PDF Oxu

Siyasət

  • 1 457

Liderliyin Heydər Əliyev nümunəsi

image

O, lidersiz bir ölkənin süqutun bir addımlığında, torpaqlarında yağı düşmənin at oynatdığı, vətəndaşların düşmənə deyil, bir-birinə silah tuşladığı, qardaş qanının axdığı bir dövrdə, millətin qanı bahasına qazandığı müstəqilliyin əldən getmək üzrə olduğu bir zamanda Azərbaycana sahib çıxdı. Xalq o vaxta qədər sahibsiz, taleyin ümidinə buraxılmış, sabahına inamını itirmişdi. Xalqın içindən çıxmış, hər zaman xalqla bir olmuş və zamanla özü bir tarixə çevrilmiş böyük şəxsiyyət Heydər Əliyev məhz belə bir lider idi. Onun siyasi səhnədən uzaqlaşdırılması ölkənin taleyində ağır izlər buraxdı. Məhz bu yoxluq təqvimimizə ümumxalq hüzn günü kimi anılan faciəli tarixləri yazdı. O günlərin ağrısı və acısı millətin yaddaşında dərin izlər buraxdı, xalqın qəlbində sağalmaz yaralara çevrildi. Kim bilir əgər Heydər Əliyev olmasaydı, daha hansı faciələrlə üz-üzə qalacaqdıq?

Müstəqilliyin ilk illərində Azərbaycana baxmaq əslində bir xalqın fəlakətə sürüklənməsini izləmək demək idi. Ölkənin daxili və xarici siyasəti tamamilə iflasa uğramışdı. Dövlət idarəçiliyində xaos hökm sürür, rəhbərlik ölkəni idarə etmək gücündən məhrum idi. Azərbaycan beynəlxalq aləmdə zəif, təsirsiz və yönsüz bir dövlət kimi tanınırdı. Sosial narazılıq getdikcə artır, separatçı meyllər güclənirdi. İdarəolunmaz silahlı birləşmələr, başıpozuq hərbi dəstələr və qardaş qırğını xalqın səbrini son həddə çatdırmışdı. Ümidlərin tək ünvanı Heydər Əliyev idi! Xalq onu gözləyirdi, meydanlara axışan kütlə onun adını səsləyirdi, qəlblər onun dönüşünü arzulayırdı. Siyasi xaosun, parçalanmanın, qardaş qanının girdabında boğulan xalqın gözləri Naxçıvana dikilmişdi. Nəhayət, gəlişi ilə xilas məhz o anda başladı. Heydər Əliyev xalqın çağırışına cavab verdi, tarix səhnəsinə bir daha və bu dəfə də qətiyyətlə çıxdı! Onun qayıdışı ölkənin yenidən nəfəs alması, xalqın boğulmaqdan xilas olması, dövlətçiliyin uçurumun dibindən geri çəkilməsi kimi yaddaşa hopdu. Heydər Əliyevin qayıdışı ilə köklü dəyişiklik başladı. Siyasi xaosun yerini sabitlik, parçalanmanın yerini milli həmrəylik tutdu, xalq yenidən söz sahibinə çevrildi.
Ölkədə sabitliyi və qanunun aliliyini təmin edən Ulu öndər Heydər Əliyev həm də xarici siyasət kursunu köklü şəkildə dəyişdi. Azərbaycanı təcrid olunmuş qeyri-müəyyən bir ölkə statusundan çıxararaq beynəlxalq arenada söz sahibi olan, etibarlı tərəfdaş kimi tanıtdı, yeni xarici siyasət konsepsiyası qurdu. Eyni zamanda, ölkədə sosial ədalətin təmin olunması istiqamətində ciddi addımlar atdı. Cəmiyyətin bütün təbəqələrini əhatə edən islahatlar həyata keçirildi. Əhalinin rifahı, hüquq və azadlıqların qorunması, vətəndaş cəmiyyətinin formalaşması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Heydər Əliyev xalqın iradəsini təmsil edən demokratik prinsiplərə əsaslanan prezident seçkilərinin keçirilməsini təmin etdi. Siyasi proseslərə şəffaflıq gətirildi, dövlət idarəçiliyi sistemli və məsuliyyətli bir çərçivəyə salındı, yeni
siyasi mərhələnin əsası qoyuldu.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan üçün adi bir seçki deyil, dəyişimin başlanğıcı oldu. Xalqın seçimi aydın və qəti idi. Bu tarixi seçkidə dünya bir daha əmin oldu ki, Heydər Əliyev inamın, etibarın rəmzidir. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalq Heydər Əliyevi seçməklə onun liderliyi ilə yıxılmayan Azərbaycana səs verdi. Oktyabrın 10-da Heydər Əliyev prezidentlik səlahiyyətlərini rəsmi olaraq üzərinə götürdü. Həmin gündən ölkədə siyasi nizam qurulmağa, idarəetmədə sistemlik yaranmağa başladı. Ölkə nəhayət ki, nəfəs aldı. İnsanlar yalnız sabitlik deyil, inkişaf və etibarlı gələcək gözləyirdi və bu gözləntilər cavabsız qalmadı. Onun rəhbərliyi ilə Azərbaycan tədricən ayaqları üzərində dayanmağa, regionda söz sahibi olmağa başladı. Birmənalı şəkildə Ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirməklə millət öz yolunu tapdı. Bu yolla biz müstəqilliyimizi möhkəm təməllər üzərində qurduq, güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu yaratdıq. Azərbaycan regionun super gücünə, dünyanın hesablaşdığı bir ölkəyə çevrildi. Bu yolla biz Vətəni birləşdirdik, tariximizin ən qüdrətli Azərbaycanını dünyaya tanıtdıq.
Məhz buna görə də adını sevgi və ehtiramla çəkdiyimiz Ümummilli lider Heydər Əliyev hər birimiz üçün əziz, unudulmaz və əvəzsiz bir şəxsiyyətdir. Xalqın taleyinə bir ad yazılır, o ad illərlə yox, nəsillərlə yaşayır. Dünya çox liderlər görüb, tanıyıb, amma xalqının ruhuna bu qədər dərindən nüfuz edən lider yalnız bir dəfə doğulub. Bu nümunəni bəşər üçün böyük Heydər Əliyev yarada bildi!

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər