2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi müasir beynəlxalq münasibətlər tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi təkcə bir dövlət başçısına göstərilən ehtiram deyil, eyni zamanda, Azərbaycanın sülhə, dialoqa və insan qardaşlığı ideallarına verdiyi töhfənin yüksək səviyyədə tanınmasının bariz nümunəsi oldu. Prezident İlham Əliyev dünyada Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və milli maraqlarını qətiyyətlə qoruyan güclü lider kimi qəbul olunur. Bu, dövlətimizin başçısının qüdrətli siyasətçi kimi beynəlxalq imicini formalaşdırıb. Prezident İlham Əliyevin siyasəti daxili sabitliyə, ölkənin inkişafına və Azərbaycanın mühüm regional aktor kimi tanınmasına yönəlib. Dövlətimizin başçısının qətiyyət, iradə, prinsipiallıq, alicənablıq kimi keyfiyyətləri bu strateji məqsədlərə çatmaq üçün əsas olub. Azərbaycana siyasətin davamlılığını, daxili sabitliyi və milli maraqların ardıcıl qorunmasını təmin etməyi bacaran bir lider – Prezident İlham Əliyev rəhbərlik edir.
Dövlət strategiyasını müəyyən edən bütün bu göstəricilərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi sevindirici haldır. Bunun bariz nümunəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən 2026-cı il “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidentinə verilməsidir. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyevə mükafat təqdim olunub. Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib: “Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan bir mükafatı almaq mənim üçün böyük şərəfdir. O, BƏƏ-ni dünyanın ən çiçəklənən və uğurlu ölkələrindən birinə çevirən böyük liderdir. Əziz qardaşım Şeyx Məhəmməd atasının siyasətini inkişafda, irəliləyişdə, davamlı modernləşmədə davam etdirir. Bu gün BƏƏ bir çox ölkələr üçün ölkəni necə dəyişdirmək, sülh və harmoniya içində yaşayan, tarixi kökləri ilə dərin bağlı olan, eyni zamanda gələcəyə baxan bir cəmiyyət qurmaq üçün, həqiqətən, bir nümunədir”.
Bu təltif Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini daha da gücləndirən tarixi hadisədir. Burada söhbət yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından getmir. Azərbaycan Prezidentinin siyasi fəaliyyəti bütövlükdə insan qardaşlığına və qlobal sabitliyə verdiyi töhfələrə görə hər zaman təqdir olunur. Nəzərə alsaq ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın da əsas mahiyyəti bu insani dəyərləri özündə ehtiva edir, bu mənada ali mükafat sülh və tolerantlığın daimi dəstəkçisi olan Azərbaycanın hər zaman humanizm prinsiplərinə sadiqliyinə verilən qiymət kimi dəyərləndirilməlidir.
Bu il yanvarın 9-da Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Görüş zamanı Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamın “Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir. Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın, həqiqətən, buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə, həqiqətən, təşəkkürümüzü bildiririk”, – deməsi də Prezident İlham Əliyevin sülh missiyasına verilən böyük dəyəri özündə ehtiva edir.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri