PDF Oxu

Siyasət

  • 579

Sağlam biznes mühiti

image

Ölkəmizdə sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaradıb. Sahibkarlara ayrılan diqqətin nəticəsidir ki, onlara güzəştli kreditlər verilir, fermerlərə subsidiyalar ayrılır ki, bu da ölkədə sahibkarlığın inkişafına münbit şəraitin olduğunu əks etdirən amillərdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı ölkədə sahibkarlığın inkişafında yeni mərhələ oldu və sahibkarlığın inkişafı üçün geniş imkanlar açmış oldu. Həyata keçirilən tədbirlərin, reallaşan dövlət proqramlarının davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" məlum Sərəncamı ölkəmizdə əhalinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlər sırasında əhəmiyyətli Sənəddir. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, eləcə də kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaratmış oldu. Azərbaycanda məhz dövlət səviyyəsində və bütün ölkəni əhatə edə biləcək şəkildə, geniş formada özünüməşğulluq proqramı icra olunur. Bu sahədə görülən tədbirlər ölkədə ailə biznesinin genişlənməsində, nəticə etibarilə sosial-iqtisadi inkişaf proseslərində vətəndaşların fəal iştirakının təmin olunmasında, kiçik və orta sahibkarlığın inkişafında növbəti irəliləyişlərə əsas yaradır.

KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFINA DƏSTƏK

Qeyd edək ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması bu sahədə mühüm addımların atılmasında əhəmiyyətli rol oynadı. Sosialyönümlü layihələr həyata keçirən "ABAD" (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılması yolu ilə əhalinin məşğulluq səviyyəsinin artırılmasına yönəlib. "ABAD" publik hüquqi şəxsin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələrin həyata keçirilməsidir. Layihələrə cəlb olunan insanlar müəyyən müddətdən sonra heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq, tərəvəzçilik (istixana), pərakəndə satış kimi istiqamətlər üzrə uğurlu şəkildə özünməşğulluq fəaliyyəti qurublar.

Xatırladaq ki, "ABAD" pilot layihə olaraq fəaliyyətə Masallı rayonunda 7 təsərrüfatçı ailə ilə başlayıb. "ABAD"çılarla həyata keçirilmiş kommersiya fəaliyyəti nəticəsində onların minlərlə çeşiddə sənətkarlıq, qida və digər müxtəlif növ məhsulları satışa çıxarılıb.

Ailə Biznesinə Asan Dəstək - "ABAD" ın məhsulları artıq dünya ölkələrinin bazarlarında yer alıb. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları bazarına ixrac olunub və satışa start verilib.Sözügedən məhsullara bal, mürəbbələr, souslar, çay və fıstıq kimi qida məhsulları daxildir. Əsas məqsəd Azərbaycan mətbəxinin zəngin dadlarını dünya miqyasında tanıtmaq və yerli brendləri geniş alıcı kütləsinə təqdim etməkdir.

SOSİALYÖNÜMLÜ LAYİHƏLƏR SIRASINDA AİLƏ BİZNESİ

ABAD-ın bir sıra regional mərkəzləri - Masallı, Balakən, Quba, İmişli və s. mövcuddur. Qubada "ABAD Factory" İstehsalat Kompleksi, Şəkidə "ABAD" Keramika Mərkəzi fəaliyyət göstərir. Bunlardan əlavə, əl işi suvenirləri satışa çıxarılan "ABAD etno-butiki" və "Bravo" marketlərində ABAD ailələrin qida məhsullarını satışa çıxarılan "ABAD bakaleya" mövcuddur.

Məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə özəl sektor həlledici rola malikdir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur.

Əhalinin məşğulluq imkanlarının artırılması, bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali təbəqələrinə dövlət qayğısının artırılması yönündə həyata keçirilən tədbirlər insanlarda məmnunluq yaradır. Ailə biznesini qurulması və inkişafı da sosialyönümlü layihələr sırasında uğurlu hesab olunur. Təbii ki, bunun böyük nəticələri var.

2030-CU İLƏDƏK ƏMƏK MƏHSULDARLIĞI 2 DƏFƏYƏ QƏDƏR ARTIRILACAQ

"Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" dövlət başçısının məlum Sərəncamının yüksək səviyyədə icrası və özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində ardıcıl işlər görülüb. Bu gün ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi sağlam biznes mühitini yaradıb. Təbii ki, bu da fərdi təsərrüfata sahib olan iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şərait onlarda məmnunluq hissini yaradır.

Məlumdur ki, Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" təsdiq edilib. Sözügedən Strategiyaya əsasən, iqtisadiyyatda rəsmiişləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulub. 2030-cu ilədək işsizliyin səviyyəsinin 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirilməsi nəzərdə tutulub. Yüksək əlavə dəyər yaradan və çox əmək sərf olunan sahələrə diqqət yetirməklə, iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və 2030-cu ilədək əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaq nəzərdə tutulub. 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarını hazırlamaq, onların müntəzəm yenilənməsi mexanizmini yaratmağa nail olunacaq.

Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib. Pandemiya dövründə sahibkarlara göstərilən dəstək dövlətin daim sahibkarların yanında olduğunun göstəricisi idi. Bu tədbirlər sahibkarların iqtisadi fəallığının bərpası və artmasına, iqtisadi inkişafın sürətlənməsinə imkan vermiş oldu.

AQRAR SEKTOR MODERNLƏŞİB

Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların nəticəsi beynəlxalq hesabatlarda qeyd olunur. MDB ölkələri arasında lider mövqelər sırasında Azərbaycan yer alıb. Prezidentin 20 dekabr 2022-ci il tarixli Fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. İnvestisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları və müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə strateji layihələrə verilir. Aqropark bildiyimiz kimi, müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Dünya iqtisadiyyatında aqrar sektorun modernləşdirilməsi - yeni texnologiyaların tətbiqi ilə təsərrüfatlarda fəaliyyətin optimallaşdırılması, itkilərə yol verilməməsi, məhsuldarlığın artırılması əsas prinsiplərdəndir. Azərbaycanda da son illər qeyri-neft sektorunun inkişaf vektorlarından biri sayılan aqrar-sənayeyə böyük önəm verilir və adıçəkilən sahəyə sərmayələr yatırılması təmin edilir. Bununla əlaqədar illər öncə müvafiq hüquqi baza da yaradılıb. Yeni meyarlara ekoloji nöqteyi-nəzərdən əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunub, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təsdiq edilib. Hazırda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır.

Görülən tədbirlər deməyə əsas verir ki, Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilib, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər