Ötən həftə Okeanın o tayında Amerika Birləşmiş Ştatlarında yenə də tarix yazdıq. Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev bizə tariximizin növbəti qürurunu yaşatdı. Cənab Prezidentin BMT sessiyasındakı möhtəşəm çıxışı, bu çıxışın hər bir detalı birmənalı olaraq Azərbaycanın dünyaya növbəti mesajı idi. Bu çıxış müstəqil, suveren, güclü, azad Azərbaycanın haqlı mövqeyinin, dönməz iradəsinin növbəti təntənəsi idi.Həm də bu sessiya Azərbaycan tarixinin şanlı təqvim gününə - 27 sentyabr ərəfəsinə rast gəlmişdi. Mövqeyimiz və hədəflərimiz haqqında məhz bu tarix - 27 sentyabr Vətən müharibəsinin başlandığı tarix ərəfəsində BMT Ali kürsüsündən dövlət başçımız tərəfindən səsləndirilən fikirlərin məcmusu, elə özünün də vurğuladığı kimi, bir daha sübut etdi ki, biz həm müharibədə, həm də sülhdə qələbə qazanmışıq.27 sentyabr - Anım günündə Prezident İlham Əliyev və 1-ci vitse Prezident, xanım Mehriban Əliyevanın Gəncəyə səfəri zamanı terror qurbanlarının ailələri ilə, balaca Nilay, Xədicə, Bəxtiyarla görüşmələri, yaşanan duyğulu anlar əlbəttə ki, hər birimizin qəlbini həm kövrəltdi, həm də sevindirdi. Bu uşaqlarımızın heç bir günahı yox idi. Onlar cəbhə bölgəsindən çox-çox uzaqda, dinc şəkildə yaşadıqları evlərində raket atəşlərinə məruz qalmaları naticəsində yaralandılar, valideynlərini, yaxınlarını itirdilər, işğalın, terrorun qurbanı oldular.Azərbaycan isə uzun illərdən bəri Ermənistan silahlı qüvvələri tərəfindən qarşılaşdığı təcavüzə, müharibə cinayətlərinə, terror və qanlı əməllərə rəğmən, beynəlxalq hüququn bütün normalarına tam əməl etdi, 44 günlük döyüş əməliyyatı zamanı Ermənistandan fərqli olaraq, qarşı tərəfin yaşayış məntəqələrini, mülki şəxslərini hədəf almadı, Nilayların, Xədicələrin, Bəxtiyarların və daha neçə azərbaycanlı uşağının yaşadığı müharibə dəhşətini düşmən tərəfin insanlarına yaşatmadı.Çünki Azərbaycan dövlətinin sadiq olduğu siyasətin təməlində insan amili, sülh, stabillik, quruculuq, inkişaf dayanır. Məhz bu təmayüllər ölkəmizə hər keçən gün daha çox tərəfdaş, daha çox dost cəlb edir. Prezident İlham Əliyevin həyata keçirtdiyi uğurlu siyasət ona fenomen dövlət lideri adını qazandırır, bu siyasət ölkəmizi dünyada üstün mövqelərə çıxardır.BMT Qətnamələrini təkbaşına icra edən də, Ermənistanla münasibətlərin normallaşması istiqamətində beş təməl prinsip irəli sürən də, sülh gündəliyinin həyata keçirilməsi naminə ciddi səylər göstərən də, sülh sazişinin layihəsini tərtib edən də məhz Azərbaycandır!Bütün bunlar və ümumiyyətlə gündəmin qlobal siyasi gedişatları səhnəsində ölkəmizin olduqca əhəmiyyətli bir söz sahibi mövqeyində olması, məhz Azərbaycanın liderliyiylə bölgəyə qalıcı sülhün gələcəyi günün uzaqda olmadığına dərin inam yaradır.
Jalə Əliyeva
Millət vəkili, Milli Məclisun Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini