Prezident İlham Əliyev: "Biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir"
Türkdilli dövlətlərin arasında qurulan əməkdaşlıq daha da güclənmiş və yeni, daha düşünülmüş mərhələsinə start verilib. Qeyd edək ki, bu gün türk dövlətlərinin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaratmış oldu. Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. "Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibəsində bildirib. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib. " Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır. Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir", - deyə Azərbaycan Prezidenti bildirib.
Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır. Əminliklə bildirək ki, Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri, o cümlədən, tərəflərin siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsi münasibətlərin inkişafında əhəmiyyət kəsb edir. Bəyannamədə qeyd olunduğu kimi, öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən qardaş dövlətlər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.
"TƏŞKİLATIN BÜTÜN ÜZVLƏRİNDƏ SİYASİ SABİTLİK, BİR-BİRİ VƏ HAMISI ARASINDA DOST MÜNASİBƏTLƏR MÖVCUDDUR"
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Sədrlik dövründə türk dünyasının birləşməsinə böyük töhfələrini verdi. Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi və bu görüşün koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunması dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış – 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır.
Vurğulamaq yerinə düşər ki, Azərbaycanın iqtisadi inkişafı regionda həyata keçirilən transmilli layihələrin uğurla reallaşmasına gətirib çıxarıb. İstismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı - Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilib. Türkdilli dövlətlərarası irimiqyaslı infrastruktur layihələri də reallaşdırılıb və bu davamlıdır. Hazırda bir sıra böyükmiqyaslı layihələr həyata keçirilməkdədir. Azərbaycan Prezidenti müsahibəsində "Bizim geniş coğrafiyamız var. Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi", - deyə diqqətə çatdırıb ki, bu gün dəhlizlərdən danışanda bizdən yan keçə bilməzsiniz: "Siz bizim ərazimizdən, obyektlərimizdən istifadə edə bilərsiniz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Ona görə də mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək"
"AZƏRBAYCAN ÜÇÜN TÜRK DÖVLƏTLƏRİ İLƏ ƏLAQƏLƏR XARİCİ SİYASƏTDƏ BİRİNCİ DƏRƏCƏLİ VƏZİFƏDİR"
Xatırlatmaq yerinə düşəər ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, Azərbaycan üçün türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir. Prezident qeyd edib ki, təsadüfi deyil ki, son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilmişdir: "Təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir və bu il də bu səfərlər nəzərdə tutulur. Yəni, bu, bir daha onu göstərir ki, biz düzgün yoldayıq."
Məlumdur ki, 2020-ci il türk dünyası məhsuldar, Zəfər ili olaraq yadda qaldı. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir. Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, Ermənistan faktiki olaraq danışıqlardan imtina etdi və ölkəmiz döyüş meydanında öz sözünü deyərək, Zəfər qazandı. Hamının bildiyi kimi, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə edərək, Türkiyənin Azərbaycanın yanında olmasını ifadə etdi. Türk Şurası sentyabrın 28-də Azərbaycana dəstək xarakterli açıqlama verdi.
Ən çətin anlarda türk dünyası Azərbaycanın, Azərbaycan türk dünyasının yanındadır. Türk dövlətləri ölkələr arasında yaxınlaşmanın, inteqrasiyanın inkişaf etməsində ciddi rol oynayıb və bundan sonra töhfələrini verəcəkdir.
Məlumdur ki, müasir dövrümüzdə bu təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi haqqında qərar da məhz Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması əlbəttə ki, qürurvericidir. TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.
Dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən türk dövlətləri birliyi qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında müasir dövrümüzdə daha da möhkəmlənib. Əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün artıq nümunədir.
Zümrüd BAYRAMOVA