“Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər əvvəllər də keçirilib. İstər işğal dövründə, istər 44 günlük Vətən müharibəsindən sonra vətəndaş cəmiyyəti institutları arasında belə təmaslar olub. Düzdür, görüşlər əsasən beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçirilirdi və daha çox üçüncü ölkələrdə baş tuturdu. 2021-ci ildə müharibədən sonra da bu səpkili görüşlər olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.O bildirib ki, “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” 2016-cı ildə elan olunmuşdu, 2017-ci ildə Gürcüstanda platformanın ilk qurultayı keçirilmişdi: “Həm Azərbaycan, həm də Ermənistan tərəfindən təsisçilər, sədrlər iştirak etmişdilər. Şübhəsiz ki, bu cür təmaslar, vətəndaş cəmiyyətinin nümayəndələri arasında keçirilən görüşlər əslində xalq diplomatiyasının bir nümunəsi kimi qiymətləndirilməlidir.Əgər əvvəlki görüş və təmaslarda erməni təmsilçiləri özlərini qalib hesab edərək daha çox Azərbaycan cəmiyyətinin reallıqlarla barışması istiqamətində mövqe sərgiləyirdilərsə, artıq vəziyyət dəyişib. İndi Ermənistan hakimiyyəti, bir çox vətəndaş cəmiyyəti nümayəndələri də əvvəlki ritorika ilə çıxış etmirlər. Onlar davamlı və real sülhün əldə edilmədiyi hər keçən günün Ermənistan əleyhinə işlədiyinin fərqindədirlər.Odur ki, bu tip görüşlər erməni cəmiyyətində, ən azı hansısa təbəqədə Azərbaycanla sülhün Ermənistana verə biləcəyi xeyirləri təlqin etmək baxımından faydalı hesab oluna bilər. Ermənistanın vətəndaş cəmiyyəti institutlarının 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmalar istiqamətində ictimai rəyi hazırlamaq kimi bir missiyanı üzərlərinə götürməsi və bu istiqamətdə konkret fəaliyyəti həyata keçirməsi lazımdır. Xüsusilə də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiya dəyişikliyi və Zəngəzur dəhlizi istiqamətində təbliğata böyük ehtiyac var. Yəni başqa sözlə, əgər Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri səmimi olaraq sülhdə maraqlı olacaqlarsa o zaman keçirilən görüşlərin də faydası olacaq. Əks halda bu görüşlər sadəcə görüş xətrinə keçirilmiş görüş olacaq ki, bu da sülh prossesinə hansısa töhfə verməyəcək”.
Müəllif: Səbinə Hüseynli