PDF Oxu

Siyasət

  • 1 053

İdmanın inkişafı yönümündə atılan addımlar

image

2025-ci ilin idman yekunlarına həsr olunan mərasim Azərbaycan idmanın keçdiyi inkişaf yolunun təqdimatı oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənclər və idman siyasətini ölkənin prioritet inkişaf istiqamətlərindən birinə çevirdi. Son 22 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın inkişafı yönümündə atdığı addımlar davamlılığı ilə diqqətdədir.

Bu gün müasir müstəqil, qalib Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib, beynəlxalq yarışlara ev sahibliyi edən ölkədir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla inkişaf edir. Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi üçün birgə səylər göstərirlər. Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə də bildirdi ki, idmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. 2025-ci ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.
2025-ci ildə ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır. Adətən bu yarışların əksər mərhələləri Amerikada, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə keçirilir. Bakının da bu siyahıya salınması, ilk növbədə, ölkəmizin potensialını göstərir. Dövlət başçısı İlham Əliyev bildirir ki, minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür.
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə o da vurğulandı ki, bizim siyasətimizin əsas istiqamətlərindən biri gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. “Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.
Təbii ki, idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda hər birimiz qürur hissi keçiririk. Son 5 ildə Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. İdman meydançalarına, idman arenalarına qürur hissi ilə çıxırlar. Eyni zamanda, 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.
Dövlət başçısı İlham Əliyev “Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir” fikirləri ilə 2025-ci ilin idman nəticələri fonunda 2026-cı ilin hədəflərini açıqladı. Bir daha vurğulandı ki, Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Bu, eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Digər xəbərlər