25 oktyabr Azərbaycan xalqının tarixində qürurla, minnətdarlıqla, ehtiramla xatırlanan əziz bir gündür. Bu gün Qubadlının azad olunduğu, bir yurdun işğaldan xilas edildiyi, bir xalqın 27 illik həsrətinə son qoyulduğu gündür. Bu tarix Azərbaycan xalqının milli birliyinin, ordumuzun qüdrətinin və dövlətimizin siyasi iradəsinin təntənəsidir.
Qubadlı Qarabağın cənub-qərbində yerləşən, zəngin təbiəti, strateji mövqeyi və qədim tarixi ilə seçilən bir diyardır. Əsrlər boyu igid, vətənpərvər övladlar yetişdirən bu torpaq 1993-cü ilin avqustunda düşmən tərəfindən işğal olunanda, yüzlərlə ailə doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Amma xalqımızın yaddaşından Qubadlı heç vaxt silinmədi. Hər bir qubadlının qəlbində bir arzu, bir dua var idi: “Bir gün bu torpaqlara qayıdacağıq!”
O arzu, o dua 2020-ci ilin payızında gerçəkliyə çevrildi. Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. 25 oktyabr 2020-ci il – Qubadlının azad edildiyi gün – ölkə tarixində əbədi iz qoydu. Həmin gün Azərbaycan xalqı bir daha birliyinin və gücünün nə qədər möhkəm olduğunu göstərdi.
Qubadlının azadlığı ilə işğalın qaranlığı arxada qaldı. Şəhidlərimizin qanı ilə suvarılan bu torpaqlarda azadlığın işığı parladı. Qubadlıya qayıdış xalqımız üçün təkcə torpağa dönüş deyil, həm də ədalətin, haqqın və milli kimliyin bərpasıdır.
Bu gün Qubadlıda həyat yenidən canlanır. İşğal dövründə viran qoyulmuş şəhər və kəndlərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. Müasir planlaşdırma prinsiplərinə əsaslanaraq yeni şəhər salınır, “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları tətbiq olunur. Müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət mərkəzləri, idman qurğuları inşa edilir. Yollar, körpülər, elektrik xətləri, su və qaz infrastrukturunun çəkilişi sürətlə davam etdirilir.
Qubadlının dirçəlişi dövlətimizin azad edilmiş ərazilərə göstərdiyi xüsusi diqqətin bariz göstəricisidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bölgədə həyata keçirilən layihələr təkcə bərpa məqsədi daşımır, həm də bölgənin sosial-iqtisadi potensialını yenidən canlandırmaq, yerli əhalinin rifahını təmin etmək, turizmi və kənd təsərrüfatını inkişaf etdirmək məqsədi daşıyır. Qubadlının yenidən qurulması, əslində, müasir Azərbaycanın gələcək inkişaf modelidir – azad edilmiş torpaqlarda həyatın ən yüksək standartlarla bərpası prosesidir.
Bu gün Qubadlıya qayıdan hər bir insanın gözlərində sevinc, qəlbində minnətdarlıq var. Onlar dağıdılmış evlərinin yerində yüksələn yeni binalara baxdıqca həm kədər, həm də qürur hissi keçirirlər. Hər daş, hər ağac, hər bulaq sanki bu torpaqlara qayıdan insanları qucaqlayır, “xoş gəldiniz”- deyir. Qubadlı yenidən nəfəs alır, yenidən gülür, yenidən yaşayır.
Elşən SƏFƏROV
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi