PDF Oxu

Siyasət

  • 564

Vensin Qafqaz səfəri - RAKURS

image

Ermənistana nüvə təşviqi, Azərbaycana isə...

ABŞ prezidenti Donald Tramp vitse-prezident Vensin səfərini “Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi” kimi xarakterizə edib. Bu, 2025-ci ilin avqustunda ABŞ tərəfindən vasitəçiliklə imzalanmış Ermənistan-Azərbaycan sülh razılaşmasının tətbiqinin davam etdirilməsi deməkdir. Görüş zamanı imzalanmış sülh razılaşmasının müddəalarının həyata keçirilməsinin dəstəklənməsi və bunun üçün tərəflər arasında dialoqun davam etdirilməsi və güvən tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Potensial gərginlik nöqtələrinin aradan qaldırılması üçün konkret mexanizmlərin işə salınması da gözlənilir. Bu səfər ABŞ-ın Cənubi Qafqazdakı sülh təşəbbüslərini daha da önə çıxarmaq cəhdi kimi qiymətləndirilir.

ABŞ tərəfindən Cənubi Qafqaza dair ən vacib layihələrdən biri də TRIPP (Trump Route for International Peace and Prosperity — “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) marşrutudur. Bu, Naxçıvanı Ermənistandan keçməklə Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək yeni tranzit dəhlizidir. Səfər çərçivəsində müzakirə ediləcək iqtisadi istiqamətlər isə dəhlizin texniki, maliyyə və hüquqi aspektləri – layihənin reallaşma müddəti və mərhələləri hesab edilir. ABŞ şirkətlərinin bu layihədə iştirakı üçün imkanlar da nəzərdən keçiriləcək.

Əlaqəli logistika, dəmir yolu, boru kəmərləri, enerji və kommunikasiya infrastrukturu məsələləri TRIPP layihəsinin həm regionda iqtisadi inteqrasiyanın, həm də ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün əsas katalizator rolu oynayacağı da diqqətdən yayınmır.

Strateji əməkdaşlıq və təhlükəsizlik sahələri

Tramp vitse-prezident Vensin regiona səfəri çərçivəsində strateji əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirəcəyini bildirib. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ABŞ-ın maraqlarına uyğun gəlir. Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək Orta Dəhlizdə olmaq Vaşinqtonun çoxdankı arzusu idi və buna görə də tarixi şansı əldən vermədi. Rusiyanın Ukrayna “bataqlığında” çapaladığı bir zaman ABŞ-ın region ölkələrinə daha mükəmməl şərtlərlə əməkdaşlıq təklifi qarşı tərəflərin razılığı ilə qarşılandı. Regional təhlükəsizlik mexanizmləri, tərəflər arasında potensial risklərin idarə olunması və sülhün qorunması üzrə əməkdaşlıq bölgənin geo-mənzərəsinin tamamilə dəyişib.

Səfər həm də enerji sektoruna dair geniş müzakirələr üçün fürsət olacaq. Son zamanlar Ermənistan və Azərbaycan arasında enerji sistemlərinin birləşdirilməsi planları da gündəmdədir. Bu, Vaşinqtonun təşəbbüsü ilə yaradılan regional enerji inteqrasiyasının bir hissəsidir.

Maraqlıdır, müzakirə edilə biləcək daha hansı mövzular masada ola bilər? Əlbəttə, region enerji bazarlarının inteqrasiyası və enerji təhlükəsizliyi, o cümlədən Azərbaycanın və Ermənistanın enerji sistemlərinin əməkdaşlıq perspektivləri ön plandadır. Cənubi Qafqaz artıq daha çox qlobal güclər üçün strateji əhəmiyyət kəsb edir. ABŞ-ın vitse-prezidentinin bu səfəri Rusiya, İran və Çin kimi dövlətlərin təsirinə qarşı balanslaşdırıcı rol oynamaq strategiyasının bir hissəsi kimi də görünür. Belə ki, Vaşinqton həm regionun sabitliyini, həm də öz geosiyasi maraqlarını müdafiə etməyə çalışacaq.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, ABŞ-ın regionda diplomatik və iqtisadi rolu, ABŞ-ın regional dövlətlərlə - Rusiya, Çin, İranla xarici siyasət balansı, Gürcüstan kimi digər region ölkələrinin münasibətləri və bu səfərin nəticələri beynəlxalq müstəvidə narahatlıqla izlənməkdədir. Bu səfərdə həm də daha geniş mövzular, o cümlədən humanitar məsələlər, insan hüquqları və siyasi proseslər haqqında danışılması istisna deyil. Hərçənd bu mövzular daha çox iki ölkə daxili siyasəti ilə bağlı olsa da, səfər artıq müzakirələrin tərkibində yer alan bir element ola bilər.

Bu səfər Cənubi Qafqazda sülh və əməkdaşlığın daha dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın reallaşdırılması, strateji əməkdaşlığın gücləndirilməsi və regional stabilliyin qorunmasına yönəlib. Çox ehtimalla səfər zamanı həm rəsmi danışıqlar, həm də ictimai kommunikasiya hissəsi olacaq ki, bu da Vaşinqtonun Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirməsinə xidmət edəcək.

