Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovla tələbələrin görüşü keçirilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükütla yad edilib.
Giriş nitqi ilə çıxış edən BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə gördüyü işlərdən danışıb. O bildirib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. A.Kazımzadə Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən də bəhs edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycanın ərazi bütövlüyü Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ilə yaxın düşmən əsarətində olan Qarabağımız əbədi azadlığına qovuşub.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov vurğulayıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. 1990-1993-cü illərdə Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi də öz tarixi missiyasını davam etdirmiş, blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq onun dirçəlişinə nail olmuş, SSRİ-nin saxlanılması haqqında referendumda iştirakdan imtina etməklə faktiki olaraq müstəqilliyin təməllərini yaratmış, bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanan üçrəngli dövlət bayrağını ilk dəfə ucaltmışdır.
E.İbrahimov qeyd edib ki, 1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb. 2003-cü ildən başlayaraq isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada öz layiqli yerini tutub. Bu gün Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
Daha sonra tələbələrin sualları cavablandırılıb.