PDF Oxu

Siyasət

  • 559

Qubadlının işğaldan azad olunması – əsl qəhrəmanlıq tarixidir

image

İkinci Qarabağ müharibəsi Azərbaycanın apardığı ədalətli müharibə idi. Müharibənin ilk günlərində düşmənin müdafiə sədləri dağıdıldı, ordu hissələrimiz döyüşə-döyüşə mövqe qələbələri qazandı.

Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri və Murovdağ istiqamətində yerləşən yüksəkliklər işğaldan azad edildi. Bu qələbələr Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu daha da yüksəltdi. Sonrakı döyüşlərdə düşmən daha böyük itkilərə məruz qaldı.

Ordumuz oktyabrın 25-də Qubadlı rayonunu işğaldan azad etdi.

Qubadlı 1993-cü il avqustun 31-də işğal edilmişdi. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət müəssisəsi, 7 məscid və 16 körpü dağıdılmış, yararsız vəziyyətə salınmışdı. İşğal müddətində xaricdən gələn ermənilər üçün, onların maliyyə vəsaiti hesabına Xanlıq kəndində yeni qəsəbə salınmışdı. Bu, işğalçılığın beynəlxalq miqyasda təzahürü idi.

Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək üçün düşmənin hərbi birləşmələri yerləşən ətraf yüksəkliklər nəzarətə götürüldü. Xanlıq, Padar və Sarıyataq kəndləri azad edildikdən sonra strateji yüksəkliklər ələ keçirildi. Nəticədə, oktyabrın 25-də ordu hissələrimiz şəhəri düşməndən tam təmizlədi.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis olundu. Qubadlı rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən, igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15.209 hərbi qulluqçusu Prezidentin müvafiq sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr – Qubadlı Şəhəri Günü kimi müəyyən edildi.

İşğaldan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qubadlıya ilk səfəri 2020-ci il dekabrın 23-də baş tutdu. Həmin gün Qubadlıda Azərbaycan bayrağı ucaldıldı. 2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin Qubadlıya növbəti səfəri zamanı Xanlıq–Qubadlı avtomobil yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyasının açılış mərasimi keçirildi. 2023-cü il mayın 4-də isə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri baş tutdu.

Bu gün Qubadlı yenidən qurulur, inkişaf edir. Qubadlı Şəhəri Günü bu inkişafın, dirçəlişin və qürurun coşqusu ilə qeyd edilir.

Nazimə Şamıyeva

YAP Füzuli Rayon Təşkilatının sədri

Digər xəbərlər