Bu gün Azərbaycan energetika tarixində mühüm dönüş nöqtəsidir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi təkcə texniki nailiyyət deyil, həm də siyasi iradə, milli inkişaf və strateji baxışın bariz nümunəsidir. Bu stansiya, sözün əsl mənasında, həm energetika sahəsində gücümüzü, həm də müstəqil dövlət olaraq qətiyyətimizi təsdiqləyir. “8 Noyabr” Stansiyası Azərbaycanın bu günə qədər tikilmiş ən böyük elektrik stansiyasıdır. Onun 1880 meqavatlıq generasiya gücü ölkəmizin enerji təhlükəsizliyini yeni mərhələyə yüksəldir. Bu, sadəcə enerji deyil, sabitliyin, inkişafın və gələcəyə inamın enerjisidir. Bu stansiya Azərbaycanın yalnız bu günü üçün deyil, gələcək onillikləri üçün strateji əhəmiyyət daşıyan bir infrastruktur layihəsidir. Mingəçevirin artıq Cənubi Qafqazın enerji paylayıcısı və əsas istehsal mərkəzinə çevrilməsi təsadüfi deyil. Bu şəhər, keçmişin ağır çətinliklərinə sinə gərərək, bu gün müasir texnologiyaların tətbiq olunduğu mühüm sənaye və enerji mərkəzinə çevrilib. Bu gün elektrik enerjisinin 40 faizdən çoxunun məhz Mingəçevirdə istehsal olunması təsadüfi deyil. Burada formalaşan ənənələr, kadr potensialı və infrastruktur bu uğurların təməlini təşkil edir.
Unutmayaq ki, bu yolun başlanğıcı da Mingəçevirdən keçib. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdu. O vaxtdan etibarən Mingəçevir energetikanın ürəyinə çevrildi. Hətta sovet dövründə bu stansiya Qafqazın aparıcı enerji mərkəzlərindən biri idi. O dövrdə görülən işlər, atılan addımlar, bugünümüzün möhkəm təməli oldu. Müstəqilliyin ilk illərində baş verən enerji böhranı və qıtlıq şəraiti hər birimizin yaddaşında dərin iz buraxıb. Axşamlar elektrik kəsintiləri, zavod və fabriklərin fəaliyyətsizliyi, televiziyanın yayınlarının dayanması kimi problemləri yaşadıq. Bu çətin dövrlərdə də Mingəçevir qismən olsa belə, həyatın davam etməsinə imkan verdi. Bütün bu keçmiş təcrübə, bugünkü uğurlarımızın qiymətini daha dərindən anlamağımıza kömək edir. Son 20 ildə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü enerji siyasəti nəticəsində ölkənin enerji infrastrukturu faktiki olaraq sıfırdan qurulub. Bütün bölgələrdə yeni elektrik stansiyaları inşa olunub, enerji xətləri yenilənib, generasiya gücü dəfələrlə artırılıb. Bu sırada Mingəçevir xüsusi yer tutur. Burada baş verən qəzanın dərhal ardından görülən operativ tədbirlər bir daha sübut etdi ki, Azərbaycan rəhbərliyi bu sektora ən yüksək səviyyədə önəm verir. Xüsusilə 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması prosesinin başlanması mühüm addım oldu. 2020-ci ildə bu prosesin uğurla başa çatması və stansiyanın yeni həyat qazanması artıq dövlət siyasətinin sistemli və davamlı olmasının göstəricisidir. Hazırda “Azərbaycan” Stansiyasının 1800 meqavat gücü, “8 Noyabr”ın 1880 meqavat gücü və Su Elektrik Stansiyasının 400 meqavatdan artıq gücü ilə Mingəçevir Azərbaycanın enerji ürəyinə çevrilmişdir. “8 Noyabr” stansiyasının inşası həm də rekord göstəricidir. Çünki bu səviyyədə – təxminən 2 min meqavat gücündə stansiyanın 2 il kimi qısa müddətdə inşa olunması dünya miqyasında nadir haldır. Məsələn, sovet dövründə 300 meqavatlıq bir blokun inşası 7 ilə başa gəlirdi. Bu gün biz iki il ərzində on qat artıq enerji gücü əldə etmişik. Bu isə milli mütəxəssislərimizin peşəkarlığı, beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlıq və dövlətin iradəsi sayəsində mümkün olub. Stansiyanın inşasında İtaliya və Çin şirkətləri ilə uğurlu əməkdaşlıq mühüm rol oynayıb. Bu həm də onu göstərir ki, Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş kimi qəbul olunur. Biz təkcə resurs ixrac edən deyil, həm də texnologiyanı mənimsəyən, tətbiq edən və inkişaf etdirən ölkəyə çevrilmişik.Bu nailiyyətlər təkcə energetika sahəsinin deyil, ümumən Azərbaycanın gücünün göstəricisidir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən çevik, planlı və strateji enerji siyasəti artıq öz real nəticəsini verir. Artıq biz təkcə daxili ehtiyaclarımızı ödəməklə kifayətlənmirik, həm də ixrac potensialımızı genişləndiririk. Enerji sahəsində bu gücümüz bizə siyasi və iqtisadi cəhətdən də əlavə üstünlüklər qazandırır. Azərbaycanın beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi tanınması və Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi bu uğurların davamıdır. Bu gün Mingəçevirin adı sadəcə bir şəhər kimi deyil, böyük strateji mərkəz kimi çəkilir. Burada formalaşan peşəkar mühəndis və texniki heyət Azərbaycanın enerji sisteminin onurğa sütununu təşkil edir. Bu da təsadüfi deyil, çünki bu şəhərdə illər ərzində formalaşmış təcrübə, bilik və ənənə bir məktəbə çevrilmişdir. Azərbaycan enerji sahəsində öz yolunu inamla davam etdirir. Biz keçmişin dərslərindən nəticə çıxardıq, bugünkü uğurları təmin etdik və sabaha daha güclü addımlarla irəliləyirik. Energetika sahəsində görülən işlər hər birimizin həyatına birbaşa təsir edir. Bu sahədə qazanılan hər uğur – bir ailənin evində daim yanan işıq, bir fabrikin fasiləsiz fəaliyyəti, bir məktəbdə davam edən tədris deməkdir. “8 Noyabr” Elektrik Stansiyası təkcə bir texniki obyekt deyil. Bu stansiya bizim milli gücümüzün, idarəetmə mədəniyyətimizin, iqtisadi müstəqilliyimizin və müasir texnologiyaları mənimsəmə qabiliyyətimizin simvoludur. Azərbaycanın enerji siyasəti bu gün ölkəmizin gələcək inkişafına, yeni texnologiyaların tətbiqinə və yaşıl enerjiyə keçidinə də yol açır. Bu stansiya həm də enerji sistemində çevikliyi təmin edəcək, itkiləri minimuma endirəcək və ixrac imkanlarımızı artıracaq. Bu isə ölkəyə valyuta axını, yeni investisiyalar və daha da güclü iqtisadiyyat deməkdir. Bu gün biz fəxrlə deyə bilərik ki, Mingəçevir yalnız Azərbaycanın deyil, bütövlükdə regionun enerji ürəyidir. Bu ürək sabit döyünür, güclə döyünür, gələcəyə inamla döyünür!
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini