Hər bir xalqın milli kimliyinin, mədəni dəyərlərinin və tarixi yaddaşının qorunmasında dilin rolu əvəzsizdir. Azərbaycan xalqı üçün də ana dili sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan dilinin inkişaf tarixi uzun və zəngin mərhələlərdən ibarətdir. Xüsusilə 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu günün qeyd olunması Ulu Öndər Heydər Əliyevin dil siyasətinin nəticəsidir. 2001-ci il avqustun 9-da Ümummilli Liderin fərmanı ilə 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsdiq olunmuşdur. Bu tarixin seçilməsi təsadüfi deyil. Məhz 2001-ci ildə Azərbaycanda latın qrafikalı əlifbaya keçid tam başa çatdı və dövlət səviyyəsində bu əlifbanın tətbiqinə başlanıldı. Azərbaycan əlifbasının inkişafı da xalqımızın tarixi ilə sıx bağlıdır. Əsrlər boyunca Azərbaycan dili müxtəlif əlifbalarda – ərəb, kiril və latın qrafikalarında yazılmışdır. Lakin latın qrafikasına keçid milli dilimizin müstəqil inkişafını təmin edən ən mühüm addımlardan biri oldu. Bu, həm də qloballaşan dünyada Azərbaycan dilinin informasiya texnologiyalarında və beynəlxalq arenada daha geniş tətbiqinə şərait yaratdı. Dilimiz bu gün müasir dövrün çağırışlarına cavab verəcək şəkildə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dilin dövlət statusunun qorunması, ədəbi dilin saflığının təmin olunması və gənc nəslin ana dilində təhsil alması istiqamətində mühüm işlər görülür. Eyni zamanda, Azərbaycan dilinin internet məkanında geniş təbliği, elektron resursların yaradılması və dilçilik sahəsində elmi tədqiqatların aparılması da prioritet sahələrdəndir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlının dilinə, kimliyinə və mədəniyyətinə sahib çıxması üçün bir çağırışdır. Bu gün bizə təkcə dilimizi qorumaq deyil, onu gələcək nəsillərə daha zəngin və inkişaf etmiş şəkildə ötürmək məsuliyyətini xatırladır. Dilimizin yaşaması və inkişafı hər birimizin borcudur. Bu yolda atılan hər bir addım milli varlığımızın qorunmasına xidmət edir.
Könül İbrahimova
Elm və təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatinin sədri