Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsinin açılışı ruhun birlik rəmzi oldu "Sarsılmaz qardaşlıq" - bu ifadə, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasındakı dərin tarixi, mədəni, dil və din birliyinə əsaslanan möhkəm əlaqələri ifadə edir. Bu qardaşlıq yalnız sözlərdə deyil, həm də tarixi hadisələrdə, siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə birgə atılan addımlarda özünü göstərir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Türkiyə arasındakı münasibət təkcə siyasi maraqlara əsaslanmır, bu münasibət dərin ürək bağları, ortaq tarix, mədəniyyət və birgə gələcək vizyonuna söykənir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər sıradan bir beynəlxalq əlaqə deyil - bu, qanın, ruhun və yaddaşın birliyidir. Bu münasibəti ifadə etmək üçün Ümummilli Lider Heydər Əliyevin söylədiyi "Bir millət - iki dövlət" kəlamı artıq hər iki ölkədə bir vəhdət simvoluna çevrilib.
Tarixin müxtəlif dönəmlərində eyni ağrıları yaşamış, eyni sevincləri bölüşmüş bu iki xalq, zaman keçdikcə öz qardaşlığını daha da möhkəmləndirmişdir. Siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə qurulan qarşılıqlı yüksək əməkdaşlıq bu münasibətlərin nə qədər dərin və davamlı olduğunu təsdiqləyir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər mənəvi bağlara malik olması bu iki ölkəni daha da doğmalaşdırıb, sevincli və kədərli günlərdə birinin digərinin yanında olmasını şərtləndirib. Bu qardaşlığın əsas sütunları o qədər möhkəmdir ki, heç bir qüvvə ona zərər yetirə bilmir. Nə qədər çalışsalar da, hiylələri, məkrli planları sonunda alt-üst olur və bumeranq effekti verir.
Azərbaycan və Türkiyənin əlaqələrinin kökləri qədim tarixə dayanır. Oğuz türklərinin ortaq soy-kökü bu gün hər iki xalqın yaddaşında canlı qalır. Dil, din, adət-ənənə və milli dəyərlər baxımından mövcud olan bənzərliklər, bu münasibətləri yalnız rəsmi səviyyədə deyil, həm də xalqlar arasında möhkəmləndirir. Tarixi hadisələr də bu qardaşlığın nə qədər möhkəm olduğunu sübut edir. Birinci Dünya müharibəsi zamanı Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsi, XX əsrin sonlarında Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olması bu birliyin örnəkləridir.
Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi, Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Türkiyə, müharibənin ilk günündən son gününə qədər Azərbaycanın yanında yer aldı. Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi siyasi və mənəvi dəstək, türk xalqının duaları və qardaşlıq mesajları Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Müharibədən sonra imzalanan Şuşa Bəyannaməsi ilə iki ölkə arasında strateji müttəfiqlik rəsmiləşdirildi. Bu sənəd, həm regional təhlükəsizlik, həm də gələcək əməkdaşlıq üçün əhəmiyyətli bir zəmin yaratdı.
2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və "əsrin faciəsi" adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular. Azərbaycan dərhal humanitar yardımlar göndərdi. 5373 tonluq humanitar yardımın tərkibində 9183 çadır, 145 konteyner tipli mobil ev, səhra hospitalı, səhra mətbəxi, generatorlar və digər həyati əhəmiyyətli ləvazimatlar yer aldı. Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ çıxartdı, 780 nəfərin cəsədini tapdı. Ümumilikdə 3123 nəfərə tibbi yardım göstərildi. Bu yardımların ümumi maliyyə dəyəri 31 milyon 510 min 900 ABŞ dolları (53 milyon 568 min 530 AZN) təşkil etdi. Həmçinin 13 milyon 397 min 883 ABŞ dolları (22 milyon 776 min 400 AZN) birbaşa maliyyə yardımı qismində qardaş ölkəyə təqdim olundu. Bu dəstək yalnız təcili yardım səviyyəsində qalmaqla kifayətlənmədi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olundu. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti yaradıldı.
Dünən isə bu möhtəşəm layihənin təntənəli açılış mərasimi keçirildi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə iki qardaş yan-yana dayanaraq bir daha dünyaya birliyimizi, əbədi dostluğumuzu nümayiş etdirdilər. İlham Əliyev bəyan etdi ki, Azərbaycan hər zaman Türkiyənin yanında, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı bildirdi ki, "Azərbaycan" məhəlləsinin açılışında əziz qardaşı ilə birlikdə iştirakı bir daha birliyimizin, dostluğumuzun təzahürüdür. Rəcəb Tayyib Ərdoğan isə dedi ki, zəlzələ baş verəndən dərhal sonra Türkiyəyə ilk köməyə gələn Azərbaycan oldu: "Zəlzələnin ilk anından inamımızı heç itirmədik, bir gün belə ümidsizliyə qapılmadıq. Bu çətin dönəmdə ölkəmizin imdadına ilk çatan can Azərbaycandır. "Səninləyəm Türkiyəm" deyən, avtomobilinin damına yardımları yığan, acımızı paylaşan Azərbaycan xalqının dayanışmasını heç vaxt unuda bilmərik və unutmayacağıq. "Azərbaycan" məhəlləmiz bizim ən dəyərli layihələrimizdən biridir, qürur tablomuzdur. Bu məhəllə Azərbaycanın dəstəyilə yenidən dirçəlir". Dünən Kahranmaraşda böyük həyacan və izdiham yaşandı. "Azərbaycan" məhəlləsi iki qardaşın iştirakı ilə istifadəyə verildi. Türkiyəli qardaşlarımız mənzillərinin açarlarını alıb, yeni xoşbəxt həyatlarını yaşamağa başladılar. Bu möhtəşəm tarixi hadisə bir daha onu sübut etdi ki, sarsılmaz qardaşlıq bugünkü nəsillər üçün fəxr mənbəyi olduğu kimi, gələcək nəsillər üçün də birlik və bərabərlik modelidir. Bütün bunlar, çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bugünkü mərhələsi ölkələrimizin şanlı birlik salnaməsinə parlaq səhifələr əlavə edir.
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq, Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Hər zaman bir-birinin yanında olan, beynəlxalq müstəvidə bir-birini birmənalı olaraq dəstəkləyən, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazan Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı, birgə təşəbbüsləri regionda strateji inteqrasiyanın daha intensiv xarakter almasına mühüm töhfələr verir. Eyni zamanda dünyanın böyük dövlətlərindən olan Türkiyənin güclənməsi, həm də Azərbaycanın gücünün artması deməkdir. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsi regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir.
Ən əsası, əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətləri sadəcə dövlətlərarası dostluq deyil, bu, qəlbdən-qəlbə keçən bir qardaşlıqdır. Bu münasibətlərin təməlində qarşılıqlı etimad, ortaq tarix və gələcək naminə birgə iradə dayanır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri