PDF Oxu

Siyasət

  • 519

Avropanın Fələstin dövlətini tanıması regiona nə vəd edir? TƏHLİL

image

Dünyanı cənginə alan müharibələr, münaqişələr fonunda ən amansızı və dəhşətlisi İsrail- Fələstin qarşıdurmasıdır. Bu qarşıdurma həm də uzun müddət davam etməsinə görə diqqəti cəlb edir. 1948-ci ildə İsrail dövlətinin yaranması ilə bölgədə qanlı müharibənin əsası qoyuldu. 1967-ci ildə 6 günlük müharibə zamanı İsrail tərəfindən Qəzza zolağı, Colan təpələri və digər ərazilər işğal olundu. Müharibənin dayandırılmasına dair ərəb ölkələri ilə İsrail arasında bir sıra anlaşmalar imzalansa da, həmin anlaşmalar sadəcə kağız üzərində qalıb. 1993-cü ilin oktyabr ayında İsrail ilə Fələstin arasında “Oslo sazişi” kimi tanınan müqavilə imzalandı. Müqaviləyə görə, İordan çayının qərb sahilində və Qəzza zolağında özünüidarəetmə tətbiq olundu və Fələstin Milli Administrasiyası yaradıldı. Bir qədər sonra isə İsrail Qəzza zolağında tikilən yaşayış məntəqələri söküldü və İsrail ordusu geri çəkildi. İsrail ordusunun ərazini tərk etməsindən sonra indiki fars-molla rejiminə yaxınlığı ilə seçilən radikal dini qüvvələr formalaşmağa və güclənməyə başladılar. Hətta 1987-ci ildə fars-molla rejiminin təşəbbüsü ilə yaradılan HAMAS təşkilatı “Oslo sazişi”ni tanımaqdan imtina etdi. Bundan sonra tərəflər arasında qarşıdurma daha amansız xarakter aldı. HAMAS dini təşkilatın Şərqi Qüds daxil olmaqla İsrail ərazilərində terror aktları törətməsi, xüsusilə də Misirlə sərhəddə yerləşən İsrailə məxsus sərhəd-keçid məntəqəsinə edilən hücumdan sonra Təl-Əviv 2006-cı il iyunun 28-dən noyabrın 1-dək genişmiqyaslı əməliyyatlar keçirdi. Qanlı döyüşlər zamanı 546 fələstinli, 23 İsrail əsgəri öldürüldü.

Osmanlı imperiyasının bir parçası olmuş Fələstin

Məlumat üçün qeyd etmək lazımdır ki, 15 noyabr 1988-ci ildə qurulmuş Fələstin dövləti rəsmi olaraq Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən idarə olunur. Bu dövlət BMT-nin 141 üzvü tərəfindən tanınır və 2012-ci ildən BMT-də qeyri-üzv müşahidəçi statusuna malikdir. Lakin İsrail tərəfi Fələstinin dövlət kimi tanınmasına qarşıdır. Bu da tərəflər arasında beynəlxalq tədbirlərdə bir-birinə qarşı ittihamlar irəli sürmələrinə gətirib çıxarır. Ərəb ölkələri, eləcə də Türkiyə Fələstini daim müdafiə edir. Xüsusilə də Türkiyə siyasi hakimiyyəti və xalqı daha əzmlə və fədakarlıqla fələstinliləri dəstəkləyir və onların haqq savaşını müdafiə edirlər. Bu da təbii olaraq ondan irəli gəlir ki, zamanında Fələstin əraziləri Osmanlı imperiyasına daxil olub. Yəni Fələstin əraziləri Osmanlı imperiyası tərəfindən idarə olunub. Ancaq Birinci Dünya müharibəsində Osmanlı imperiyasının məğlub olması fələstin - yəhudi qarşıdurmasını qabardır. Bir sıra aparıcı dövlətlər Fələstində yəhudi xalqı üçün “milli ev” yaratmaq niyyətində idi. Həm də 1917-ci ildə Böyük Britaniya xarici işlər naziri Artur Balfurun Britaniyanın yəhudi icmasına İsrail dövlətinin yaradılmasına vəd vermişdi. Osmanlı İmperiyası yıxıldıqdan sonra, Böyük Britaniya Fələstin üzərində mandata sahib olur və yəhudilərə faktiki dövlət qurmağı özündə ehtiva edən Balfur Bəyannaməsi 1922-ci ildə Millətlər Liqası (indiki BMT) tərəfindən təsdiqlənir.

Uzun sürən qarşıdurmanın qarşısını almaq məqsədi ilə 1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi (56%) və ərəb (44%) dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə barədə qərar qəbul edilir. 1990-cı illərdə Oslo razılaşması ilə yəhudi və fələstin dövlətlərinin yaradılması və birgəyaşayış prinsiplərinin müəyyən edilməsi qərara alınır.

Başqa kənar qüvvələrin əlində hərbi və siyasi alətə çevrilən təşkilatlar

Yaxın Şərqdə Fələstinin azadlığı üçün yaradılan təşkilatlar HAMAS, FAT, FİC, FQDC, FAXC-BK, FMH, ƏƏŞB və sair təşkilatlar başqa kənar qüvvələrin əlində hərbi və siyasi alətə çevrildilər. Bəzi hallarda kənar qüvvələrin maraqları toqquşan zaman Fələstin ərazilərində yaradılan təşkilatlar arasında qarşıdurmalar baş verdi. Bundan istifadə edən İsrail asanlıqla Qəzza və digər Fələstin ərazilərində hərbi əməliyyatlar keçirməklə planlarını həyata keçirib. 1948,1956, 1967, 1973, 2024-ci illər də baş verən hərbi toqquşmalar zamanı İsrail demək olar ki, bütün kollektiv ərəb dövlətlərinə, Fələstinə qalib gəlib.

İsrail hərbi qüvvələri 2008-ci il dekabrın 27-dən 2009-cu il yanvarın 18-dək Qəzza zolağında “Tökmə qurğuşun” əməliyyatını həyata keçirdi. Hərbi əməliyyatları 10 mindən çox ehtiyatda olan əsgər də daxil olmaqla üç nizami İsrail briqadasası iştirak etmişdir. HAMAS, Livanda yerləşən Hizbullah təşkilatları İsrailə qarşı sərt cavab tədbirləri görməyə çalışdılar. BMT-nin məlumatına görə, Qəzza zolağında üç həftə davam edən döyüşlər zamanı təxminən 1400 fələstinli həlak oldu ki, onların da yarıdan çoxu mülki şəxslər idi. Fələstin Mərkəzi Statistika Bürosunun məlumatına görə, Qəzza zolağında iqtisadi itkilər təxminən 2 milyard dollar təşkil etdi, 4 minə yaxın ev tamamilə dağıldı, 11 minə yaxın binaya ziyan dəydi, 100 minə yaxın fələstinli evsiz qaldı. Rəsmi məlumatlara görə, İsrail tərəfində 10 əsgər və 3 mülki şəxs həlak oldu, 120-yə yaxın insan yaralandı. İsraildə isə raket hücumları nəticəsində 50-yə yaxın evə ziyan dəydi. Əməliyyat İsrail xəzinəsinə 1-1,5 milyard dollara başa gəldi. Əməliyyat zamanı fələstinli yaraqlıların raket hücumlarının tam dayandırılmasına nail olmaq mümkün olmadı, lakin onların intensivliyi xeyli azaldı. Sonrakı illərdə HAMAS- İsrail arasında ara-sıra qarşıdurmalar yaşansa da, bu, mövcud sərhədlərin dəyişməsinə təsir göstərmədi. Yalnız 2014-cü il iyulun 8-dən avqustun 26-dək “Müdafiə xətti” adlı İsrailin keçirdiyi növbəti əməliyyatla Qəza zolağında HAMAS-ın ərazi itkisi ilə üzləşməsinə səbəb oldu. İsrail bu əməliyyata böyük piyada, mühəndis qoşunlarını, tank bölmələrini və Hərbi Hava Qüvvələrini cəlb etdi, 82 mindən çox ehtiyatda olan hərbçi xidmətə çağırıldı. Fələstinli yaraqlıların sayı müxtəlif mənbələrə görə 20-40 min nəfər idi. Döyüşlər zamanı Fələstin tərəfində 516-sı uşaq, 283-ü qadın olmaqla 2100-dən çox insan həlak oldu, 11 minə yaxın insan yaralandı. Qəzzada 18 minə yaxın ev dağıdıldı, 100 min insan evsiz qaldı. Qəza zolağının iqtisadi itkiləri 6 milyard dollar qiymətləndirildi. İsrail tərəfində isə 67 əsgər həlak oldu (bu 2006-cı ildə İkinci Livan Müharibəsindən sonra ən böyük hərbi itki idi, bu müharibədə 160-dan çox əsgər öldürülmüşdü), 500-dən çox əsgər yaralandı.

İsrail-Fələstin qarşıdurmasının aradan qaldırılması üçün dünyanın aparıcı dövlətləri müəyyən təşəbbüslərlə çıxış etdilər. Hətta tərəflərin bir-birinin ərazi bütövlüyünü, eləcə də sərhədləri daxilində dövlətlərini tanımaq təklifi ilə çıxış etdilər. Lakin yenə də kənar təsirlərin güclü olması səbəbindən bölgədə sülh yaratmaq mümkün olmayıb . HAMAS qruplaşmasının 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə təşkil etdiyi və 1200-dən çox insanın ölümünə səbəb olan hücumundan sonra vəziyyətin yaxın illərdə nizamlanmasının qeyri- mümkün olduğunu deməyə əsas verir. İsrailin HAMAS-a qarşı Qəzza sektorunda başlatdığı hərbi əməliyyatlar artıq 50 mindən çox fələstinlinin həyatına son qoyub.

Avropa ölkələri Fələstinin müstəqil dövlətini tanımağa başlayır

İsrailin xarici işlər naziri Qideon Saar Fələstin torpaqlarının "İsrail torpaqları" olduğunu deyib. Ölkənin baş nazir Benyamin Netanyahu isə İsrail Fələstinə öz dövlətini yaratmağa imkan verməyəcək" açıqlaması fələstinlərinin dövlət yaratmaq imkanının real vəziyyətini göstərir. Heç şübhəsiz ki, İsrail nəinki öz sərhədləri daxilində qalacaq, digər dövlətlər hesabına ərazilərini genişləndirəcək. İsrail 2024-cü ildə başlayan və bu gün də davam edən müharibə ilə yenidən Livan və Suriya hesabına ərazilərini genişləndirib. Lakin son vaxtlar İsrailin Qəzzada humanitar fəlakət yaratması, mülki əhaliyə qarşı daha amansız davranması dünya birliyini əsaslı düşnməyə məcbur edib. Hətta vəziyyət elə bir həddə çatıb ki, bir zaman İsrailin yaxın müttəfiqi olduğu iddia edilən Almaniya, Fransa kimi dövlətlər Fələstini dövlət olaraq tanıyacaqlarına dair bəyanatla çıxış edirlər. Fransa prezidenti E.Makron bildirib ki, Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq. Bunu Fransa Prezidenti Emmanuel Makron X-də bildirib. O qeyd edib ki, bu qərarı sentyabrda BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcək: "İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir".

E.Makron bildirib ki, hazırda Fələstinin HAMAS hərəkatının demilitarizasiyasını, həmçinin Qəzzanın təhlükəsizliyini və bərpasını təmin etmək lazımdır: “Nəhayət, Fələstin dövlətini qurmaq, onun həyat və qabiliyyətinə zəmanət vermək, silahsızlaşdırılmasını qəbul edərək və İsraili tam tanımaqla Yaxın Şərqin bütün xalqlarının təhlükəsizliyinə töhfə vermək imkanı vermək lazımdır”. Fransa lideri Qəzza zolağında tezliklə atəşkəs əldə olunmasının vacibliyini də vurğulayıb. İsrailin ədliyyə naziri Yariv Levin Makronun Fələstin dövlətini tanımaq qərarını Fransanın tarixi üçün “qara ləkə” və terrorizmin birbaşa dəstəyi adlandırıb. Nazirin sözlərinə görə, “İsrail torpaqları israillilərə məxsusdur” və Makronun bəyanatı bu həqiqəti dəyişə bilməz. Levin həmçinin bildirib ki, artıq İsrailin suverenliyinin Yəhudeya, Samariya və İordan çayı vadisinə də şamil edilməsinin vaxtı çatıb.

BMT-nin Fələstin probleminin nizamlanması üzrə yüksək səviyyəli beynəlxalq konfransında çıxışı zamanı İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Safadi bildirib ki, Yaxın Şərqdə ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yolu BMT-nin İsraillə yanaşı yaşayacaq Fələstin dövlətinin yaradılması qərarını həyata keçirməkdir: “Fələstin dövlətinin tanınması təcili zərurətə çevrilib və fələstinlilər danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Lakin İsrail sülh prosesinə maneçilik törədir və öhdəliklərini yerinə yetirmir. Bu vəziyyətdə BMT Təhlükəsizlik Şurasının yəhudi dövlətinə qarşı tədbir görməsinin vaxtı çatıb”.

Əs-Safadi beynəlxalq ictimaiyyətin diqqətini İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilində "sülh perspektivlərini sarsıdan və gərginliyi artıran" birtərəfli hərəkətlərinə yönəldib. “Biz İsraili dayandırmaq və humanitar fəlakətin davam etdiyi Qəzza zolağında faciəyə son qoymaq üçün hərəkətə keçməliyik”.

İtaliyanın Baş naziri Ciorcia Meloni isə Fələstin dövlətinin çox tərəfdarı olduğum halda, onun yaradılmasına aparan bir prosesdən əvvəl tanınmasının tərəfdarı olmadığını söyləyib. Qeyd edib ki, o Fələstin dövlətinin tərəfdarıyam, amma indi bu, qeyri-məhsuldar addım ola bilər: Bunu bir neçə dəfə, o cümlədən Parlamentdə demişəm. Fələstin Administrasiyasına çatdırmışam, Makrona da demişəm. Fələstin dövləti olmadan onun tanınmasının ümumi məqsədə əks təsir göstərə biləcəyinə inanıram. Əgər mövcud olmayan bir şey kağız üzərində tanınırsa, problem həll olunmuş kimi görünəcək, lakin həll olunmamış qalacaq”.

Fələstin- Azərbaycan münasibətləri

Fələstin liderlərinin Azərbaycana qarşı qərəzli, əsasən də erməni lobbisnin maraqlarına xidmət edən fəaliyyət nümayiş etdirsələr də, ölkəmiz və xalqımız müsəlman təəssübkeşliyindən çıxış edərək daim fələstinlilərə dəstək göstərib. Hələ 1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. Ötən illər ərzində ölkələrimiz arasında xüsusən də humanitar sahədə yaxşı əməkdaşlıq əlaqələri təsis edilmişdir. Azərbaycan dövləti Fələstin xalqına milyonlarla ABŞ dolları ilə ölçülən maliyyə yardımı göstərmişdir. İki ölkə arasında əlaqələri müsbət dəyərləndirmək olar. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Fələstin Dövləti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir. 28-29 iyun 2011–ci ildə Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Azərbaycana rəsmi səfəri zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 4 sənəd imzalanmışdır. 22 aprel 2013- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, 30 mart 2023- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfərlər ediblər. Fələstin Dövlətinin xarici işlər və mühacirlər naziri Riyad Əl-Malikinin 2018, 2019 və 2023-ci illərdə Azərbaycana işgüzar səfərlər edib. Söz yox ki, rəsmi dövlət səfərləri xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verir. Bundan sonra bu əlaqələrin daha da inkişaf edəcəyi şübhəsizdir. Çünki birincisi, hər iki xalqı islam amili birləşdirir, ikincisi isə dövlətlər rəhbərlərinin siyasi iradəsi mövcuddur.

İLHAM ƏLİYEV

Digər xəbərlər