PDF Oxu

Siyasət

  • 535

"Biz uğur hekayəsini nümayiş etdiririk"

image

"Azərbaycan cəmiyyətində bütün məzhəblərdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik olmayıb". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verərkən, Ona ünvanlanan "Azərbaycan sünni və şiə icmaları arasında yaxşı münasibətlərin qurulması istiqamətində hər hansı bir addım ata bilərmi" sualını cavablandırarkən bildirib: "Siz tamamilə haqlısınız. Bu, bizim təcrübəmizə əsaslanır, təkcə şüarlara, bəyanatlara əsaslanmır. Çünki çoxlu bəyanatlar verilə bilər, lakin siz məsələnin məğzinə, Azərbaycanda bu məsələlərin necə həll olunduğuna baxmalısınız. Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər".

Çağdaş dünyamızın aparıcı güc mərkəzləri, bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün bir vasitə kimi istifadə edirlər. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Dünyanın diqqətində olan ölkəmizdə – Azərbaycanda isə nümunəvi dövlət-din münasibətləri uğurla həyata keçirilir və tolerant mühit hökm sürür. Əlbəttə ki, mövcud vəziyyət, dövlət siyasəti bəşəri dəyərlər sisteminə, xüsusilə beynəlxalq təhlükəsizliyə qarşı yaranmış təhdidlərin qarşısının alınmasında çox önəmli strategiyaya çevrilib. Dini dözümlülük, tolerantlıq kimi dəyərlər Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsas Ana Qanunumuzda irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi nəzərdə tutulmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının göstərilən əsaslara mənsubiyyətinə görə məhdudlaşdırılması qadağan edilib. Ölkəmizdə yaşayan qeyri-xalqların nümayəndələri ilə xalqımızın əmin-aman şəraitdə yaşaması, birlik, həmrəylik nümayiş etdirməsi şübhəsiz ki, əsrlərin sığından çıxan dəyərlərdən qaynaqlanır. Ölkədə formalaşan bu və ya digər dəyərlər artıq Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib. "İnsanların sülh içərisində, xoşbəxt yaşamağa, öz övladlarını böyütməyə və işləməyə, başlarına bomba düşəcək, yaxud kimsə yaşadığı yerə bomba qoyacaq deyə qorxularının olmamasına ehtiyacları var", - deyə Azərbaycan Prezidenti bildirib.

"BİZ GÖSTƏRİRİK Kİ, BURADA SÜLH, SABİTLİK VƏ RAHATLIQ MÖVCUDDUR"

Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Təbii ki, tolerant mühitin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, ədalətin bərqərarı deməkdir. "Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə məzhəblərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı məzhəb ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir. Mənim müsəlman dövlətlərinin aparıcı dini rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər onu göstərir ki, İslam dünyasında istər siyasi olsun, istər dini sahədə bizim rolumuz yüksək qiymətləndirilir. Biz göstəririk ki, bu mümkündür və biz uğur hekayəsini nümayiş etdiririk. Biz göstəririk ki, burada sülh, sabitlik və rahatlıq mövcuddur. İnsanların məhz buna ehtiyacı var", - deyə Azərbaycan Prezidenti müsahibəsində bildirib.

Azərbaycanda yaşayan milli azlıqlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, udilərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Axıska türklərinin Vətən Cəmiyyəti və s. nümunə göstərmək olar. Təsadüfi deyil ki, azsaylı xalqların zəngin musiqi folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycanın ənənəvi "Musiqi Atlası" layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir.

Bütün xalqların dini-mədəniyyət abidələri dövlətimiz tərəfindən qorunur. Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndlərindəki kilsələr, Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayonunun Ərkivan kəndində XIX əsr məscidi və s misal göstərmək olar.

AZƏRBAYCANIN ƏN BÖYÜK SƏRVƏTİ - ETNİK MÜXTƏLİFLİYİ

Çətin, ağır, eləcə də xoş günlərdə də bütün xalqların nümayəndələri bir-birinin yanındadırlar. Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən, Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pislədilər. Bununla bağlı Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yaydılar. Belə ki, Talış Mədəniyyət Mərkəzi, Azərbaycanda Rus İcması, Azərbaycan-Avar İcması İctimai Birliyi, Bakı Dağ Yəhudiləri Dini İcması, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması, Avropa Yəhudilərinin Bakı Dini İcması və digər icma rəhbərləri təmsil etdikləri Azərbaycan xalqları adından Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pislədilər. Həmin təcavüz aktları nəticəsində Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitlər və bir dinc sakini həlak olmuşdur. Milli ordumuzun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə nümayəndələri - əsgər və zabitləri var. Vətən Müharibəsi dövründə müxtəlif xalqların övladları da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışına səs verərək, könüllü olaraq orduda xidmət etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı mənfur düşməndən təmizləmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdilər. Azərbaycanda elə bir xalq yoxdur ki, bu müqəddəs amal uğrunda mübarizədə şəhid verməsin. Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə, süni qarşıdurma yaratmağa çalışmış, lakin öz mənfur niyyətinə nail ola bilməmişdir. Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Ölkəmizdə indiyədək etnik və dini zəmində qarşıdumaların baş verməməsi Azərbaycanın yürütdüyü milli siyasətin parlaq təzahürüdür.

"MÜSƏLMANLAR HƏMRƏY OLMALIDIRLAR VƏ MƏZHƏBLƏRƏ BÖLÜNMƏ BİZİM BİRLİYİMİZ ÜÇÜN TƏHLÜKƏDİR"

Son illər qloballaşan dünyamızda müxtəlif bölgələrdə dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı dövrdə Azərbaycanda bütün dinlərin nümayəndələr sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hər bir dinin nümayəndələri rahat yaşayır, milli bayramlarını qeyd edir, öz dilində təhsil almaq imkanına malikdirlər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmiş, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirmişlər: "Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir".

Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir.

Son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində böyük uğurlara nail olub. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirir.

Biz mədəniyyətlərarası dialoq sahəsində də bir çox işlər görürük. Biz hər iki ildən bir müntəzəm olaraq mədəniyyətlərarası dialoq üzrə beynəlxalq konfranslar keçiririk. Biz həmin konfranslarda bütün mühüm məsələləri, - təkcə müsəlmanlar üçün deyil, bütün dinlər üçün mühüm əhəmiyyət kəsb edən məsələləri, - müzakirə edirik. Bu baxımdan bizim rolumuz əsasən burada gördüyümüz işlərə və bunu başqa yerlərdə də necə edə bilərik düşüncəsinə əsaslanır. Hesab edirəm ki, indi müsəlman ölkələrinin mütləq əksəriyyətinin siyasi dairələrində, - mənim prezidentlər arasında bir çox əlaqələrim var, - hamı başa düşür ki, müsəlmanlar həmrəy olmalıdırlar və məzhəblərə bölünmə bizim birliyimiz üçün təhlükədir", - deyə Azərbaycan Prezidenti müsahibəəsində bildirib.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər