“Həmrəylik” və “dövlətçilik” anlayışları tarix boyu bir-birini tamamlayan, biri digərini gücləndirən fundamental dəyərlər kimi formalaşmışdır. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü isə bu vəhdətin simvolik ifadəsi olmaqla yanaşı, həm də siyasi-ideoloji məzmun daşıyan mühüm tarixdir. 19-cu əsrdən etibarən tarixi torpaqlarımızın bölünməsi milli kimliyin vahid coğrafiyada formalaşmasına mane olmuşdur. Bu bölünmə milli şüurun zəifləməsinə deyil, həmrəylik ideyasının daha da güclənməsinə səbəb olmuşdur. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da dil, mədəniyyət, folklor və tarixi yaddaş milləti birləşdirən əsas amillərə çevrilmişdir.
Həmrəylik ideyasının dövlətçilik səviyyəsində konseptual formaya salınması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi bu baxımdan simvolik addımdan daha çox, düşünülmüş siyasi qərar idi. Ümummilli lider Heydər Əliyevin siyasi baxışlarında milli birlik təsadüfi emosional faktor deyil, dövlətin mövcudluğunu təmin edən strateji dayaqlardan biri kimi qiymətləndirilirdi. Həmrəylik ideologiyası Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlarla yanaşı, dünya azərbaycanlılarını da vahid milli məfkurə ətrafında birləşdirməyi hədəfləyirdi. Beləliklə, həmrəylik anlayışı dövlət siyasətinin tərkib hissəsinə çevrildi və diaspor fəaliyyəti institusional əsaslar üzərində quruldu.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları son illərdə daha koordinasiyalı və məqsədyönlü fəaliyyət nümayiş etdirmiş və bu gün də davam etməkdədir. Postmüharibə dövründə diasporun vahid mövqedən çıxış etməsi həmrəyliyin real siyasi resursa çevrildiyini təsdiqləmişdir. İdeoloji təhlükəsizlik, informasiya təhlükəsizliyi və mədəni davamlılıq bu anlayışın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan həmrəylik milli təhlükəsizliyin sosial-psixoloji əsasını təşkil edir.
Cəmiyyət daxilində parçalanma, xaricdə isə diasporun pərakəndə fəaliyyəti dövlətin mövqeyini zəiflədən amillərdir. Vahid ideoloji xətt, ortaq milli məqsədlər və dövlət ətrafında səfərbərlik güclü dövlətçilik modelinin formalaşmasına xidmət edir. Dünya azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu strateji düşüncəni aktual saxlayan ideoloji platformadır. Cənab Prezident İlham Əliyevin İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həmrəyliyin yeni mərhələyə keçidini təmin etmişdir. Qarabağ Zəfərindən sonra formalaşan yeni reallıqlar dünya azərbaycanlıları qarşısında da yeni məsuliyyətlər müəyyənləşdirir. Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, tarixi həqiqətlərin qorunması və milli maraqların qlobal informasiya məkanında ardıcıl şəkildə müdafiəsidir. Həmrəylik bu prosesdə yalnız dəstək mexanizmi deyil, dövlətçilik düşüncəsinin ayrılmaz davamıdır.
Tarixi təcrübə sübut edir ki, milli birlik olmadan güclü dövlət qurmaq mümkün deyil, möhkəm dövlətçilik olmadan isə həmrəylik davamlı xarakter daşımır. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu qarşılıqlı vəhdətin ideoloji və tarixi ifadəsidir. Bu gün Azərbaycan xalqının qarşısında duran əsas vəzifə bu həmrəyliyi qorumaq, onu müasir çağırışlara uyğun şəkildə inkişaf etdirmək və gələcək nəsillərə güclü dövlətçilik ənənəsi ilə ötürməkdir. Məhz bu halda həmrəylik ideyası bayram çərçivəsindən çıxaraq milli inkişafın davamlı təminatına çevriləcəkdir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu
üzrə ərazi partiya təşkilatının sədr müavini