PDF Oxu

Siyasət

  • 860

Azərbaycan diplomatiyasının tarixi kökləri - ŞƏRH

image

28 May Azərbaycan xalqının tarixində ən şərəfli və unudulmaz günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olundu və bununla da Azərbaycan Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşdü. Bu əlamətdar gün bu gün də ölkəmizdə Müstəqillik Günü kimi böyük qürur və ehtiramla qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətçilik tariximizdə mühüm iz qoymuşdur. Həmin dövrdə milli hökumət dövlət atributlarının yaradılması, parlamentin təşkili, təhsil və ordu quruculuğu ilə yanaşı, xarici siyasət və diplomatik əlaqələrin qurulmasına da xüsusi önəm vermişdir. Gənc respublikanın əsas məqsədlərindən biri Azərbaycanın beynəlxalq aləmdə tanınmasını təmin etmək və digər dövlətlərlə qarşılıqlı münasibətlər yaratmaq idi.
Cümhuriyyət hökuməti qısa müddətdə bir sıra ölkələrlə diplomatik əlaqələr qurmağa nail oldu. Xüsusilə Osmanlı İmperiyası ilə münasibətlər strateji əhəmiyyət daşıyırdı. Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlətlərdən biri oldu və gənc respublikaya siyasi və hərbi dəstək göstərdi. Bununla yanaşı, Avropa dövlətləri ilə də əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atıldı.
1919-cu ildə Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak edərək ölkəmizin müstəqilliyini beynəlxalq ictimaiyyətə çatdırdı. Nümayəndə heyətinə rəhbərlik edən Əlimərdan bəy Topçubaşov Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün böyük səylər göstərdi. Nəticədə 1920-ci ilin yanvar ayında Antanta dövlətləri Azərbaycanı de-fakto tanıdı. Bu hadisə Azərbaycan diplomatiyasının ilk böyük uğurlarından biri hesab olunur.
Ulu Öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu yüksək qiymətləndirərək qeyd edirdi ki, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir. Xalq Cümhuriyyəti xalqımızın azadlıq iradəsini nümayiş etdirmiş, milli dövlətçiliyin əsaslarını yaratmış və gələcək müstəqil Azərbaycanın təməlini qoymuşdur.
Azərbaycanın müstəqilliyi bu gün də ölkəmizin ən böyük sərvətidir. Müstəqillik illərində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu daha da artırmış, bir çox dövlət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmuşdur. Hazırda ölkəmiz dünyanın müxtəlif dövlətləri ilə diplomatik münasibətlər saxlayır, regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər