PDF Oxu

Siyasət

  • 1 328

Zəfərdən inkişafa uzanan yol - ŞƏRH

image

2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri və burada etdiyi çıxış Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyətə malikdir.

Bu çıxış təkcə Kəlbəcərin taleyi ilə bağlı deyil, bütövlükdə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin gücü və xalqımızın
birliyi barədə mühüm mesajlar əks etdirirdi. Prezident İlham Əliyev Kəlbəcərin işğalının Azərbaycan xalqı üçün nə qədər böyük faciə olduğunu
xüsusi vurğuladı. Onun sözlərinə görə, “Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi”.
Doğrudan da, bu hadisə illərlə xalqımızın yaddaşında dərindən iz buraxmış, bölgənin təbiəti, tarixi abidələri və insanlarının taleyi Azərbaycan
cəmiyyətində ağır bir kədər yaratmışdı.

Kəlbəcər Azərbaycanın ən zəngin və strateji bölgələrindən biridir. Burada həm təbii sərvətlər, həm də unikal coğrafi mövqe mövcuddur.
Onun işğalı ölkəmizin iqtisadiyyatına, təhlükəsizliyinə və milli-mənəvi dəyərlərinə böyük zərbə vurmuşdu. Prezident İlham Əliyev öz çıxışında
bu tarixi ədalətsizliyin yalnız güclü dövlət iradəsi, güclü ordu və xalq-dövlət birliyi nəticəsində aradan qaldırıldığını bildirdi.
Kəlbəcərin azad olunması isə Azərbaycanın haqq işinin, milli birliyinin və ədalətin təntənəsi kimi tarixə düşdü.

Çıxışda həmçinin qeyd olundu ki, Azərbaycan dövləti işğaldan azad olunmuş bütün torpaqlarda geniş quruculuq və bərpa işlərinə start verib.
Kəlbəcərdə yeni yollar, məktəblər, xəstəxanalar, sosial infrastruktur obyektləri inşa olunur. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti
öz vətəndaşlarının rifahını təmin etməyi, onların doğma yurdlarına rahat şəkildə qayıtmasını əsas prioritet kimi qarşıya qoymuşdur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “işğaldan azad olunmuş torpaqlarda həyat yenidən canlanır, kəndlər və şəhərlər bərpa olunur,
insanların geri qayıdışı üçün bütün şərait yaradılır”. Bu sözlər yalnız rəsmi bəyanat deyil, həm də dövlətimizin gələcəyə inamla baxmasının
aydın ifadəsidir.

Kəlbəcərin azad olunması və bu gün burada aparılan genişmiqyaslı işlər Azərbaycanın siyasi, iqtisadi və mənəvi gücünün göstəricisidir.
Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışı həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış bir mesaj idi. Bu mesaj Azərbaycanın ədalət,
beynəlxalq hüquq və milli maraqlar uğrunda mübarizədə qətiyyətli olduğunu bir daha nümayiş etdirdi.

Bu səfər və çıxış həmçinin Azərbaycan xalqı üçün böyük bir qürur mənbəyi oldu. Çünki illərlə həsrətində olduğumuz torpaqlarımıza qayıdışın
gerçəkləşməsi, həmin yerlərdə dövlət bayrağımızın ucaldılması hər bir vətəndaşın qəlbində fərəh və qürur hissi oyatdı.
Kəlbəcərin azadlığı və burada yeni həyatın başlanması Azərbaycan xalqının gələcəyə daha inamla baxmasına şərait yaratdı.

Nəticə etibarilə, Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərdə etdiyi çıxış yalnız tarixi bir hadisənin xatırlanması deyil,
eyni zamanda gələcək nəsillərə ünvanlanmış bir yol xəritəsi kimi dəyərləndirilə bilər. Bu çıxışda dövlətimizin gücü, xalqımızın iradəsi və
Azərbaycanın gələcək inkişafı ilə bağlı ən mühüm istiqamətlər aydın şəkildə ifadə olunmuşdur.


Könül İbrahimova
Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri

Digər xəbərlər