2025-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul etmişdir. Görüş zamanı dövlət başçısı ölkədə həyata keçirilən kadr islahatlarının mahiyyətindən, yeni təyin olunan rəhbərlərin qarşısında duran vəzifələrdən və dövlət idarəçiliyinin əsas prinsiplərindən ətraflı şəkildə bəhs etmişdir. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Azərbaycanda idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, bölgələrin inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi dövlətin strateji hədəflərindən biridir. Bu məqsədlə həyata keçirilən kadr siyasəti ölkənin bütün bölgələrində səmərəli, ədalətli və məsuliyyətli idarəçiliyin təmin olunmasına xidmət edir. Dövlət başçısı bildirmişdir ki, hər bir dövlət məmuru, xüsusilə yerli icra orqanlarının rəhbərləri xalqa xidmət etməyi öz fəaliyyətlərinin əsas prinsipi kimi qəbul etməlidirlər. Prezident İlham Əliyev qeyd etmişdir ki, dövlətin etimadını qazanmaq və bu etimadı doğrultmaq üçün rəhbərlər öz fəaliyyətlərində şəffaflıq, dürüstlük və məsuliyyət nümayiş etdirməlidirlər. Cənab Prezident İlham Əliyev yeni təyin olunan məmurlara müraciət edərək demişdir: “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz.” Prezidentin bu fikirləri, ölkədə vətəndaşlara xidmət edən, dövlət maraqlarını hər şeydən üstün tutan idarəçilik mədəniyyətinin formalaşması istiqamətində mühüm mesaj kimi qiymətləndirilir. O, qeyd etmişdir ki, dövlətin uğurlu inkişafı, həm də yerli səviyyədə çalışan rəhbərlərin məsuliyyətli fəaliyyəti ilə birbaşa əlaqədardır. Prezident İlham Əliyev çıxışında, xüsusilə Naxçıvan Muxtar Respublikasının inkişafı, bölgədə həyata keçirilən mühüm infrastruktur layihələri və sosial proqramlar barədə də danışmış, qarşıdakı dövr üçün prioritet istiqamətləri müəyyənləşdirmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, Naxçıvanın Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rolu vardır və bu bölgənin potensialının tam reallaşdırılması üçün yeni təyin olunan rəhbərlərin üzərinə böyük vəzifələr düşür. Dövlət başçısı onu da qeyd etmişdir ki, hər bir məmur xalqla sıx təmasda olmalı, vətəndaşların qayğı və müraciətlərinə diqqətlə yanaşmalıdır. Dövlət orqanlarının əsas məqsədi vətəndaşların məmnunluğunu təmin etmək, yerli problemlərin operativ və səmərəli həllinə nail olmaqdır. Prezidentin vurğuladığı kimi, “xalqın etimadını qazanmaq üçün fədakar, vicdanlı və ədalətli fəaliyyət göstərmək vacibdir.” Bu çıxış, dövlət idarəçiliyində səmərəlilik, şəffaflıq və məsuliyyət prinsiplərinin daha da gücləndirilməsi istiqamətində növbəti mühüm mərhələni təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kadr islahatları Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsas dayaqlarından biri kimi çıxış edir. Cənab Prezidentin söylədiyi bu fikirlər, ölkə rəhbərliyinin bölgələrdə aparılan islahatlara, regional inkişaf proqramlarına və idarəçilikdə yeni keyfiyyət mərhələsinin formalaşmasına verdiyi önəmin bariz nümunəsidir. Bu çıxış, həm də dövlət qulluqçularına nümunəvi fəaliyyət modeli kimi təqdim olunur.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri