət, iki dövlət” konsepsiyası bütün türk dünyasının birləşməsinə xidmət edən bir çağırış idi.Qərbin ədalətsiz siyasətinə qarşı türk dünyasının birləşməsinə və dünyanın mizan-tərəzisinə rəhbərlik etməyinə ehtiyac var.Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ümummilli lider Heydər Əliyev özündən sonra Azərbaycan xalqına dörd əmanət qoydu: Müstəqil Azərbaycan dövləti; Yeni Azərbaycan Partiyası; Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası; Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları. Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı,Azərbaycanın dövlət başçısı İlham Əliyevin hakimiyyəti illərində öz uğirlu nəticəsini verdi. Ermənistanın təcavüzkar siyasətinin ifşa efilməsi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya və müasir silahlara malik olmağımız, xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün əks hücuma keçməklə Vətən Müharibəsini başlamağa məcbur etdi. Müzəffər Ali Baş Komandan və qəhrəman Azərbaycan əsgəri 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, düşməni darmadağın edərək onu danışıqsız bəyanata imza atmağa məcbur etdi"."Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bütün işlər, o cümlədən Qarabağla bağlı mübarizəsi bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Məlum olduğu kimi, 1923-ci ildə sovet Rusiyasının təzyiqi nəticəsində Qarabağda erməni separatizmini dirçəltmək üçün Muxtar qurum yaradıldı.Bu qurum mövcud olduğu 100 il ərzində erməni maraqlarına xidmət etmiş və Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün çoxsaylı cəhdlər göstərmişdi.44 günlük Vətən Müharibəsindən sonra da bu qurum separatçı mövqeyindən əl çəkmədi. Azərbaycanın süverenliyinə nail olmaq, Qarabağda əmin-amanlığı bərpa etmək, Ermənistandan Qarabağa qanunsuz yolla gələn hərbi birləşmələrin fəaliyyətinə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində Muxtar qurum ləğv edildi, üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində dalğalanmağa başladı.Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev xalqımızın xoşbəxt gələcəyi üçün mümkün olanları etdi. 15 iyundan başlanan çağdaş tariximiz xalqımızı qalib xalqların cərgəsinə daxil etdi. Qurtuluş Günü Azərbaycan xalqının müqəddəratını həll edən hadisə oldu" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə