Bəzi günlər təqvimdə tarix deyil, taledir. 20 Yanvar məhz belə bir gündür — saatların dayandığı, sükutun güllə səsindən ağır gəldiyi, torpağın insan səsinə cavab vermədiyi gecə. O gecə Azərbaycan yalnız qan itirmədi, illərlə boğazında düyün kimi qalan qorxunu da qusdu. Tanklar küçələrə girəndə asfalt deyil, itaət anlayışı əzildi. Silahlar insanlara tuşlananda, hədəf bədənlər yox, iradə idi. Lakin hesablamada səhv vardı: iradə ölmür. O yalnız şəklini dəyişir. 20 Yanvarda ölənlər torpağa yox, millətin yaddaşına tapşırıldı.
Bu hadisə nə təkcə faciədir, nə də sadəcə matəm. 20 Yanvar — qorxunun hakimiyyətini itirdiyi gündür. Dövlətin vətəndaşdan güclü olduğunu iddia edən mexanizmin, bir xalq qarşısında aciz qaldığı anıdır. Gecənin qaranlığına atılan güllələr səhərin işığını gecikdirə bilmədi.O gecə analar övladlarını yox, gələcəyi qucaqladı. Atalar susmadı, susqunluqdan imtina etdi. Küçələr meydan oldu, meydanlar and yerinə çevrildi. Qan torpağa axdı, amma torpaq bu qanı qəbul edərkən onu tarixə çevirdi.20 Yanvar bizə öyrətdi ki, azadlıq bəyanatla yox, bədəllə yazılır. Və bu bədəl nə qədər ağır olsa da, onu ödəməyə hazır olmayan xalq heç vaxt azad sayılmaz. Bu gün azad nəfəs alırıqsa, o gecə nəfəsi kəsilənlərin hesabına alırıq.
Əfəndi İbrahimli,
Politoloq