ABŞ prezidenti Donald Tramp bildirib ki, "Biz Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcək, Ermənistanla dinc nüvə əməkdaşlığı haqqında gözəl bir müqavilə imzalayacağıq, əsas yarımkeçirici istehsalçılarımızla müqavilələr bağlayacağıq və Azərbaycana ABŞ istehsalı olan hərbi texnika, o cümlədən gödəkçələr, qayıqlar və daha çox şey satacağıq". O, həmçinin ötən avqust ayında "imzalanmış" sülh müqaviləsinə riayət olunmasını təmin etdiklərinə görə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevə və Nikol Paşinyana təşəkkür edib. "Bu, qəddar bir müharibə idi, amma indi burada rifah və sülh var", - Tramp vurğulayıb. Xatırladaq ki, 8 avqust 2025-ci ildə İlham Əliyev və Nikol Paşinyan hələlik sülh müqaviləsini paraflayıblar, Bakı isə Ermənistan Konstitusiyasının preambulasında dəyişiklik ediləndən sonra İrəvanla tam sülh bağlayacağını qeyd edib.

Yanvarın əvvəlində ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana səfər ediblər. Xüsusilə, Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin müdafiə naziri Zakir Həsənovla görüşüb. Nazirlik bildirib ki, onlar "hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində mövcud əməkdaşlıq, yeni imkanlar və onun inkişaf perspektivləri"ni müzakirə ediblər.

Qeyd etmək lazımdır ki, 2002-ci ildən bəri Vaşinqton hər il 1992-ci ildən bəri Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar hökumətin Azərbaycana hərbi yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci maddəsini dayandırır. Dövlət katibi Antoni Blinkenin 2021-ci ilin yanvarında, ikinci Qarabağ müharibəsinin bitməsindən bir neçə ay sonra bildirdiyi kimi, Bakıya yardım Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar aparmaq səylərinə xələl gətirmir və ya onları pozmur və Ermənistana qarşı təcavüz üçün istifadə olunmayacaq. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin paraflanması zamanı Tramp yenidən 907-ci maddəni dondurub. Azərbaycan tərəfi ümid edir ki, ABŞ Konqresi tezliklə bu "ədalətsiz və köhnəlmiş" sənəddən imtina edəcək.

Ermənistan-Amerika münasibətlərinə gəldikdə, 2024-cü ildə Ermənistan və ABŞ strateji tərəfdaşlıq barədə razılığa gəldilər və 2025-ci ilin yanvarında hərbi təhlükəsizlikdən daha çox enerji təhlükəsizliyi ilə bağlı bu barədə xartiya imzaladılar. O zaman Ermənistan müxalifəti iddia edirdi ki, Paşinyan hökuməti Trampın İrəvanla maraqlanmayacağından narahat olaraq Vaşinqtonla hər hansı bir müqaviləyə sadiq qalmağa tələsir. İşlər tamamilə fərqli oldu. Son iki ildir ki, Ermənistan və ABŞ ya yeni atom elektrik stansiyasının, ya da Metsamor stansiyası üçün yeni nüvə enerji blokunun tikintisini müzakirə edir. Lakin Paşinyan Rusiya, Fransa, Cənubi Koreya və Çin hakimiyyəti ilə oxşar danışıqlar apardığını iddia edir. Məsələn, 2025-ci ilin sonunda Rosatom öz təkliflərini İrəvana təqdim edib. Moskva onları maliyyə və texniki baxımdan ən cəlbedici hesab edir.

Hər necə olsa, Vensin Ermənistan və Azərbaycana səfəri zamanı əsas vəzifəsi "Tramp Yolu"nun həyata keçirilməsi üzrə işlərə başlamaq olacaq. "Bu, hər şeyin bir səfərdə əldə ediləcəyi anlamına gəlmir, amma amerikalılar Cənubi Qafqazdakı layihələrini irəli aparmaq niyyətindədirlər. ABŞ həmçinin əvvəllər əldə edilmiş razılaşmaları möhkəmləndirmək istəyir. Eyni zamanda, tərəflər memorandumlar imzalaya bilərlər. Vensin səfəri birdəfəlik deyil, daha böyük bir prosesin bir hissəsidir. "Tramp Yolu" ilə bağlı qərar siyasi səviyyədə verilsə də, bir çox məsələ həll olunmamış qalır. Vens bunların həlli üçün çalışacaq. Eyni şey Ermənistan və ABŞ arasında nüvə enerjisi sahəsində əməkdaşlığa da aiddir. İrəvan nüvə enerji blokunun tikintisi üçün Vaşinqtonun xidmətlərini cəlb etmək barədə siyasi qərar qəbul edib, lakin nəticədə dünyanın əvvəllər heç vaxt görmədiyi modul nüvə elektrik stansiyası olmalıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Vensin Azərbaycana səfərinin ikitərəfli əlaqələri daha da gücləndirəcəyini və "Tramp Yolu"nu inkişaf etdirəcəyini gözləyi r. “İlk növbədə, biz “Tramp Yolu”nu və Ermənistan-Azərbaycan münasibətlərinin ümumi normallaşmasını müzakirə edəcəyik. Həmçinin Amerika-Azərbaycan strateji tərəfdaşlığı üçün xartiya üzərində iş gedir — səfər zamanı praktik nəticələr gözləmək olar. Amerika zirehli geyimləri və qayıqlarına gəldikdə, hərbi-strateji əməkdaşlığın bərpası faktı bizim üçün vacibdir”, - deyə Şəfiyev bildirib.

V.VƏLİYEV

Digər xəbərlər